Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

«Mən aqrar universitetin tələbəsiyəm!»

Vaxt var idi bəziləri qürurla « Mən Azərbaycan Dövlət Universitetinin tələbəsiyəm», «Mən tibb universitetinin tələbəsiyəm» deyəndə aqrar sahəni seçənlər bir qədər tərəddüd edirdilər. Ona görə yox ki, bu sahəyə maraq az idi. Sadəcə bu universitetdə lazımı şərait yox idi, neqativ hallar baş alıb gedirdi, tələbələrin məişət şəraitindən isə söhbət belə gedə bilməzdi. Amma son beş ildə vəziyyət kökündən dəyişdi.

Ölkə prezidenti aqrar sahənin, ilk növbədə onun kadrla təmin olunmasının vacibliyini nəzərə alaraq bir sıra inqilabi dəyişikliklərin baş verməsinə şərait yaratdı.Aqrar universitetin maddi-texniki bazası kökündən yaxşılaşdırıldı, tədris- məişət şəraiti Avropa standartlarına uyğun tamamilə yenidən quruldu. Ölkə başçısı özü iki dəfə universitetə baş çəkib həmin komplekslərin açılışını etdi. Beş il qabaq rektor da dəyişdirildi. İbrahim Cəfərov kimi yüksək təşkilatçılıq qabiliyyətinə malik, daim yeniliyə can atan və onu tətbiğ edən, hər cür neqativ hallara qarşı barışmaz bir adam olan, tələbələrin və müəllimlərin maddi-mənəvi həvəsləndirmə işini kökündən yaxşılaşdıran bir şəxsin rektor təyin edilməsi Ölkə Başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla nəticələnməsinə şərait yaratdı…

 İndi budur, 2018/2019-cu tədris ili başlayır və Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qəbulunun nəticələri ölkəmizdə aqrar sahə üçün mütəxəssis hazırlığının səviyyəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Bunun ilk əlaməti olaraq əvvəlki tədris illəri ilə müqayisədə universitetə qəbul olan tələbələrin sayı və orta balın əhəmiyyətli dərəcədə artmasını göstərmək olar. Şübhəsiz ki, əldə olunan bütün müsbət nətcələrin əsasında Prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə qayğısı durur. Bu istiqamətdə həyata keçirilən tədbirlərə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, kənd təsərrüfatı ixtisaslarına yalnız dövlət sifarişi ilə və ödənişsiz əsaslarla tələbə qəbulunun aparılması, xüsusilə cari tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə əlavə təqaüdlərin verilməsini, şəffaf təhsil mühitinin formalaşmasını göstərmək olar. Dövlət Başçısının göstərişi ilə 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 400-499 bal toplayan tələbələrə aylıq təqaüdlərindən əlavə 100 manat, 500 və daha çox bal toplayanlara 200 manat məbləğində təqaüdün verilməsi qəbulun nəticələrinə ciddi təsir göstərən amillərdən biri oldu.

 Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov deyir ki, son illərlə müqayisədə cari ildə rekord həddə-1296 nəfər ADAU-nun tələbəsi adını qazanıb. Stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olmuşdur.

Diqqəti cəld edən məqamlardan biri də qəbulun strukturunda kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların xüsusi çəkisinin artmasıdır. Qeyd olunan göstərici 2016/2017-ci tədris ilində 41,5 faiz, 2017/2018-ci tədris ilində 54,5 faiz, 2018/2019-cu tədris ilində isə 59,4 faiz olmuşdur. Şübhəsiz ki, yeni kənd təsərrüfatı ixtisaslarının açılması bu göstəricinin gələcəkdə daha da artmasına səbəb olacaqdır. Artıq cari tədris ilindən etibarən bakalavriat səviyyəsində “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik” və “şərabçılıq” kimi ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılmışdır ki, bu da aqrar sahədə əmək bazarının tələbləri baxımından mühüm əhəmiyyət daşıyır.

  Universitetə tələbə axınının kütləvi xarakter almasının əsasında duran ən mühüm amillərdən biri dünya standartlarına cavab verən Tələbə evlərinin istifadəyə verilməsidir. Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərləri çərçivəsində açılışlarında iştirak etdiyi 2 tələbə Evi respublikamızın müxtəlif bölgələrindən olan 1040 tələbənin yaşayışını təmin edir. Aylıq yaşayış xərci 35 manat, bütün zəruri şəraitləri (akt zalları, idman zalları, valideyn otaqları, kitabxanalar, həkim otaqları, yeməkxanalar, mətbəxlər, mağazalar, bərbərxanalar, camaşırxanalar və s.) təmin olunan bu Tələbə evləri xüsusilə uzaq rayonlardan olan tələbələr üçün sevimli məkana çevrilmişdir. Hər bir tələbənin öz evi kimi münasibət bəslədiyi bu məkanda təmizlik, səliqə və səhman ən yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası, Şəki, Qəbələ, Qax, Ağsu, İsmayıllı, Qobustan, Xızı, Siyəzən, Şamaxı, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Beyləqan, Biləsuvar, Masallı, Neftçala, Salyan, İmişli, Hacıqabul, Cəlilabad, Saatlı, Sabirabad, Lənkəran, Yardımlı, Lerik, Ağdam, Ağdaş, Fizuli, Gədəbəy və digər rayonlardan, Bakı və Sumqayıt şəhərlərindən olan tələbələrin Evlərdə yaşayış yeri ilə təmin edilmələri həmin bölgələr üzrə təhsil alan tələbələrin sayının ilbəil artmasına səbəb olur.

   Təqdirəlayiq haldır ki, Tələbə evləri artıq beynəlxalq mübadilə proqramları çərçivəsində universitetdə təhsil alan, tədbirlərdə iştirak edən əcnəbi tələbələrə də xidmət göstərir. 2018-ci ilin 14-28 iyul tarixlərində universitetdə keçirilmiş “Davamlı inkişaf hədəfləri” adlı 1-ci beynəlxalq yay məktəbinin 11 ölkədən olan 34 iştirakçısının yaşayışı məhz Tələbə evlərində təmin olunmuşdur. Beləliklə, həyata keçirilən məqsədyönlü tədbirlər özünü tələbə qəbulunun nəticələrində göstərir. Bu nəticələr keyfiyyətli aqrar təhsilə və gələcəkdə aqrar sahənin rəqabət qabiliyyətli mütəxəssislərə olan tələbatının ADAU məzunları hesabına ödənilməsinə tam təminat verir.

 İndi Aqrar universitet beş-on il əvvəlki universitet deyil. İndi onun tələbəsi də o tələbə deyil. İndi bu tələbə qürurla «Mən aqrar universitetin tələbəsiyəm!» deyə bilir...

 

         Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

 

 

31 Avqust 2018 14:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə