Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənub bölgəsindən xəbərlər

Cənub bölgəsindən xəbərlər

Küveyt dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi cənub bölgəsinə səfər edib. 

 

Astara – Lənkəran

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verilib. Son illər həyata keçirilən layihələrlə bütün ölkədə olduğu kimi, Astarada da çoxlu quruculuq-abadlıq işlərinin aparıldığı, əhalinin sosial rifahının yaxşılaşdırıldığı diqqətə çatdırılıb. Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər əməkdaşlığın faydalı olacağını vurğulayıblar. Səfir Heydər Əliyev Mərkəzini ziyarət edib, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi, “Astaraçay” MMC-nin çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olub.
Lənkəranda Küveyt diplomatını şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qonağa rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilməklə Azərbaycan-Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir hər iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın və anlaşmanın bundan sonra da dərinləşməsindən ötrü səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Həmin gün qonaq Lənkəran şəhərinin görməli yerlərinə baxmaq üçün Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq muzeyində, xalça fabrikində, Hikan Milli parkı ərazisində yerləşən Xanbulan dəryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Müalicə Mərkəzində, “Green East” çəltikçilik təsərrüfatında olub və şəhərin dənizsahili turizm əraziləri ilə tanış olub.


Masallı

 

Masallı rayonundakı Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata ocağını ziyarət edib. 
Məktəbin direktoru Kamal Təhməzov ölməz vətən oğlunun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. Qeyd edilib ki, Mübariz az yaşasa da, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoyub. O, cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl cəngavərtək 5 saat təkbaşına döyüşüb. Düşmən hərbçiləri əvvəlcə elə zənn ediblər ki, onlara qarşı bütöv bir ordu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin şücaəti nəticəsində ağır itkilər verib. Qeyri-bərabər, amansız döyüşdə Mübariz qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndi hər bir azərbaycanlı onun qəhrəmanlığı ilə fəxr edir. Təhsil müəssisələrimizdə şagirdlərə Mübariz vətənpərvərliyi aşılanır, hərbi xidmətə yola salınan gənclərə vətəni Mübariz kimi qorumaq təlqin edilir.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ailəsinə göstərilən yüksək diqqət və qayğıdan razılıq edib. O, ziyarətə gələn şagirdlərə dərslərini mükəmməl öyrənməyi, təhsildə davamlı nailiyyətlər göstərməyi tövsiyə edib. Sonra ziyarətçilər Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnal və qəzetlərdən ibarət guşəyə baxıblar.
Biləsuvar

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. 
Rayon icra hakimiyyəti, “DOST İŞ” MMC və Kommunal Müəssisələr Kombinatı bu il üçün üçtərəfli müqavilə imzalayaraq, işəgötürülənlərin ərazilər üzrə fəaliyyət dislokasiyası hazırlayıblar. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Kommunal Müəssisələr Kombinatının nəzdində 390 yeni iş yeri yaradılıb. Müvəqqəti iş yerlərinə qəbul olunan vətəndaşlar rayon ərazisində abadlıq, təmizlik işlərində fəal iştirak edirlər. Onlar əsasən aztəminatlı ailələrin üzvləridir. Vəzifə borcunu layiqincə yerinə yetirən işçilərin ilin sonunda rayon rəhbərliyi tərəfindən mükafatlandırılması da nəzərə tutulur. 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

20 2019 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə