Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya inqilabı və yeni kosmoloji cəmiyyətə keçid

XXI əsr təkcə “informasiya əsri”, “yeni media əsri” deyil, həm də “informasiya müharibəsi əsri” adlandırılır

İnformasiya inqilabı və yeni kosmoloji cəmiyyətə keçid

Üçüncü minilliyi ilk addımlarından müşayiət edən informasiya inqilabı insan cəmiyyətinin inkişafında tamamilə yeni səhifə açmaqdadır. İnformasiya-kommunikasiya texnologiyaları getdikcə ictimai həyatın bütün sferalarına daxil olur və iqtisadi, siyasi, təhlükəsizlik, sosial, mədəniyyət, elm, təhsil və s. sahələrə daha fəal təsir göstərir. Bu xüsusiyyətlər idarəçilikdən də yan keçməmişdir. 
Çağdaş dünyanın qarşılaşdığı qlobal “informasiya partlayışı” və “ictimaiyyətlə əlaqələr” (İƏ) adlandırılan ictimai diplomatiyanın sürətli inkişafı beynəlxalq münasibətlər sahəsində də ciddi müzakirələr doğurmuşdur. Bununla informasiya inqilabı fenomeninin qlobal aspektləri və nəticələri – ümumdünya informasiya cəmiyyətinin (ÜİC) yaranması və İƏ texnologiyalarının beynəlxalq əlaqələrə kütləvi surətdə tətbiqi məsələsi də aktuallaşmışdır.
ABŞ mütəxəssislərinin geniş yayılmış proqnozlarına görə, 2020-ci ildə bu ölkədə postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid baş verməlidir. Bu isə öz növbəsində kosmoloji cəmiyyətə keçid üçün hazırlıq mərhələsidir. Bu o deməkdir ki, XXI əsrdə beynəlxalq münasibətlərdə, diplomatiyada ön plana hərbi-siyasi məsələlər, silahlı münaqişələr deyil, xarici ticarət, maliyyə, ekologiya və informasiya mübadiləsi problemləri çıxacaq. Əbəs deyil ki, bir çox nəzəriyyəçi XXI əsri təkcə “informasiya əsri” deyil, həm də “kompüter əsri”, “rəqəmli əsr” və ya “yeni media əsri” də adlandırır.
Beləliklə, XXI əsrdə ölkələrin informasiya resursları toplusu həm onların təcavüz obyektinə, həm də informasiya müharibələrində güclü silahına çevrilə bilər. Böyük informasiya-kommunikasiya texnologiyalarından (İKT) düşmən üzərində hərbi-siyasi üstünlüyün təmin olunmasında, beynəlxalq arenada rəqiblərin tərksilah edilməsində istifadə təhlükəsi yaranır. Yeni İKT-lərin istifadəsi ilə hərbi potensialın artırılması qlobal və regional güc balansının dəyişməsinə, yeni qarşıdurma nöqtələrinin yaranmasına gətirib çıxarır. 
Bilindiyi kimi, idarəçilik iki sistemin olmasını tələb edir: idarə olunan və idarə edən. İdarəetmə prosesinin predmeti informasiya olduğu üçün iki idarəetmə funksiyasını ayırmaq olar: xarici funksiya idarə olunan obyektlərə münasibətdə xaricdən daxil olan informasiyaya əsaslanır, daxili funksiya isə idarə olunan sistemin özündən gələn informasiyaya söykənir. Buna əsaslanaraq hər bir idarə olunan sistemi informasiya sistemi adlandırmaq olar. Xarici siyasətlə bağlı qərarların qəbul edilməsi prosesini nəzərdən keçirərkən informasiya sistemi nəzəriyyəsi və onun əsas anlayışları üzərində dayanmağın nə qədər vacib olduğu bir daha aydın görünür.
İnformasiya inqilabı nəticəsində dövlətin beynəlxalq rolunun dəyişməsinin iki qrup səbəbini qeyd etmək olar. İlk növbədə, idarəçiliyin ənənəvi mexanizmlərinin tətbiqi (vergiqoyma, lisenziyalaşdırma və s.) get-gedə çətinləşir. İkincisi isə, informasiya inqilabı nəticəsində yeni qeyri-hökumət aktorlarının milli, transmilli və millətlərüstü (nasional, transnasional və supranasional) səviyyələrdə təsirinin artması ilə əlaqədar hakimiyyət səlahiyyətlərinin bölgüsü dəyişir. Hökumətlər baş verən bu dəyişikliklərə adaptasiya olmaq imkanı verən mexanizm axtarmalı olur.
Nəticədə, müxtəlif dövlətlər fərqli adaptasiya yolu seçə bilər. Məsələn, bu sahədə ABŞ-ın yanaşması ondan ibarətdir ki, informasiya inqilabı qaçılmazdır və onun imkanlarından maksimum faydalanmaq lazımdır. ABŞ-ın müasir dünya düzənindəki yerinin və rolunun gərgin proseslər fonunda zəifləmək əvəzinə, daha da güclənməsi bu yanaşmanın hələ ki özünü doğrultduğunu göstərir. Qərbi Avropada isə mövcud mədəni və ictimai dəyərləri saxlamaqla, informasiya inqilabının iqtisadi mənfəətindən faydalanmaq meyli daha güclüdür. Ancaq bu gün qarşısıalınmaz mühacir axını ilə üzləşən Avropa qarşısına qoyduğu məqsədlərə çatmaqda iqtisadi mənfəət və ya dəyərlərin qorunub saxlanması arasında bəzən çətin seçim etməli olur. 
Yaxın Şərqdə isə hakim elita nümayəndələri informasiya inqilabı məhsullarından bəhrələnsə də, onun əhaliyə mümkün təsiri ilə daha çox narahatdır. Yaxın keçmişdə hamımızın şahidi olduğumuz “Ərəb baharı” hadisələrinin bu baxımdan nəzərdən keçiriləsi nümunə ola bilər. Məhz belə bir şəraitdə yeni tip dövlət modelləri yarana bilər. Bu dövlətlər qeyri-hökumət aktorları ilə birgə fəaliyyət göstərmək və öz addımlarını koordinasiya etməklə əlavə güc toplaya bilər.
Məlum olduğu kimi, dövlətin effektiv fəaliyyət göstərməsi, ilk növbədə, onun hakimiyyət səlahiyyətlərindən səmərəli istifadəsindən asılıdır. Hakimiyyət anlayışına müxtəlif baxışlar mövcuddur. Daha geniş yayılmış yanaşmaya görə, hakimiyyət müxtəlif aktorlara təsir, nəzarət və ya məcburetmə tədbirlərini həyata keçirmək üçün lazım ola biləcək resurs və imkanlara malikdir. Adətən, bunlar neft, silah, sənaye potensialı və ya canlı qüvvə kimi maddi ehtiyat və imkanlardır. Ancaq bu imkanlar maliyyə vəsaitləri və informasiya da ola bilər. Geniş mənada bu baxış hakimiyyəti hərbi, sənaye və demoqrafik faktorlardan ibarət kompleks imkanlar kimi nəzərdən keçirir.
İnformasiya əsrində milli dövlətlər getdikcə öz müstəqilliklərini daha çox itirir, çünki, informasiya həm ölkə daxilində, həm də xaricdə yaşayanlar üçün daha əlçatan olur. Mövcudluğunu saxlayan böyük dövlətlər isə daha çox hər cür informasiyaya çıxış imkanı olduğu üçün hakimiyyətə yiyələnən qeyri-hökumət aktorları ilə rəqabət aparmağa məcbur olur. Belə şəraitdə kiçik şəbəkələr genişləndiyi halda, iyerarxik strukturlar informasiya bolluğunun qurbanı olur. 
İnformasiya texnologiyalarının inkişafı beynəlxalq münasibətlərdə yaranan münaqişələrin həllində heç də az istifadə olunmayan metodlar içərisində müharibələrdən də yan keçməmişdir. Bəşər sivilizasiyasının inkişafı tarixində müvafiq olaraq müharibələri 3 böyük mərhələyə, dalğaya bölmək olar: aqrar, sənaye və informasiya. Tədqiqatçılara görə, üçüncü dalğa sivilizasiya üçün müharibələr informasiya savaşları forması almalıdır. İnformasiya müharibəsi dedikdə çox zaman mükəmməl rabitə sisteminə, kosmosa çıxış imkanına və real vaxt ərzində qərar qəbulu prosesinə əsaslanan müharibə başa düşülür. 
Əksər mütəxəssislərin “Səhrada fırtına” əməliyyatının ilk informasiya müharibəsi olması haqqında mülahizələrinə baxmayaraq, NATO-nun yüksək vəzifəli məmurları Kosovo əməliyyatlarından sonra belə, ABŞ-ın informasiya əməliyyatları imkanlarından kifayət qədər səmərəli istifadə etmədiyi fikrindədirlər. Yuqoslaviya əleyhinə hava hücumuna rəhbərliyi həyata keçirən admiral Ellis “informasiyalı əməliyyatların (İƏ texnologiyasının) düzgün tətbiq ediləcəyi təqdirdə hücum kampaniyasının iki dəfə qısa ola biləcəyini qeyd edirdi. Lakin bununla yanaşı, o, informasiya əməliyyatlarını bu münaqişənin ən böyük uğursuzluğu sayırdı. O zaman hər iki tərəf (həm NATO, həm də Yuqoslaviya) mövcud informasiya imkanlarından lazımi qədər yararlana bilməmişdi. 
İnformasiya əməliyyatlarının daha kompleks şəkildə istifadəsi Çin Xalq Respublikası və ­Tayvan arasında 1999-cu ilin yay–payızında münaqişənin kəskinləşməsi ilə əlaqədar özünü kəskin büruzə vermişdi. Hər iki dövlət uzun müddətdir ki, bu sahədə tədqiqatlar aparırlar. Çində bu proses 1985-ci ildən – “İnformasiya müharibəsi” kitabı nəşr olunduqdan sonra başlanmışdır. 1997-ci ildə praktiki olaraq informasiya müharibəsi aparılması üzrə bir sıra təlim proqramları həyata keçirilmişdir. Tayvanın da bu sahədə təcrübəsi az deyil. Təsadüfi deyil ki, bir çox kompüter virusları məhz burada hazırlanır. 1999-cu ilin avqustunda Tayvanın müdafiə naziri informasiya müharibəsi bölüyü və informasiya müharibəsi strategiyası üzrə komitə yaradılmasını elan etmişdir. 
İnformasiya müharibəsinin əsas faktorlarından biri düşmən sisteminin quruluşunu və parametrlərini bilmək vacibliyidir. Düşmənin motivasiyasını, strukturunu və məqsədlərini daha ətraflı bilən tərəf münaqişəyə daha yaxşı hazırlanmış olur. Düşmən mədəniyyətinin və cəmiyyətdə informasiya sistemlərinin istifadəsinin başa düşülməsi də önəmli məsələdir.
Müharibələr içərisində bizə ən yaxını “Körfəz müharibəsi” olmuşdur. Mikroprossesor texnikalarından kifayət qədər istifadə olunmasına baxmayaraq, bu savaş da tam informasiya müharibəsi deyildi. O zaman da informasiya texnologiyalarından yalnız adi silahların “gücləndiricisi” kimi istifadə olunmuşdu. 
İnformasiya müharibəsi yalnız hərbi əməliyyatları əhatə etmir, o daha geniş anlayışdır. İnformasiya müharibəsi elə bir elektron münaqişədir ki, burada informasiya strateji aktiv sayılır, o həm ələ keçirilə bilər, həm də məhv edilə bilər. Bu zaman kompüterlər və digər kommunikasiya, informasiya sistemləri ilkin zərbənin hədəfi olacaq, eyni zamanda, yeni müharibədə silah kimi çıxış edəcək. İnformasiya müharibəsi düşmənin yalnız hərbi idarəetmə sistemlərinin və nəzarət mexanizmlərinin iflic edilməsi deyil, həm də onun siyasi və maliyyə sistemlərinin dondurulmasına yönələn əməliyyatlar toplusudur. 
Deyilənləri nəzərə alaraq, informasiya müharibəsinin adi müharibələrdən 4 fərqli cəhətini qeyd etmək olar: 
– informasiya müharibəsi aparılması hərbi əməliyyatlarla müqayisədə kifayət qədər ucuz başa gəlir; 
– ictimai və şəxsi maraqlar, hərbi əməliyyatlar və cinayətkar əməllər arasında ənənəvi fərqlər aradan qalxır, qəbul olunmuş dövlətlərarası sərhədlər aradan götürülür;
– inkişaf etmiş sənaye ölkələri informasiya hücumları qarşısında daha çox aciz qalır;
– informasiya sahəsində “hərbi əməliyyatlar” bir neçə cəbhədə aparılır. 
İnformasiya müharibəsinin xarakteri informasiya məkanının xüsusiyyətləri ilə sıx əlaqəlidir. O real məkandan onunla fərqlənir ki, informasiya hüdudu sonsuzdur, sərhədsizdir. Ukraynalı professor Georgi Poçepsov informasiya məkanının 3 cəhətini qeyd edir: 
– informasiya məkanında, adi müharibədə olduğu kimi böyük fiziki qüvvə ilə qalib gəlmək olmaz; 
– informasiya məkanının real məkana uyğun olaraq qarşısını almaq olmaz; 
– informasiya məkanında hər an yeni, əlavə gücün meydana gəlməsi mümkündür. 
Müasir diplomatiya üçün beynəlxalq münasibətlərdə yalnız dövlət orqanları, ölkə başçıları, professional diplomatlar deyil, xalq kütlələrinin də vacib rol oynaması xarakterikdir. Bu həm peşəkar fəaliyyətin, həm də xalq diplomatiyasının əsas elementi kimi qarşıya çıxır. Bu dinc vasitələrin əsas özünəməxsus cəhəti onların konstruktivliyi, tərəflərin hüquq və maraqlarına hörməti, siyasətin ümumbəşəri mənəvi normalar ilə birləşdirilməsini əsas tutmasıdır. Bütün bunlar Azərbaycan dövlətinin də xarici siyasətində informasiyanın, ictimaiyyətlə əlaqələrin, ictimai diplomatiyanın rolunu xeyli artırmışdır.
İnformasiya müharibəsinin getdikcə aktuallaşdığı bir dövrdə Azərbaycanın “Azərspeys” telekommunikasiya peyklərinin orbitə buraxılışı bu cəhətdən çox önəmlidir. Bəli, Azərbaycanın kosmik erası başlanmışdır. Təsadüfi deyil ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektoru prioritet sahələrdən biridir və bu sferanın inkişafı informasiya müharibəsində də mütləq üstünlük qazandıracaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin fəxrlə bəyan etdiyi kimi, “Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuşdur”. 

 

Rəşad AĞAZADƏ,
siyasi elmlər üzrə fəlsəfə doktoru

20 2019 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə