Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhkəmələr 300 minədək işin icraatına xitam vermişdir

Məhkəmələr 300 minədək işin icraatına xitam vermişdir

Dünyada maliyyə və iqtisadi böhranın tüğyan etdiyi, bir sıra iri şirkətlərin öz fəaliyyətlərini dayandırdığı bir vaxtda Azərbaycanda iri infrastruktur layihələrinin reallaşdırılması, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Son illər imzalanan fərman və sərəncamlar, həyata keçirilən islahatlar, dövlət idarəçiliyindəki yeniliklər bir daha təsdiqlədi ki, ölkəmizdə əhalinin rifahını daha da yüksəltmək, sosial müdafiəsini və həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Son dövrdə ölkə başçısının bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Respublikamızda maliyyə imkanlarının genişlənməsi, iqtisadi inkişaf templərinin artması digər sahələr kimi, əhalinin xarici valyutada olan borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Dövlət başçısının insan amilinə verdiyi yüksək dəyər problemli kreditlərin yaratdığı narahatlığa, məhkəmə çəkişmələrinə birdəfəlik son qoydu.
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident 
İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının dünyada analoqu olmadığını dedi. Bildirdi ki, son illər ölkəmizdə problemli kreditlərlə bağlı məsələ gündəmdə idi. Xarici valyuta ilə götürülmüş kreditlər uzun illər idi ki, əhalini ciddi narahat edirdi. Təxminən 800 min insan bu problemlə qarşılaşmışdı:
 “Ümid edirdim ki, cənab Prezident problemli kreditlərin həlli istiqamətində mütləq qətiyyətli addım atacaq. Çünki dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursun əsasını insan amili təşkil edir. Digər tərəfdən, cəmiyyətimizin bəlasına çevrilən problemli kreditlər məsələsi yalnız maddi deyil, həm də mənəvi bir problemə çevrilmiş, insanların həyatında, məişətində ciddi çətinliklər yaratmışdı. Bütün bunlar bu il fevralın 28-də ­Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmanla öz həllini tapdı. Bu fərmanın imzalanmasından sonra məhkəmədə olan 300 minə yaxın işin icraatına xitam verildi. Ölkənin sosial həyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edən, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi”.
Ç.Qənizadə dedi ki, 2015-ci ildə manatın devalvasiyası vətəndaşları banklarla bağlı böyük problemlə üz-üzə qoymuşdu. Bu müddət ərzində yüz minlərlə vətəndaş məhkəmə çəkişmələri ilə üzləşmişdi. Problem ildən-ilə dərinləşir, narazılıqlar artırdı. Səbəb aydın idi: “Vətəndaş götürdüyü kredit məbləğindən bir neçə dəfə artıq maliyyə yükü altına düşmüşdü. Cənab Prezidentin bu məsələ ilə əlaqədar imzaladığı fərmanında isə vətəndaşların üzərinə yığılmış bu yükün tam aradan qaldırılması öz əksini tapdı. Məlum fərmanda bildirilir ki, 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21- dək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək. Bu fərman qüvvəyə minəndən sonra problemli kreditlərlə bağlı bütün məhkəmə işlərinə xitam veriləcəyi , güzəştlər tətbiq ediləcəyi şübhəsiz idi. Çünki dövlət başçısının imzaladığı fərmanda məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alırdı. Fərmanın 6.2 maddəsində qeyd edilir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
8.10 maddəsində isə məhkəmədə olan işlərin geri çağırılmasına aydınlıq gətirilir: “Məhkəmədə olan işlərin geri çağırılması dedikdə, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur”.
Ç.Qənizadə bu məsələnin artıq öz həllini tapdığını bildirdi. Dedi ki, məhkəmələrdə problemli kreditlərlə bağlı yüz minlərlə işə baxılırdı, çoxlu sayda insan hətta həbs cəzası almışdı. Bu məsələ ilə bağlı Ali Məhkəmədə keçirilən müşavirədə mən də iştirak edirdim. Müşavirədə də qeyd edildi ki, bu sənədin icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb. Artıq bu problem aradan qaldırıldı və qeyd etdiyim kimi, 300 minə yaxın işin icraatına xitam verildi. Göründüyü kimi, cənab Prezidentin imzaladığı fərmandan irəli gələn tələblər yüksək səviyyədə yerinə yetirildi. Məndə olan məlumata görə, 2018-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə 3107 qərar qəbul edilib”.
Ç.Qənizadə dedi ki, problemli kreditlərlə bağlı icraatına xitam verilmiş işlər hazırda məhkəmələrdə olan, baxılıb qurtarmış və icraya yönəldilmiş işlərdir: “Hesab edirəm ki, məhkəmələr bu məsələlərin dayandırılmasında tamamilə düzgün qərar qəbul ediblər. Məhkəmənin bitməsi hələ icraya yönəldilmək demək deyil. Çünki hər bir vətəndaşın digər məhkəmə instansiyalarına şikayət etmək hüququ var. Cənab Prezidentin məlum fərmanı bütün bu narahatlığa birdəfəlik son qoydu”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

20 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə