Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kinoda əbədiləşən ömür

Əjdər İBRAHİMOV – 100

Kinoda əbədiləşən ömür

Onu Azərbaycanda da, Rusiyada da, Türkmənistanda da, Vyetnamda da yaxşı tanıyır və sevirlər. Bunun səbəbini onun tərcümeyi-halından aydın görmək olar.

Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu ilin aprelində Aşqabadda doğulub. Orada orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində oxuyaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada – “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 
1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. Böyük türk şairi Nazim Hikmətin pyesi əsasında çəkilmiş bu film Bakı kinostudiyası ilə Maksim Qorki adına kinostudiyanın birgə istehsalıdır. Bu kinodram Şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Adil İsgəndərov, Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayev mükafat almışdır.
1958-ci ildə Ə.İbrahimov “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə olunmuşdu. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransa filmləri nümayiş etdirilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün gənclər topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə Vyetnamın ilk bədii 
filmləri – “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” ekran əsərləri çəkildi. 
Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtılar” filminin istehsalına başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaratdı. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir. 
Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirdi. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (“Azərbaycanfilm”lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır. 
Sonuncu film 1978-ci ildə Türkiyə ilə müştərək çəkilib. Ən qəribəsi də odur ki, filmdə SSRİ-nin və Türkiyənin o zamanlar üçün ən parlaq aktyorları yer alıb. Rollardan birini görkəmli aktyorumuz Adil İsgəndərov oynayır. Baş rolda türk dünyasının ən məşhur siması Türkan Şorayın çəkilməsi də maraqlı idi. Bu film Nazim Hikmətin “Fərhad və Şirin” əsərinin motivləri əsasında çəkilib. Nazim Hikmət türk modernist ədəbiyyatının ən parlaq nümayəndəsi olmaqla yanaşı, əqidəsinə görə Türkiyədən qovulmuşdu. 
Onun son filmi – “Qəribə adam” da Nazim Hikmətin əsərinin motivləri üzrə çəkilmişdir. Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi. Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə təmizliyinə görə "qəribə adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri aldığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamını itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlarin cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır. Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır.
Kinorejissor Əjdər İbrahimov haqqında çəkilmiş “Qəribə adam” sənədli film onun Rusiya Kinematoqrafçılar İttifaqı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Moskvadakı səfirliyinin təşkilatçılığı ilə Rusiya Mərkəzi Ədiblər evində keçiriləcək “Məhəbbətim mənim, kədərim mənim” adlı yubiley gecəsində nümayişi nəzərdə tutulur. Gecədə tanınmış incəsənət xadimləri, Əjdər İbrahimovun sənət yoldaşları, tələbələri və pərəstişkarları iştirak edəcəklər.
Ə.İbrahimov SSRİ-nin və Azərbaycan SSR-in Xalq artisti, Türkmənistan SSR Əməkdar incəsənət xadimi fəxri adlarına və Dövlət mükafatına, Qırmızı Əmək Bayrağı, “Xalqlar dostluğu” və “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdü.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

20 2019 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə