Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rektor G.Gəraybəyli: “Daim sizləri dinləməyə hazıram”

Rektor G.Gəraybəyli: “Daim sizləri dinləməyə hazıram”

 Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli tələbələrlə görüşlərini davam etdirir. Görüşlərin məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onlara tədris prosesi və universitet həyatının daha rahat keçməsi üçün lazımi dəstək verməkdir. Bu dəfə rektorun 2-ci kurs tələbələri ilə görüşü baş tutub.

Professor G.Gəraybəyli xatırladıb ki, rektor təyin olunduğu ildən etibarən bu görüşləri keçirir. Tədricən görüşlərin formatı dəyişib, daha səmimi, açıq söhbətlər aparılıb: "Hətta qəbul günlərimdə də professor-müəllim heyətinin üzvləri ilə yanaşı, tələbələri də qəbul edirəm. Daim sizləri dinləməyə hazıram".

G.Gəraybəyli rektor təyin olunduqdan sonra tədris proqramlarının, tələbələrin qiymətləndirmə və tədrisin keyfiyyətinin artırılması istiqamətində işlər görüldüyünü deyib: “İlk növbədə xarici tibb fakültələri ilə sıx əməkdaşlıq etmişik. Çalışırıq ki, gələcəkdə tələbələrimiz başqa ölkə universitetlərinə transfer olunduqda çətinliklə qarşılaşmasınlar, ikili diplom proqramlarının yaranmasına kömək göstərək”.

Rektor qeyd edib ki, artıq üç ildir ATU-da imtahanlarda açıq tipli suallar olur, yay istehsalat praktikası isə semestr ərzində keçirilir. Bu ildən etibarən aralıq qiymətləndirmə sistemi də işə salınıb ki, bu da tələbələrin qiymətləndirməsinin şəffaflığına böyük təsir göstərir.

Görüş zamanı tələbələr tədris sisteminin daha da təkmilləşdirilməsi üçün müəyyən təkliflər irəli sürdülər. Bu təkliflərin bir qismi artıq universitet rəhbərliyi tərəfindən 1-ci kurslarda tətbiq olunur. Tələbələr həmçinin imtahan suallarının azaldılması, dərs proqramında təməl fənlərə daha çox vaxt ayrılması, mühazirələrin daha dolğun keçməsi üçün müəyyən təklifləri səsləndirdilər. Söhbət zamanı dərsliklərin yenilənməsi, imtahan dövründə kitabxananın gərgin iş rejiminə keçməsi, imtahanlar üçün konspektlərin hazılranması ilə bağlı fikirlər bildirildi.

Tələbələr həmçinin gələcəkdə magistraturada təhsil almaq istədikləri digər ixtisaslardan danışdılar. Bəzi məsələlərin həllinə dair rektor tərəfindən yerindəcə göstəriş verildi.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 15:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə