Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın uğurları bədxahlarımızı ciddi təşvişə salıb

Azərbaycanın uğurları bədxahlarımızı ciddi təşvişə salıb

Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü xarici siyasəti Azərbaycanın iqtisadi gücünü artırır, əhalinin sosial rifahı getdikcə yüksəlir, qüdrətli ordu formalaşır və ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası tanınmış ictimai-siyasi xadimlər tətəfindən də təqdir olunan model kimi qiymətləndirilrir. Bütün bu danılmaz faktları Fransanın “Opinion Way” şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri də təsdiqlədi. Sorğunun nəticələri dövlət başçısının daxili və xarici siyasətinin Azərbaycan xalqı tərəfindən necə diqqətlə izlənilməsinin sübutu kimi əhəmiyyətlidir. 

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və milli maraqlara söykənib. Son 16 ildə həyata keçirilən daxili və xarici siyasət Azərbaycanı iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevirib. Bu ilin əvvəlindən başlanan islahatlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Xalq ötəniliki prezident seçkilərində düzgün seçim etdiyini bu gün gündəlik həyatında hiss edir və görür. 
 Ölkəmiz hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuş, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olmuş və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da genişləndirmişdir. Azərbaycanın bu il dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etməsi hər birimizdə qürur hissi yaradır və bu fakt ölkəmizin dünya birliyində reytinqinin daha da yüksəlməsindən xəbər verir. Qarşıdan gələn 3 il ərzində –2022-ci ilə qədər Azərbaycan 120 ölkənin adından beynəlxalq tribunadan danışmaq hüququ əldə edəcək. 
Azərbaycanın dünya birliyində söz sahibinə çevrilməsi, Avropa İttifaqının bir çox ölkələri ilə əlaqələrini daha da genişləndirməsi, bu nüfuzlu qurumla strateji tərəfdaşlıq sazişinin hazırlanması ölkəmzin Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Ölkəmizin müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsi, habelə qarşıdan gələn dövrdə bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmaq üzrə olması bədxahlarımızı ciddi təşvişə salıb. Əlləri hər yerdən üzülən antiazərbaycan qüvvələr çıxış yolunu ölkəmizə, onun rəhbərliyinə qarşı qarayaxma kampaniyasında görür. Düşünürlər ki, bu yolla beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdıra bilərlər. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə də respublikamızın inkişafına olan qısqanclıqdan irəli gəlib. Belə qərəzli qətnamələr həm də təzyiq vasitəsidir. Azərbaycan ictimaiyyəti, ekspertlər bildirmişlər ki, xarici antiazərbaycan və daxildəki “5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğu artıq çoxdan bəllidir. Buna görə də belə kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir.
Həm Ermənistanı, həm ermənipərəst qüvvələri, həm də “sapı özümüzdən olan baltaları” – xəyanətkarları, bütövlükdə antiazərbaycan dairələri təşvişə salan, ciddi narahat edən əsas amil Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş, ölkəmizlə bu qurum arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması bu nüfuzlu quruma üzv dövlətlərlə strateji tərəfdaşlığı genişləndirməyimizi gözü götürməyən qüvvələri niyə təşvişə salıb? Ermənistan tərəfinin təşvişə düşməsi aydındır. İşğalçı ölkəni təşvişə salan əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının artıq dünya birliyi, mötəbər qurumlar tərəfindən qəbul olunmasıdır. İşğalçı dövlət öz məqsədinə çatmaq üçün Avropa İttifaqına üzv, antiazərbaycan qüvvələrdən, hətta yerli satqın və xəyanəkarlardan istifadə etməyə, müxtəlif vasitələrlə ölkəmizin artan reytinqinə xələl gətirməyə çalışır.
Belə xəyanətkarlar arasında Leyla Yunus və AXCP sədri Əli Kərimlidən də bir alət kimi istifadə edirlər. Bu günlərdə Leyla Yunus sazişin imzalanmasına mane olmaq üçün vay-şüvən salsa da, onun səsinə səs verən olmadı. Hər halda, milçək bir şey olmasa da, ürək bulandırmağı var. Eləcə də Əli Kərimli. O, ölkəmizin bu uğurundan, beynəlxalq aləmə inteqrasiyasından sevinmək əvəzinə, Avropa Birliyinin Bakıdakı səfiri ilə görüşündə Azərbaycanla Avropa Birliyi arasında hazırlanan sazişi müzakirə edib. Hətta bu sazişlə bağlı həm özünün, həm də qondarma Milli şura adından “təkliflərini” və narahatlığını səfir Kestutis Yankauskasın nəzərinə çatdırdığını bildirib. O, sazişin mətninə təsir etmək niyyətində olduğunu da gizlətməyib. Eləcə də, Leyla Yunus bu sazişin imzalanmasının əleyhinə olduğunu dilə gətirərək, digərlərini də bu sənədin imzalanmamasına qarşı mübarizəyə çağırıb. 
Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün həmişə, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Belələrinin sifarişlərini yerinə yetirən “Trensparency İnternational”, “Amnesty İnternational”,” Human Rights Watch”, OCCRP və digər bu kimi qurumlar, həmçinin sosial şəbəkə dələduzları, çirkli pullardan ötrü hər şeyini qurban verməyə hazır olan satqınlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yaymaqla heç nəyə nail ola bilməyiblər. Bu dəfə də xəbis niyyətlərini həyata keçirə bilməyəcəklər.
Bütün bunlar dövlət başçısının şəxsi iradəsi və siyasi uzaqgörənliyi ilə ölkədə çoxşaxəli islahatların davam etdirilməsinə, vətəndaşları narahat edən məsələlərin mərhələ ilə öz həllini tapmasına heç bir problem yarada bilmir. Beynəlxalq müstəvidə ard-arda uğurlara atılan imzaları, xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatı kimi mötəbər bir quruma sədrlik etmək məqamının yetişdiyi bir zamanda antiazərbaycan dairələrin fəallaşmasını təbii hal kimi qəbul etməliyik. Biz artıq buna bir növ vərdiş etmişik. Çünki zaman-zaman şahidi olmuşuq ki, mühüm siyasi hadisələr ərəfəsində suyu bulandırmaq istəyənlər dərhal peyda olurlar, ancaq heç vaxt istəklərinə nail ola bilməyiblər. Əmin olsunlar ki, bu dəfə də xəbis niyyətlərini həyata keçirə bilməyəcəklər. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

23 2019 13:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə