Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat və mədəniyyətimizin hamisi

Ədəbiyyat və mədəniyyətimizin hamisi

Dövlətimizin başçısı cənab İlham Əliyev son 16 ildə klassik və müasir ədəbiyyatımızın inkişafına, yazıçı və şairlərimizin yubileylərinin təşkilinə, ədəbiyyatımızın beynəlxalq miqyasda təbliğinə böyük önəm verib. Möhtərəm Prezident tərəfindən indiyədək Nizami Gəncəvi, Məhsəti Gəncəvi, M.F.Axundov, Xurşidbanu Natəvan, M.Ə.Sabir, Hüseyn Cavid, Rəsul Rza, İlyas Əfəndiyev, Almas Yıldırım, Mikayıl Müşfiq və digər görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi barədə müvafiq sərəncamlar imzalanıb. Bir sıra yaşlı şair və yazıçı ömürlük Prezident təqaüdü ilə təmin olunub. Gənclərin isə yaradıcılıq imkanlarının üzə çıxması məqsədilə onlara birillik təqaüdlər verilib və 10 ildən çoxdur ki, bu, davam edir.

Bunlardan başqa, dövlət başçısı indiyədək bir sıra şair və yazıçıları mənzillə təmin edib, onlara müalicə və s. məsələlərdə qayğısını əsirgəməyib. Bədii əsərlərin çapına, təbliğinə şərait yaradıb. Klassiklərin sovet dövründə kiril əlifbası ilə dərc olunan əsərləri yenidən latın əlifbası ilə işıq üzü görüb. Müntəzəm olaraq kitab sərgiləri keçirilib. Şübhəsiz ki, bütün bunlar ədəbiyyatın yeni intibahı üçün geniş imkanlar açıb.
Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti də son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu sahə ilə bağlı qəbul olunan dövlət proqramları mədəniyyətin inkişafını şərtləndirib. Demək olar ki, bütün mədəniyyət obyektləri təmir edilib, yeniləri istifadəyə verilib. Mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində mühüm layihələr gerçəkləşdirilib. Hələ 10 il bundan əvvəl Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması, baş şəhərimizin ənənəvi mədəniyyətlərarası dialoq və humanitar forumlara evsahibliyi etməsi kimi çoxsaylı tədbirlər zəngin milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanınmasında önəmli rol oynayıb. 
Yeri gəlmişkən, ötən illər ərzində mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müstəsna xidmətlər göstərib. Fond tərəfindən muğam sənətimizin inkişafı, mədəniyyətimizin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği yönündə çoxsaylı tədbirlər keçirilib. Paytaxtda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilən Xalça Muzeyi fəaliyyətə başlayıb. 
UNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunan möhtəşəm tədbir, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılış mərasimi, Fransa senatının muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsərinin nümayişi, Paris və ­Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilərin reallaşdırılması, Romada mütəfəkkir şair Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə çevrilib. 
Bir məsələni də xüsusi qeyd etməyi zəruri bilirəm. Sözügedən dövrdə bir sıra görkəmli şəxsiyyətin, o cümlədən Tiflisdə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldilib. Cavad xanın qəbri üzərində məqbərə ucaldılıb. Bununla yanaşı, müqəddəs ocaqlarımız – Mərdəkanda 16-cı əsrə aid “Pir Həsən” ziyarətgahı, Binədə “Möhsün Səlim”, Buzovnada “Cümə” məscidləri, Bakıda “Müqəddəs Məryəmin miladı” kilsəsi əsaslı təmir olunub. 
Azərbaycanın digər tarixi abidələri, maddi mədəniyyət ocaqları da yüksək keyfiyyətlə bərpa və təmir olunub. Dövlət başçısının sərəncamı ilə Keşikçidağ, Yanardağ, Xınalıq, Atəşgah tarixi-mədəni qoruq kimi elan olunub. Qobustan qoruğunun yeni inzibati binasının və müasir texnologiya ilə təchiz edilmiş ekspozisiyasının açılışı reallaşıb. “Qala” Dövlət Qoruğunun bazasında “Qala” Etnoqrafik Muzey Kompleksi yaradılıb. 
Azərbaycanda muğam sənəti yeni inkişaf mərhələsinə daxil olub. Mehriban xanım Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub, 2008-ci il dekabrın 27-də isə modern memarlıq üslubunda ucaldılan Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirilib. 
Bu məqamda bir müddət bundan əvvəl Prezident İlham Əliyevin Ağdama növbəti səfərində Quzanlı qəsəbəsində milli memarlıq üslubunda inşa olunmuş Muğam Mərkəzi ilə tanışlıq zamanı dediyi sözləri xatırlatmaq istərdim: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın, demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsi ilə bütün dünya da görür…”.
Ədəbiyyatımız, mədəniyyət və incəsənətimiz bu gün dövlət qayğısı ilə əhatələnib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə də bunun bir daha şahidi olduq. Bir daha gördük ki, ölkə rəhbəri sənətə yüksək dəyər verir, sənətkarlara həssaslıqla yanaşır, onlara böyük diqqət və qayğı göstərir. Təbii ki, bu, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərini sevindirir, onları yeni yaradıcılıq axtarışlarına ruhlandırır.

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-dramaturq

 

20 2019 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə