Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tofiq Bakıxanov: Əcəmi yurdundan xoş təəssüratlarla qayıtdım

Tofiq Bakıxanov: Əcəmi yurdundan xoş təəssüratlarla qayıtdım

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində görkəmli bəstəkar, Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun “Naxçıvan təranələri” adlı kitabının təqdimatı keçirilib. Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova bəstəkarın yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu, eyni zamanda, universitetdə ustad dərsləri keçdiyini də qeyd edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb. 

Ertəsi günü Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri ilə professor Tofiq Bakıxanovun görüşü və ustad dərsi keçirilib. Kollecin direktoru, Naxçıvanın Əməkdar mədəniyyət işçisi Günay Əliyeva deyib ki, görkəmli bəstəkar Tofiq Bakıxanov dəfələrlə bu qədim diyarda olub. O, bir sıra fəxri adları ilə bərabər “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” adını da şərəflə daşıyır. Müxtəlif janrlarda əsərlər yazan Tofiq Bakıxanovun əsas yaradıcılıq meyarı istedad və bacarıq, zəhmət və iradə, yorulmaq bilmədən çalışmaqdır.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək bildirib ki, Tofiq Bakıxanovun yaradıcılığı musiqisevərlər tərəfindən yüksək dəyərləndirilir. 
 Tofiq Bakıxanov özü isə Naxçıvanda musiqi mədəniyyətinə göstərilən böyük qayğıdan danışıb. Qeyd edib ki, yaradıcılığının bir hissəsini qədim Naxçıvana həsr edib. Hər dəfə bu diyara gələndə möhtəşəm yeniliklərlə rastlaşır ki, bu da onu yeni əsərlər yaratmağa sövq edir. 
Kollecdə keçirilən ustad dərsində bəstəkar bildirib ki, musiqiçi olmaq istəyən hər bir insan təcrübə vərdişlərini inkişaf etdirməli, fərdi xüsusiyyətlərdən yaradıcılıqla istifadə etməlidir. Bəstəkar müəllim və tələbələrin suallarını cavablandırıb. 
Həmin gün bəstəkar Tofiq Bakıxanov Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində şəhərdə fəaliyyət göstərən uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüşüb və ustad dərsi keçib. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. 
Tofiq Bakıxanov çıxışında Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb, Azərbaycan musiqisinin qədim və zəngin ənənələrindən söhbət açıb. Naxçıvan torpağının yetirmələri olan bəstəkarlar Ərtoğrul Cavid, Məmməd Nəsirbəyov, Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov haqqında xatirələrini bölüşüb.
Naxçıvan səfərindən sonra təəssüratlarını qəzetimizlə bölüşən bəstəkar xatırladıb ki, onun muxtar respublikaya istənilən səfəri maraqlı və uğurlu keçir: 
 – Öncə bütün naxçıvanlıları muxtar respublikanın 95 illik yubileyi münasibətilə təbrik edirəm. Naxçıvan mənim sevimli şəhərimdir. Bu qədim diyarda dəfələrlə olmuşam və bu gün də Naxçıvana getməkdə çox məmnunam. Naxçıvan hər görüşdə gözümə daha gözəl görünür. Buranın havası, suyu, təbiəti məni yeni yaradıcılıq uğurlarına ruhlandırır. Digər tərəfdən, Naxçıvanda yaradılan qayda-qanun məni xüsusilə sevindirir.
 Aprelin 10-dan 13-dək davam edən səfərimin ilk görüşü muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovla oldu. Vasif müəllim tək mənim deyil, Azərbaycanın bütün qocaman sənətkarlarının yaradıcılığına daim hörmət, diqqət və ehtiramla yanaşır. Onunla söhbətimizdə öyrəndim ki, bu ilin oktyabrında muxtar respublikada Hüseyn Cavid yadigarı Ərtoğrul Cavidin 100 illiyi təntənəli şəkildə qeyd ediləcək. Məmnun oldum.
Bundan başqa, cənab Vasif Talıbov mənim xoş ovqatlı mahnılarımdan ibarət “Batabat dağlarında” adlı məcmuənin Naxçıvanda nəşr olunması təşəbbüsü ilə çıxış etdi və muxtar respublikanın Mədəniyyət Nazirliyi bu işə başladı. Xatırladım ki, həmin kitabın adı Azərbaycan Yazıçılar Birliyi Naxçıvan bölməsinin sədri Asim Yadigarın eyni adlı mahnısından götürülüb. Hörmətli nazir Natəvan xanım Qədimovaya təkcə bu məcmuəyə görə deyil, ümumiyyətlə, mənim yaradıcılığıma daim diqqətlə yanaşdığına görə təşəkkür edərək, minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, mənim Bakıda nəşrə hazırlanan “Arpaçay” mahnımda da Naxçıvan mövzusu qabarıq şəkildə özünü göstərir. Bu mahnını akademik İsa Həbibbəylinin sözlərinə yazmışam. 
O ki qaldı məni Naxçıvanla bağlayan səbəbə, deməliyəm ki, bu, ilk növbədə, yüksək səviyyəli insanlarla, dostlarımla əlaqədardır. Məni ilk dəfə bu gözəl diyarla tanış edən, yaradıcılığıma Naxçıvan mövzusunu gətirməyimdə böyük rolu olan insan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov olub. Digər tərəfdən, istər akademiklər, istərsə də şair və yazıçılar, bəstəkarlar olsun, hamısı mənə və yaradıcılığıma yüksək dəyər verirlər. Onu da deyim ki, mən mərkəzi mətbuatda tez-tez yazılarla çıxış edirəm. Naxçıvan mənim üçün mənəvi dayaq olub. Hər yerdə deyirəm, 89 yaşım var və əgər Naxçıvanla bağlı xatirələrim olmasaydı, bəlkə də, heç belə uzun ömür sürə bilməzdim.
Səfər zamanı Naxçıvanda təqdimatı keçirilən kitab bu il anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız böyük ədib Hüseyn Cavidin nakam oğlu, Bakıda doğulub, Naxçıvanda dünyasını dəyişmiş bəstəkar Ərtoğrul Cavidin əziz xatirəsinə həsr olunub. Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının xəttilə “Mütərcim” nəşriyyatında işıq üzü görən məcmuənin redaktorları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovadır. 
Kitabda toplanmış musiqi əsərləri bilavasitə Naxçıvanda doğulub böyümüş şairlərin, onların bu qədim diyara olan sevgi, məhəbbət və rəğbətlərini özündə əks etdirən sözlərinə yazılıb. Eləcə də, həmin şairlərin həyatı və yaradıcılığı haqqında da yığcam məlumat verilir. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

20 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə