Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəyə bir dəfə gələn...

Gədəbəyə bir dəfə gələn...

Yazının sərlövhəsinə çıxardığım cümləni tamamlamaq istəyirəm: Gədəbəyə bir dəfə gələn yenə gəlmək istəyir. Bilirsiniz niyə belədir? Çünki əsrarəngiz gözəlliyə malik olan bu ucqar dağ rayonundan təbiət heç nəyi əsirgəməyib. Sadalamaq istəmirəm. Amma Gədəbəydə nə istəsən var. Elə RİH başçısı İbrahim Mustafayevi də dinləyərkən istər-istəməz belə qənaətə gəlirəm ki, bu rayon tezliklə nəinki qonşu ölkələrin, o cümlədən dünyanın bir sıra dövlətlərinin diqqət mərkəzində olacaq. Rayon rəhbəri Gədəbəy, onun adamları, təbiəti, yeraltı-yerüstü sərvətləri haqqında elə həvəslə, iftixarla danışır. Sanki bu yerlərdə doğulub boya-başa çatıb, oranın hər daşına-kəsəyinə bələddir. Halbuki cəmi 8 aydır ki, ölkə başçısının sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ölkə rəhbəri 2006-cı ildə ilk dəfə Gədəbəyə səfər edəndə bu rayonun, demək olar ki, heç nəyi yox idi. Nə rahat yolları, nə körpüləri, nə düz-əməlli işığı, suyu, qazı. Prezidentimizin göstərişi ilə ilk növbədə Şəmkirdən rayon mərkəzinədək rahat bir yol çəkildi. Sonra digər problemlərin həlli ilə bağlı işlər görüldü. Yollar, körpülər, digər infrastruktur layihələri... O vaxtdan bu günədək ölkə Prezidenti 4 dəfə Gədəbəyə gəldi və ucqar dağ rayonu beləcə inkişaf etməyə başladı, daha çox qonaqlı-qaralı oldu...

Gədəbəyin relyefi elədir ki, burada bir sıra layihələrin həyata keçirilməsi zaman tələb edir. Lakin nəzərdə tutulan işləri vaxtında görmək, adamların sosial problemləri ilə yaxından məşğul olmaq, müasir iş üsulu ilə idarəçiliyə yiyələnmək başlıca amillərdəndir ki, yazıda da bu barədə söhbət açmaq istəmişik. Ümumiyyətlə, rayon icra hakimiyyəti rəhbərliyinin iş üsulu, bir sıra vacib problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər maraq doğurur.
İbrahim Mustafayev görülən işlər haqqında danışmağı sevmir. Deyir bunlar bizim birbaşa vəzifəmizdir. Haradasa bir yol salmışıq və ya bulaq çəkdirmişik, uşaq bağçası tikdirmişik, yeri gəldi-gəlmədi bunlar barədə danışmağa lüzum yoxdur axı. Gədəbəy cənab Prezidentimizin diqqət və qayğısı sayəsində bugünkü səviyyəyə çatıb. Ucqar bir dağ rayonuna ölkə başçısının 4 dəfə səfər etməsi bilirsiniz nə deməkdir?!
Rayon rəhbəri bunları danışdıqca hiss edirəm ki, qısa vaxt ərzində Gədəbəyin problemləri ilə dərindən məşğul olmağa başlayıb, onların həlli ilə bağlı maraqlı təklifləri var, müvafiq nazirlik və baş idarələr qarşısında məsələlər qaldırıb, mütəxəssislərlə görüşüb, onların rəyini öyrənib, iş adamlarını dəvət edib, ağsaqqalları dinləyib və sair.
– Bilirsiniz, problemi kənardan seyr etməklə həll etmək olmaz, deyə İ. Mustafayev bildirir. – Gərək özünü evində təbii qazı olmayan, işığı tez-tez sönən o sıravi gədəbəylinin yerində görəsən. O zaman daxilində bir təpər varsa onu həll etməyə çalışacaqsan. Bir də ki, cənab Prezident bizi bura dincəlməyə, dağları seyr etməyə göndərməyib. İnsanların qarşılaşdıqları problemləri həll etmək borcumuzdur. 
...Gədəbəydə son vaxtlar görülən işlər ondan xəbər verir ki, problem, çətinliklər ortada qalmır və qüvvələr məhz onların həlli istiqamətində cəmləşir. Məsələn, bu yaxınlarda bütün respublikaya səs salmış maraqlı bir təşəbbüsün necə fayda verməsindən söhbət açmaq istəyirəm. Söhbət bilavasitə rayon icra hakimiyyəti inzibati binasının birinci mərtəbəsində yaradılan və hər cür təchizata, kadrlara malik xidmət mərkəzindən gedir. İbrahim Mustafayev rayonda fəaliyyətə başladığı ilk günlərdə, elə ilk səyyar qəbulda hiss etdi ki, adamlar adi bir sənədi almaq üçün əziyyət çəkirlər, süründürməçiliklə qarşılaşırlar. Təsəvvür edin ki, vətəndaş ucqar Şınıx zonasından icra hakimiyyətinin memarlıq şöbəsinə gəlib ki, ona lazım olan sənədi alsın. Memar və ya digər məsul şəxsləri yerində tapmır. Heç onları da qınamaq olmur. Yəqin ki, harayasa iş dalınca gediblər...Beləcə şınıxlı bilmir kimə müraciət etsin və bir günü hədər gedir. Əziyyəti, yol xərci də ki, öz yerində...
Rayon rəhbəri qəti qərara gəldi: ASAN xidmətə bənzər bir xidmət növü də icra hakimiyyətində yaradılmalıdır! Hər bir müraciətə göstərilən həssas münasibət, aşkarlıq, işgüzar mühit, qapılarının günün istənilən vaxtı vətəndaşlara açıq olması rayon icra hakimiyyətini onların etimad ünvanına çevirməli və adamları razı salmalıdır. Belə də oldu! İndi iki aydan artıqdır Gədəbəy sakinlərinə Azərbaycan Respublikasının Mülki, Ailə, Şəhərsalma və Tikinti məcəllələrinin, müvafiq qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmət məhz bu mərkəz tərəfindən həyata keçirilir. Burada rayon icra hakimiyyəti başçısı aparatının hər şöbədən bir nəfər olmaqla 7 məsul işçisi xidmət göstərir. Səliqə ilə, səbrlə, təmkinlə, başlıcası isə operativ. Mərkəzin fəaliyyətinə rayon rəhbəri birbaşa özü nəzarət edir. 
Adamlar necə razılıq edirlər, bunu təsəvvür etmək mümkün deyil. Mərkəzin işi ilə, burada yaradılmış şəraitlə yaxından tanış olduqdan sonra bu qənaətə gəldik ki, faydalı təşəbbüs digər şəhər və rayonlarda da yayılsa işin xeyrinə olar. Baxırıq. Divarda quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Xidmət edənlərin hər birinin qarşısında telefon, kompüter dəsti var və təbii ki, internetə çıxışları təchiz olunub. Onlar monitorda vətəndaşı məlumatlandırır, geniş izahat verir, digər xidmət nümunələri göstərirlər. Ortaya çıxa biləcək problemi operativ həll etmək üçün dördrəqəmli nömrəsi olan “qaynar xətt” də yaradılıb. Mərkəzin işində könüllülər də yaxından iştirak edirlər. Onlar məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olur, ilkin sənədləşmə işlərinə kömək göstərir, müraciət edənlərin ərizə formalarının doldurulmasını həyata keçirirlər.
Şübhəsiz, bütün bunları kənardan müşahidə etmək adama çox xoş gəlir. Ani olaraq yadıma ölkə Prezidentinin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” – sözləri düşür.
...Gədəbəydə ən böyük problemlərdən biri adamların məşğulluğu məsələsidir ki, hazırda rayon icra hakimiyyəti onun həlli ilə bağlı kompleks tədbirlər hazırlayır. Ayrı-ayrı iş adamları, müvafiq nazirliklərlə söhbətlər aparılır. Artıq bu istiqamətdə bir sıra yeniliklər, ilkin nəticələr var. Məsələn, “Azərxalça”nın Gədəbəy filialının açılması gözlənilən tədbirlər sırasındadır. İş adamlarına geniş meydan verilib. “Kim bu rayonda üç iş yeri də açmağa nail olsa Gədəbəyin və gədəbəylilərin dostudur”. Sonuncu cümləni ona görə dırnaqda yazdım ki, rayon icra hakimiyyətində sahibkarlarla keçirilən görüşdə başçının dediyi sözlərdir. Hətta məşhur “Narzan” bulağı ətrafında sanatoriya inşa etmək istəyən sahibkar da var. Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi 1-ci istehsal sahəsində və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan və 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrində tikinti işləri artıq başa çatdırılmışdır.
Əslində, ilk baxışda hamıya belə gəlir ki, Gədəbəy kənd təsərrüfatı rayonudur və burada əkinçiliyin, maldarlığın inkişaf etdirilməsi daha vacibdir və bu, böyük fayda verə bilər. Biz də belə düşünürük və bu gün də həmin fikirdəyik. Lakin icra hakimiyyətində elə arqumentlər, faktlar sadaladılar ki, məəttəl qaldıq. Sən demə, 76 min hektara yaxın kənd təsərrüfat əhəmiyyətli torpağı olan Gədəbəyin ümumi əkinə yararlı cəmi 15 min hektar torpağı var. Onun da 9592 hektarı biçənək sahələridir. 
Deməli torpaqlardan maksimum səmərəli istifadə etmək üçün təkcə radikal tədbirlər görmək yetərincə deyil. Bu işdə müvafiq nazirliklər və komitələr də öz sözünü deməlidir. Bir vaxtlar 200 min tondan da artıq kartof verən bir rayonda son illər azalma müşahidə olunur. Keçən il 126 min tondan bir qədər çox kartof tədarük olunmuşdur.
Çox maraqlıdır ki, rayonun icra strukturları problemlərdən nəinki çəkinir, əslində, özləri onu arayıb axtarır, üzə çıxarır, başlıcası isə həlli yollarını araşdırırlar. Bir fikir verin. Gədəbəydə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda 16 min nəfərə yaxın pensiyaçı var. Sizcə, onların neçə faizi bu pensiyanı əlilliyə görə alır? Nə az, nə çox, düz 40 faizi. Necə rəqəmdir? Deyəcəksiniz biabırçı rəqəmdir. Həm də saxtakarlıq göz qabağındadır. Yaxşı ki, rayon rəhbərliyi bunları vaxtında aşkarlayıb və hazırda bu məsələyə təkcə müvafiq nazirlik deyil, rayon icra hakimiyyəti də ciddi nəzarət edir.
Yaxud qəbul olunmuş məhkəmə qərarlarının icra olunmaması barədə söhbət açaq. Bu günədək 1000-ə yaxın qərarın icra olunmamasına nə ad vermək olar? Etiraf etmək lazımdır ki, rayon məhkəməsinin gücü çatmır. Qəbula gələnlərin böyük əksəriyyəti mübahisəli torpaq məsələləri, aliment verilməsi və digər işlərlə bağlı məhkəmə qərarlarının icra olunmamasından şikayət edirlər. Görün vəziyyət nə həddə çatıb ki, rayon icra hakimiyyəti bu məsələləri nisbətən nizama salmaq üçün öz işçilərini də səfərbər edib.
Yeri gəlmişkən, rayonda boşanmaların sayının artması, ailələrin dağılması RİH rəhbərliyini narahat etməyə başlayıb. Rayon icra hakimiyyətinin məsul işçisi Ləzgi Zeynalov söhbət zamanı dedi ki, İbrahim müəllim bununla bağlı ayrı-ayrı kəndlərin ağsaqqallarını bir yerə topladı, görüş keçirdi, onları dinlədi. Həmin görüşdə hamı belə bir yekdil rəyə gəldi ki, ən yaxşı məhkəmə qərarı da ağsaqqal sözündən, ağbirçək tənəsindən və məsləhətindən güclü ola bilməz. Qərara alındı ki, ağsaqqallar bu ailələrə baş çəksinlər, imkan daxilində onları barışdırsınlar, öz sözlərini desinlər. Bir-biri ilə çəkişən, hətta vuruşmaq həddinə çatan qonum-qonşular da artıq ağsaqqalların, necə deyərlər, nəzarəti altına keçir.
...Gədəbəydə kadrlara tələb, diqqət və qayğı da əvvəlki kimi deyil. İşgüzar bir mühit yaradılıb. İcra hakimiyyətində könüllülər də fəaliyyət göstərirlər. Bəzən onların içərisindən daha qabiliyyətlisi, müasir düşüncəlisi seçilir, müvafiq işlə təmin olunur. Məsələn, bu yaxınlarda könüllülərdən kənd icra nümayəndəsi göndərilən olub. İbrahim Mustafayev “yaxşı, təcrübəli kadrlara həmişə yer var” deyərək, öz iş üsulu ilə bunu artıq sübut edib. Vaxtilə hətta aparatda haqsız hücuma məruz qalan təcrübəli işçinin yenidən işə qaytarılması dediklərimizə əyani sübutdur.
Hər həftənin birinci günü aparatın məsul işçiləri rayon icra hakimiyyətinin başçısına məlumat verirlər: həftə ərzində kim nə iş görəcək, hansı kəndə gedəcək, kimlə görüşəcək. Yəni aparatın hər bir məsul işçisi tutduğu vəzifəyə uyğun da öz fəaliyyətini qurmalıdır. İlk gündən tələb və tövsiyə bu olub ki, aparatın məsul işçisi təkcə yuxarıdan tapşırıq almaq üçün o vəzifəni tutmayıb. Gərək özün təşəbbüskar olasan, həftə ərzində görəcəyin işləri əvvəlcədən planlaşdırasan, öz vəzifənin məsuliyyətini dərk edəsən. Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, İ.Mustafayevin 20 ilə yaxın bir müddətdə icra strukturlarında, o cümlədən Prezident Administrasiyasında məsul vəzifədə çalışması, təcrübə istər-istəməz öz təsirini göstərir.
Gədəbəyin ən ucqar kəndlərinə belə təbii qazın çəkilməsində böyük irəliləyişlər var. Rayon rəhbəri iftixarla deyir ki, tezliklə sərhəd bölgəsi olan Şınıxda qazlaşdırılmayan bir yaşayış məntəqəsi də qalmayacaq. İşlər, doğrudan da, sürətlə gedir. Əvvəllər heç vaxt belə olmamışdı. Keçən ilin oktyabrında 9 kənddə, noyabrda 4 kənddə, dekabrda 8 kənddə təbii qaz şölələndi. Bu il də istisna deyil.
Dövlət Proqramında təkcə Qurudərə və Sarıköynək kəndlərinin qazlaşdırılması nəzərdə tutulsa da, yuxarıda qeyd etdiyimiz kimi ilk dəfə evində mavi yanacaq görən gədəbəylilərin sayı da artacaq. 
Gədəbəyin istər magistral, istərsə də daxili yollarının təmiri, bərpası istiqamətində görülən işlərdə də böyük canlanma var. Arıqdam-Söyüdlü-Soyuqbulaq və Gədəbəy-Novosaratovka-Qaravəllilər (38 kilometr)-İsalı-Zamanlı avtomobil yollarında aparılan işlər tezliklə rayonun yol infrastrukturunu əməlli-başlı yaxşılaşdıracaqdır. Söhbət burada təkcə yol məsələsi deyil. Əgər Gədəbəyi tezliklə turizmin əsas məkanlarından birinə çevirmək istəyiriksə, dünyanın diqqətini bura cəlb etmək fikrimiz varsa, onda bu rayona bütün nazirliklər, şirkətlər, nəhayət, iş adamları hərtərəfli dəstək göstərməlidirlər. Turist o yerlərə can atır ki, orada lazımi infrastruktur yaranmış olsun. Əgər bunlar yoxdursa, təkcə təbiəti – dağları, meşələri, bulaqları seyr etməyə o bir dəfə gələr, daha hər il yox. 
İnsafla demək lazımdır ki, icra hakimiyyəti turistləri bu yerlərə cəlb etmək üçün üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır və çətinliklə də olsa, buna nail olur. Məsələn turistlər üçün maraqlı marşrut hazırlanıb. Ən maraqlı, qədim tarixə malik abidələrə, bulaqlara səyahət, yollarda onların dincəlməsi üçün iaşə obyektləri və digər əyləncəli yerlər nəzərdə tutulub. XIX əsrin ikinci yarısında Gədəbəyin mis mədənlərində mis, qızıl, digər metallar və qiymətli daşlar çıxaran Siemens qardaşlarının çəkdirdikləri dəmir yol xəttinin bir hissəsinin bərpa edilərək turistlərin istifadəsinə vermək nəzərdə tutulub. Hətta həyətlərdən birində o dövrdən qalan vaqon da tapılıb, bərpa edilib, xəttə buraxılacaq. 
...Gədəbəyin bu günü gözəldir, sabahı daha gözəl, daha işıqlı olacaq. Çünki bu gün onu qurub yaradanların bir amalı var: Gədəbəyə bir dəfə gələn yenə gəlsin. Onun sakinləri də firavan yaşasınlar ki, uzaq diyarlardan gələnlər qayıdanda desinlər: Azərbaycanda Gədəbəy adlı bir məkan var, qədim, əsrarəngiz və təkrarsız...

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

20 2019 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə