Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dillər Universitetində təqdimat

Azərbaycan Dillər Universitetində təqdimat

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ispan dili bölməsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat ADU-nun İspan Dili Mərkəzinin dəstəyi ilə təşkil olunub. Tədbiri açan informasiya agentliyinin ispan dili bölməsinin müdiri Nuridə Aslanova iştirakçılara AZƏRTAC-ın ispandilli veb-resursu haqqında məlumat verib. O qeyd edib ki, ölkəmizin həyatının bütün sahələrinə - iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial şəbəkələrdə yayılır.
Agentliyin ispan dili bölməsinin əməkdaşı Ülkər Əliyeva  geniş təqdimatla çıxış edib. O bildirib ki, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Agentlik rəsmi məlumatlarla yanaşı, fasiləsiz olaraq 8 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır. 
AZƏRTAC ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılması məqsədilə ispan dilində xəbər yayımına cari ilin yanvarından başlayıb. Agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparır, ispandilli ölkələrin xəbər agentlikləri – İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın IP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir. 
ADU-nun İspan Dili Mərkəzinin rəhbəri Nərgiz Mədətova AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Azərbaycan haqqında xəbərlərin ispandilli auditoriyaya doğru, operativ olaraq informasiyanın mənbəyindən ötürülməsi təqdirəlayiq haldır. İndiyədək ispandilli tərəfdaşlarımızla ünsiyyətdə olduğumuz zaman onlar Azərbaycan haqqında informasiyaların azlığından şikayət ediblər. Ümidvaram ki, AZƏRTAC-ın ispan bölməsi ispandilli əhalinin Azərbaycan haqqında informasiyaya tələbatını ödəyəcək. 
ADU-nun roman dilləri praktikası və nəzəriyyəsi kafedrasının müdiri Aynur Quliyeva AZƏRTAC-a açıqlamasında vurğulayıb ki, ispan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası, əsasən, Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr barədə məlumatların, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək.
İştirakçılara AZƏRTAC-ın fəaliyyətini əks etdirən ­videoçarx nümayiş olunub. 
Tədbirdə ADU-nun müəllim və tələbə heyəti iştirak edib.

 

23 2019 13:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə