Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar Şəkiyə səfər ediblər

Oftalmoloqlar Şəkiyə səfər ediblər

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən regionlarda yaşayan əhaliyə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Həmin vaxtdan Mərkəzin avtomobil səyyar klinikası paytaxtda və respublikanın bir çox şəhər və rayonlarında aksiyalar həyata keçirir. 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı da fəaliyyətə başlayıb.

İndiyə qədər səyyar klinika vasitəsi ilə paytaxtda və bölgələrdə xeyli humanitar aksiyalar keçirilib. Görmə problemi olanlar müayinə edilib, onlara lazımi tövsiyələr verilib. Zərurət olan hallarda əməliyyatlar baş tutub. Bu dəfə oftalmoloqlar Şəkiyə səfər ediblər. Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikasının aprelin 17-də Şəkidə başladığı humanitar aksiya başa çatıb. İki gün davam edən aksiya zamanı 154 vətəndaşın gözü müayinə olunub.

Mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Qeyd etmək yerinə düşər ki, Mərkəz tərəfindən regionlarda yaşayan əhaliyə təmənnasız səyyar xidmətlərin göstərilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Sakinlərlə söhbət zamanı onlar davamlı olaraq həyata keçirilən belə humanitar aksiyaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Müayinələrdə iştirak edən Şəki şəhər sakini Fatma Hacıyeva, Kiş kəndindən Cəlal Mirzəyev və digər vətəndaşlar onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2019 12:47 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə