Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış jurnalist, yazıçı-publisistin yubileyi qeyd olundu

Tanınmış jurnalist, yazıçı-publisistin yubileyi qeyd olundu

Söhbət “Gəncənin səsi” qəzetinin baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” mükafatları laureatı, “Tərəqqi” medallı, Ali Media Mükafatçısı Rəfiqə Sadıqovadan gedir.

Tanınmış yazıçı-publisistin Gəncədə 70 illik yubileyinə həsr edilən “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçirilib. Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalından baş tutan gecənin təşkilatçısı Tərifə Abbasova  peşəkar jurnalist Rəfiqə Sadıqovanın həyat və yaradıcılığından bəhs edən video-çarxı tədbir iştirakçılarına təqdim edib.   

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Rəfiqə Sadıqovanın yaradıcılığından danışaraq  qeyd edib ki, o, əsasən mənəvi-psixoloji problemlərə üstünlük verir. Zərif yazar çoxsaylı sənədli hekayə, povest və publisistik məqalələrin, habelə, “Dünya beş günlük deyil…”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının müəllifidir.

Yazıçı-jurnalistə uğurlar arzu edən Xəzangül Hüseynova Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın adından yubilyara Fəxri Diplom təqdim edib.        

Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Həsən Məmmədov daim sadəliyi və səmimiliyi ilə seçilən, iti qələmi olan Rəfiqə Sadıqovanı təbrik edərək bildirib ki, o, şəhərin ictimai-siyasi həyatında daim yaxından iştirak edir.Şəhər icra hakimiyyətinin başçısı qəzetin redaktorunu yubileyi münasibətilə Fəxri fərmanla təltif edib.        

Gecədə Rəfiqə Sadıqovanın ömür-gün yoldaşı Həsənbala Sadıqov, yazıçı Nüşabə Məmmədli, yazıçı-həkim Tamara İslamqızı, «Novosti Gyandji» qəzetinin baş redaktoru İrina Kalaşnikova, qəzetin əməkdaşlarından  Fərruxə Umarova Fatma Cəfərova, yazıçı Qərib Mehdi, jurnalist Qalib Rəhimli, teatrşünas-tənqidçi Anar Bürcəliyev, və başqaları çıxış edərək yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Qeyd olunub ki, Rəfiqə Sadıqovanın yazıları daim üslub rəvanlığı, forma mükəmməlliyi, faktların dəqiqliyi ilə seçilib. Onun istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də elm və təhsillə bağlı xəbərləri eyni peşəkarlıqla, eyni həvəslə yazılıb oxucuya təqdim edilir.

Gecədə Gəncə Dövlət Dram Teatrının aktrisası Rahilə Məmmədova Rəfiqə Sadıqovanın "Nigaran qalacağam" adlı romanından bir parça səsləndirib.

Yubiley gecəsi Gəncə Dövlət Filarmoniyasının solistləri Xəyal Əliyevin, Şirxan Cahangirovun, 4 saylı musiqi məktəbi yetirmələrinin təqdimatında xalq və bəstəkar mahnıları ilə davam edib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
  

22 2019 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə