Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son bir ilin ən mühüm layihələri ölkəmizin nüfuzunu daha da artırıb

Son bir ilin ən mühüm layihələri ölkəmizin nüfuzunu daha da artırıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il ərzində sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilib. Ötən il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda respublikamız 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutub. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatında isə Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutub.

Şübhəsiz ki, bu dəyərləndirmələrdə Azərbaycanın sosial-iqtisadi sahələrinin inkişafını sürətləndirən bir sıra önəmli layihələr mühüm rol oynayıb. Həmin layihələr sırasında “Azərspace 2” peykinin orbitə buraxılması mühüm tarixi hadisəyə çevrilib. 
Xatırladaq ki, bu, müstəqil Azərbaycanın “Azerspace 1” telekommunikasiya və “Azersky” müşahidə peyklərindən sonra orbitə çıxan sayca 3-cü peyki olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq səviyyədə təqdir edilən uğur göstəricisidir. Bu uğur isə bir daha təsdiqləyir ki, son 16 il ərzində ölkəmizdə kosmik sənayenin yaradılmasına, telekommunikasiya peyklərinin orbitə çıxarılmasına, ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilib.
Yeri gəlmişkən, “Azerspace 2” peyki ABŞ-ın “Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Bu peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək. Peyk hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Burada diqqətçəkən məqam, həm də odur ki, dəyəri 190 milyon dollar olan “Azerspace 2” peykinin respublika iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılıb.
Prezident İlham Əliyevin 3-cü peykimizin orbitə göndərilməsi münasibətilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan götürüb. Eyni zamanda, qısa bir müddət ərzində dünyanın kosmik klubunun üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edib, respublikamız dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyib və bu, hazırda da davam edir.
Ötən ilin ən yaddaqalan hadisələrindən biri də 2018-ci il mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması olub. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Burada Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib. Bu liman Asiya-Avropa xəttində logistik xidmətin mühüm hissəsini təşkil edir. Onun “Bir qurşaq, Bir yol” proqramının reallaşmasında vacib rol oynayacağı haqqında yüksək səviyyədə fikirlər səslənir.
Ötən il nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla reallaşıb. Xatırladaq ki, TANAP-la Türkiyəyə bu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri cari ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.
Geosiyasi əhəmiyyəti çox böyük olan TANAP daha geniş bir proqramın – Cənub Qaz Dəhlizinin tərkib hissələrindən biridir. Həmin Dəhlizin rəsmi açılış mərasimi ötən il mayın 29-da Səngəçal terminalında olub və o gün Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. 

 

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Azərbaycanın uğurlu layihələrindən biri olan Dövlət Neft Şirkətinin “Star” neft emalı zavodu da ötən il istifadəyə verilib.

Müəssisənin açılışı 2018-ci il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə reallaşıb. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən “Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. Cari ildən etibarən tam gücü ilə işləyəcək müəssisədə ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.

2018-ci il iyulun 18-də isə Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer”in polipropilen zavodu istifadəyə verilib. Müəssisədə homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur.

Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer”in fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.

Yollar Azərbaycandan keçir...

Ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi dövlət başçısının apardığı iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bununla bağlı görülən işlər, həyata keçirilən layihələr respublikanın ümumi inkişafını sürətləndirir.

Ötən il ərzində ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilib, 2 min kilometrdən çox avtomobil yolu salınıb, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilib. Ümumilikdə isə 2004-cü ildən indiyədək 20 min kilometrə yaxın avtomobil yolu istifadəyə verilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb.

Əhalinin rahatlığı ilə bərabər, istifadəyə verilən yol və körpülər bölgələrdə sahibkarlığın və turizmin inkişafını sürətləndirərək, iqtisadi canlanmaya zəmin yaradıb.

Ötən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astaraya qədər olan hissəsinin tikintisinin tamamlanması da əhəmiyyətli hadisə kimi yadda qalıb.

Yeri gəlmişkən, hesabat dövründə Azərbaycanın dəmir yollarının yenilənməsi də davam etdirilib. Bu müddətdə 220 kilometrlik əsaslı təmir işləri aparılıb, o cümlədən, Bakı-Böyük-Kəsik dəmir yolu xəttində 82,6 kilometr baş yol əsaslı təmiri başa çatdırılıb, xaricdən 56 müxtəlif təyinatlı lokomotiv alınaraq ölkəyə gətirilib.

Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, regionlarda turizmin inkişafına xidmət edəcək Ləki-Qəbələ dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 kilometrdən çox yol çəkilib və hazırda işlər davam etdirilir.

İslahatlar davam edir...

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hazırda davam etdirilən islahatların əsas hədəfi respublikada mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır.

Ölkə rəhbəri son çıxışlarında islahatların bundan sonra da davam etdirilməsi zəruriliyinə toxunub. Bildirib ki, Azərbaycan daha güclü olmalıdır. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı müsbət nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb: “Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.

Bəli, respublikada iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunda rəqabətqabiliyyətli, eyni zamanda, ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks islahatlar barədə sözügedən “Doing Business 2019” təhlilinə görə Azərbaycan hazırda dünyada 10 ən islahatçı ölkə sırasındadır.

Bütün əldə edilən bu və ya digər uğurlar isə Azərbaycanda mənəvi ab-havanın yaxşılaşmasını, dövlətə, onun rəhbərinə etimadın daha da artmasını şərtləndirir.

 Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

20 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə