Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YANĞIN

Eyni mövzuya fərqli yanaşma

YANĞIN

Diqlas ticarət mərkəzi və ...Notr-Dam kilsəsi. Bu iki obyekti yanaşı yazmaq və hansısa paralellər aparmaq bir qədər təəccüblüdür. Elə deyilmi? Biri ticarət obyektidir, digəri səkkiz əsrlik tarixi abidə. Lakin bu iki obyekti birləşdirən ümumi məqam var: Diqlas ticarət mərkəzi də, Notr-Dam kilsəsi də alovun qurbanı oldu. Obyektlərin maddi və bəşəri dəyəri arasında nəhəng fərq olmasına rəğmən alov hər ikisini də ağuşuna aldı. Amma hər iki alov hadisəsinə Azərbaycanda və Fransada sərgilənən fərqli davranış və münasibətlər bəzi həqiqətləri ortaya çıxarmağa imkan verdi.

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsərinə yenidən marağın artdığı bildirilir. Kitab evləri belə bir marağın artmasını aprelin 15-də 856 illik Notr-Dam kilsəsində baş vermiş güclü yanğın hadisəsi ilə əlaqələndirirlər. İnsanları böyük fransız yazıçının məşhur kilsə barədə yazdıqları maraqlandırır və oxucular kül olmuş və alovun məhv etmədiyi dəyərli kilsə və tarixi əşyalar barədə ətraflı məlumat almaq istəyirlər. Acınacaqlıdır, yanğın hadisəsi kilsəyə marağı daha da artırdı, amma ən acınacaqlısı kilsənin sanki 21-ci əsrdə deyil, erkən orta əsrlərdə olduğu kimi yanması barədə deyilənlərdir. Fransanın “Le Parisien” qəzeti yanğının kilsənin şpilindən (binanın başında uzun mil) başlandığını, bu zaman ilk yanğın siqnalının işə düşdüyünü, lakin buna əhəmiyyət verilmədiyini, yanğınsöndürənlərin hadisə yerinə 23 dəqiqə sonra çağrıldığını yazır. Dövlətin məsul xidmət orqanları yanğın hadisəsinə münasibəti ciddi şəkildə tənqid olunmaqla yanaşı, dünya əhəmiyyətli tarixi abidənin zəif mühafizə edilməsi ciddi müzakirələrə səbəb oldu. 
Diqqət edin: 500-dən çox xilasetmə qrupu mübarizə aparmış və yanğın təxminən doqquz saata söndürülmüşdü. Fransa daxili işlər nazirinin müavini Laurent Nunez daha sonra demişdi ki, orqanlar arasında razılaşdırılmış fəaliyyət nəticəsində alovun daha da yayılmasının qarşısı alındı. Lakin ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, bir çox sosial şəbəkə istifadəçisi yanğını havadan söndürmədikləri üçün xilasetmə qruplarını tənqid etmişdilər. 
Xatırlayırsınız? Diqlas ticarət mərkəzi yananda nə qədər helikopter cəlb olunmuşdu? Ay sağ olun, 2 ədəd helikopter heç bir tarixi əhəmiyyət daşımayan obyektin havadan söndürülməsinə cəlb olunmuşdu və Xəzər dənizindən suyu götürüb yanğının əhatə dairəsinin genişlənməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı. Halbuki Notr-Dam kilsəsi Sena çayından təqribən 30-50 metr aralıda yerləşir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, güclü sənaye dövləti, dünyanın moda mərkəzi və başqa statusları olan Fransanın məsul şəxsləri bu cür yanğınlarda təyyarə və helikopterlərdən istifadə edilmədiyini açıqlayırlar. Onlar helikopter və təyyarələrin texniki baxımdan belə şəraitə uyğunlaşdırılmadığını bildirdilər. Katolik fransızların da məsul şəxslərin bu sözlərindən sonra dua etməkdən savayı yolları qalmadı. 
Əlbəttə, fransızlar böyük tarixi əhəmiyyəti olan abidənin belə aqibətlə üzləşməsinə üzülmüş, hökuməti yersiz tənqid atəşinə tutmaqdan çəkinmişdilər. Çünki yanmış bina bütün fransızların ortaq mirasıdır və belə faciələrdə həmrəylik nümayiş etdirməyin vacib olduğunu yaxşı anlayırlar. Baxmayaraq ki, dövlətin yanğın zamanı və yanğından sonra fəaliyyəti böyük suallar doğurur, buna rəğmən fransızlar birlik nümayiş etdirərək kilsənin yenidən əvvəlki görkəminə qayıtmasının əhəmiyyətli olduğunu bildirirlər. Bunun üçün varlı fransızlar milyonlarla dollar yardım ayıracaqlarını bildirdilər, dünyanın hər yerindən yardım çağırışları edildi və nəticədə kilsə üçün 1 milyard avrodan çox vəsait toplandı. 
Əladır, Fransa hökuməti ciddi maliyyə ayırmadan Notr-Dam kilsəsi bərpa ediləcək. Kiməsə və nəyəsə kompensasiya verilməyəcək. Ən əsası, ölkədə kilsənin yanğın hadisəsini siyasi mübarizə alətinə çevirmək istəyi nəzərə çarpmadı. Əksinə, kilsənin yanması prezident Makronun reytinqinin yüksəlməsinə şərait yaratdı. Təzadlıdır, deyilmi? Tarixi bina yanır, hökumət kompensiyaya vermir, ciddi tənqid-təzyiq görmür, ancaq siyasilərin reytinqi yüksəlir. Müxalifət də yanğın hadisəsi üzərindən hansısa siyasi çağırışlar etmir, fransızların möhtəşəm tarixi binanın itkisinə görə çəkdiyi acıya şərik çıxır.
Təbii ki, yanğın hər yerdə baş verə bilər, heç bir ölkə bu fəlakətdən sığortalanmayıb. İstər kasıb, istərsə varlı ölkə olsun, alov hər yerdə dəhşətli gücünü göstərir, müasir yanğınsöndürmə texnologiyalarına asan təslim olmur. Bununla belə, Fransada Tarixi Abidələrin Qorunması Assosiasiyasının vitse-prezidenti Jülyen Lakaz Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində məyusluqla bildirir ki, kilsənin indi, texnologiyalar əsrində və təhlükəsizliyin təmin olunmasında əldə olunmuş son nailiyyətlər fonunda alova təslim olması ağıla sığmır. J.Lakaz aktual sual da verir: kilsənin müdafiəsi üçün kifayət qədər vəsait ayrılmışdı? Əlbəttə, yanğın hər yerdə baş verə bilər, ancaq J.Lakaz hesab edir ki, səkkiz əsr ərzində tarixi kataklizmləri arxada qoymuş Notr-Dam kilsəsinin belə yanması insanı sarsıdır. Fransalı mütəxəssis kədərlə vurğulayır ki, belə köməksizlik sanki XXI əsrdə deyil, orta əsrlərdə baş verir. J.Lakaz Fransada hər il kilsə dağıldığını bildirir, bunu kilsələrin saxlanmasının bahalı olması ilə əlaqələndirir və  əsas səbəbi insanların kilsələrə gəlmədiklərində görür. O deyir ki, ölkəsində tarixi irslə bağlı mənzərə sevindirici deyil. Gənc müstəqil Azərbaycanda isə maddi-mənəvi irsə göstərilən dərin hörmət dünyada nümunə kimi qəbul edilir. Heydər Əliyev Fondunun nəinki Azərbaycanda, hətta Avropanın bir sıra ölkələrində tarixi əhəmiyyət daşıyan kilsə və obyektlərin bərpasında və təmirində iştirakı hamıya məlumdur.
Daha bir mühüm məqama toxunmağa da zərurət var. Diqlas ticarət mərkəzinin sığortalanmamasına və kommersiya obyekti olmasına baxmayaraq, Azərbaycan dövləti yanğından maddi ziyan görmüş vətəndaşlarını darda qoymadı, zəruri addımlar atdı. Öhdəliyi olmadığı halda, kompensasiya verdi, sahibkarların müxtəlf obyektlərdə güzəştli şərtlərlə fəaliyyət göstərmələrinə imkan yaratdı. Viktor Hüqo deyirdi ki, “Bizim əməllərimiz bizi göylərə qaldıra və dərin uçurama ata bilər. Biz əməllərimizin övladlarıyıq”. Diqlas hadisəsində hamı radikal müxalifətin kimin “övladı” olduğunu yaxşı gördü. 

 

 “Xalq qəzeti”

 

20 2019 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə