Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq – iqtidar” birliyinin Azərbaycan modeli

“Xalq – iqtidar” birliyinin Azərbaycan modeli

Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə – iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bəri başdan qeyd edək ki, həmin nümunə formalaşdırılmayıb, məhz formalaşıb. Yəni belə bir nümunənin yaradılması qarşıya məqsəd qoyulmayıb. Sadəcə, xalqın öz iqtidarına olan inam və etimadı, iqtidarın isə xalqa, ölkə vətəndaşlarına münasibəti səmimi, insani məzmun kəsb etdiyinə görə belə bir nümunə ortaya gəlib. Yeri gəlmişkən, bir neçə il əvvəl bəzi qəzetlərdə verilmiş “Azərbaycan dünya ölkələrinə nümunə göstərir” adlı yazı sərlövhəsinə münasibət bildirən Prezident İlham Əliyev qəti şəkildə etiraz etmişdi ki, biz heç kəsə nümunə göstərmək istəmirik, sadəcə öz üzərimizə düşən, xalqın mənafeyinə cavab verən vəzifələri yerinə yetiririk. Ölkəmizdə yüksək səviyyədə bərqərar olmuş “xalq – iqtidar” birliyi də məhz hərənin öz vəzifəsini layiqincə yerinə yetirməsi prosesinin nəticəsi kimi ərsəyə gəlib.

Bu birlik ölkəmizdə 1993-cü ilin yayından etibarən keçirilmiş seçki və referendumlarda da özünü göstərib, dövlətin gündəlik fəaliyyətinin bütün istiqamətlərinin dəstəklənməsində də. Əgər həmin ictimai-siyasi proseslərdə xalq dövlətin mövqeyini dəstəkləyib, ona inam nümayiş etdiribsə, ölkə vətəndaşlarının bütün problemlərinin həlli zamanı da dövlət öz vətəndaşının yanında olub. Münasibətlər qarşılıqlı səmimi olanda isə indi haqqında söz açdığımız birlik yaranır.

Mən bu yazıda dövlət başçımızın saytının ( president.az) “Prezidentə yazırlar” bölməsindən götürdüyüm bəzi müraciətlərdən də istifadə etmək istəyirəm. Məsələn, bir neçə gün əvvəl -- aprelin 18-də dövlət başçımızın ünvanına Lerikdən gəlmiş məktubda deyilir: “Cənab Prezident, mən Lerik rayonunun uzunömürlülər kəndi olan ucqar Barzavu kəndində yaşayıram. Məşhur uzunömürlü – 168 il yaşamış Şirəli Müslümovun qızıyam.

Bu ilin əvvəlində imzaladığınız sosialyönümlü sərəncam və fərmanlar respublikanın 10 milyonluq əhalisinin böyük bir qisminə şamil olunur. Bu sənədlərdə əksini tapan məsələlərin icrası mənim özümə və ailəmin hər bir üzvünə müsbət təsirini göstərməkdədir.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və çox hörmətli Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Sizə və ailə üzvlərinizə atam Şirəli Müslümov qədər ömür sürməyi arzu edirəm.

Hörmətlə,
Qənbərova Həlimə Şirəli qızı”.

Yaxud, həmin gün Ağdamın Mahrızlı kəndindən gələn məktubda deyilir: “Mən Xocalıdan məcburi köçkünəm və şəhid ailəsinin üzvüyəm. Son illər müstəqil Azərbaycanın qazandığı uğurlar hər bir azərbaycanlı kimi məni də sevindirir. Biz ailəlikcə öz dövlətimizlə fəxr edirik. Uzun müddətdir ki, doğma yurd-yuvamızdan ayrı düşsək də inamımızı itirmir, Xocalıya qayıtmaq arzusu və ümidi ilə yaşayırıq.

Hazırda Ağdamın Mahrızlı kəndində məskunlaşmışıq. Düşmənin ağır artilleriya atəşi nəticəsində yaşadığımız bina qəzalı vəziyyətə düşmüşdü. Sizin 2018-ci il 5 noyabr tarixli sərəncamınıza əsasən, ayrılmış vəsait hesabına Ağdamda qəzalı vəziyyətdə olan evlər bərpa olunur və yeni evlər tikilir.

Cənab Prezident, Sizə ­sonsuz təşəkkürümüzü bildiririk. Sizin siyasətiniz nəticəsində Azərbaycan bütün dünyada tanınır. Azərbaycanın peykləri göylərdə uçur. Bu xoşbəxtliyin təməlini qoyan, bu xalqın adını, soyunu dünyada, imzasını imzalar içində tanıdan ulu öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik.

Hörmət və ehtiramla: Mirzəliyev Emil Cəmil oğlu, Ağdam rayonu, Mahrızlı kəndi”.

Aprelin 19-da Astaradan gəlmiş məktuba nəzər salaq: “Hörmətli Prezident. Ölkəmizin bütün regionlarında olduğu kimi, Astara rayonunda da infrastrukturun müasir standartlar səviyyəsində qurulması üçün verdiyiniz sərəncamlar Azərbaycan Respublikasının ümumi inkişafına bir töhfədir.

Rayonumuzun ucqar dağ kəndlərinin elektrik enerjisi ilə təchizatı barədə bu yaxınlarda imzaladığınız sərəncam da bu qəbildəndir. Bu, həm də onu göstərir ki, Siz heç kimi diqqətdən kənarda qoymursunuz.

Möhtərəm Prezident, xalq gördüyünə dəyər verir. Sizin işləriniz göz qabağındadır. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə: Sultanov Sədayət Hidayət oğlu, Astara rayonu, Ojakəran kəndi”.

Bu qəbildən olan məktublar onlarcadır və onların hamısında qələmə alınan əsas fikir ondan ibarətdir ki, İlham Əliyev gücünü xalqından alır və xalqın şəriksiz, şəksiz lideridir. Qeyd edilir ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də ­Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Ötən ilin aprel ayında keçirilmiş seçkilərdən sonra ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib.

Ekspertlər yazırlar ki, dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim onunla təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Fevralın ilk günlərində Dağlıq Şirvanın bir neçə rayonunda baş vermiş zəlzələdən dərhal sonra Şamaxı və Ağsu rayonlarına səfər edən dövlət başçımızın həmin addımı təkcə təbii fəlakətlə üzləşmiş rayonlarda deyil, ölkənin hər yerində yüksək qiymətləndirilmişdi. Prezidentin zərərçəkmiş insanların yanında olmasını yüksək qiymətləndirən Şamaxı sakini Süburə Həsənova jurnalistlərə verdiyi müsahibədə deyib: “Prezidentimizin sakinlərlə görüşündə “Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır” – deməsi hamı kimi mənim də qəlbimdə iftixar hissi doğurdu. Hiss etdik ki, tək deyilik. Dövlətimiz, Prezidentimiz həm xoş, həm də dar günümüzdə bizimlə bir yerdədir”.

Zəlzələdə dağılmış evi cəmi bir ay müddətində yüksək keyfiyyətlə tikilib təhvil verilməsindən ürəkdolusu danışan Saray nənə sevincini bu cür ifadə edib: “Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Bunu sevimli Prezidentimizin Qadınlar bayramı münasibətilə mənə hədiyyəsi kimi qəbul etdim”.

Kütləvi informasiya vasitələrində oxuyuruq: “Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar komissiyanın yaradılması, yanğın nəticəsində zərərçəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” – fikrini təsdiq edir”.

Dövlət başçımızın bu qəbildən olan addımları heç kəsin nəzərindən yayınmır. Məsələn, “Facebook” dostumuz, həmkarımız, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova yazır: “Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşdə çıxış etdiyi tribunanı tərk edərək zalın içərisinə, gəzməyə çətinlik çəkən şəhid anasının yanına getməsi, onun əlindən və ağ saçlarından öpməsi milyonlarla insanın yaddaşına birdəfəlik yazıldı. Prezident həmin addımı ilə bu ölkədə kimin daha böyük ehtirama layiq olduğunu bir daha göstərdi”.

Daha bir dostumuz, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov öz “feysbuk” hesabında yazır: “2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxış edən Prezident
İlham Əliyev yeni islahatların aparılacağının anonsunu vermişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Bu gün artıq Azərbaycanda islahatların yeni bir dalğasının başlandığını hər yerdə, hər addımda hiss edirik. Prezident islahatlarla bağlı vədinə əməl edir və cəmiyyətdə bu islahatların müsbət nəticələrinə böyük ümid və inam var. Bəzi marginal qüvvələri, radikal ünsürləri nəzərə almasaq, vətəndaşlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və dəstəkləyir. Bunu Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu da sübut edir. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənov “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsində qeyd edir ki, cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” –  ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazanıb:

“Cənab İlham Əliyev prezidentliyi dövründə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparıb. Onun müvafiq fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilmiş, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılıb. Bu mərkəzlərə 2013–2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olmuş, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Dünyada Azərbaycanın brendi kimi tanınmış “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq edilir. Prezident
İlham Əliyev 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”ni (DOST) yaradıb”.

Təbii ki, bütün bunlar xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçün, ölkə vətəndaşının daha da firavan yaşamasının təmin edilməsi üçün atılan addımlardır. Son nəticədə isə həmin addımlar “xalq – iqtidar” birliyinin möhkəmlənməsini təmin edir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

20 2019 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə