Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ahıska türkləri Azərbaycanda

Yeni kitablar

Ahıska türkləri Azərbaycanda

Bu yaxınlarda işıq üzü görmüş “Yarım əsrdən çox bir ailədə” kitabında məhsəti (ahıska) türklərinin tarixindən, məruz qaldıqları deportasiyadan, qarşılaşdıqları çətinliklərdən, talelərinin Azərbaycanla bağlı dövründən bəhs edilir. Kitabın müəllifi Nadir Hacıyev ixtisasca kimyaçıdır, uzun müddət Saatlı rayon partiya və sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. Onun dövri mətbuatda silsilə yazıları çap olunmuş, 
4 kitabı işıq üzü görmüşdür. 
Müəllifin yeni kitabının əvvəlində ahıska türklərinin 1413-cü ilə qədərki tarixi və sonrakı taleyi haqqında məlumat verilir. Bildirilir ki, onlar Qara Yusif 1413-cü ildə Mesxetiyanı – Ahıskanı zəbt etdikdən sonra Qaraqoyunlu tayfa ittifaqına, 1477-ci ildən isə Ağqoyunlu Uzun Həsənin hökmdarlığına tabe olmuşlar. 1555-ci ildə bağlanmış Amasiya sülh sazişinə qədər ahıskalılar Ağqoyunlu, sonra isə Səfəvilər dövlətinin tabeliyində yaşamışlar. 1578-ci ildən Səfəvi–Türkiyə müharibəsi ilə bağlı Mesxetiya Gürcüstanın cənub ərazisi kimi qəbul edilərək, 233 il Osmanlı İmperiyasının tabeliyində olmuşdur. Sonradan isə ahıskalılar 200 ilə qədər Rusiya imperiyasının tabeliyində olmuşlar. Bu dövrdə onlar 2 dəfə deportasiyaya məruz qalmışlar. 
Kitabda daha sonra göstərilir ki, 1944-cü ildən bu xalqın çətin, gərgin günləri başlandı. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsi 45 min 516 nəfər Ahıska türkünün və 29 min 505 nəfər digər xalqların nümayəndələrinin köçürülməsi haqqında qərar qəbul etdi. 20 sentyabr 1944-cü ildə həmin ərazidə hərbi vəziyyət elan olundu və 15 noyabr tarixində köçürülmə başlandı. 220 kənddən çıxarılmış hüquqsuz insanlar noyabr ayının 17-də 25 eşalonla Orta Asiya respublikalarına yola salındılar və 22 gündən sonra təyin olunmuş məntəqələrə çatdılar. Köçürülən əhalinin 55 min 500 nəfəri Özbəkistan, 11 min nəfəri Qırğızıstan, 29 min 500 nəfəri isə Qazaxıstan ərazisində yerləşdirildi. Yolboyu çox sayda xəstə, uşaq, qoca aclığa və soyuğa dözməyərək məhv oldu. 
Yeni nəşrdən məlum olur ki, İ.Stalinin ölümündən və İ.Beriyanın həbsindən sonra Gürcüstan SSR-də və Acarıstan MSSR-də yaşayan azərbaycanlı və digər millətlərin nümayəndələrinin haqsız sürgün olunması və onların üzərində olan qadağaların götürülməsi haqqında qərar verilib. Bundan sonra Ahıska türklərinin bir qrup nümayəndəsi toplantı keçirib, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinə müraciət qəbul edib. Bir qrup ziyalı bu qərarı Sov.İKP MK-nın baş katibi N.Xruşşova təqdim etmək üçün Moskvaya gedib, lakin Kremldə müraciətə müsbət cavab verilməyib.
Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəsi İslam İskəndərov təsadüfi görüş zamanı onlara məsləhət görüb ki, bu barədə Azərbaycanın rəhbəri İmam Mustafayevə müraciət etsinlər. Ahıskalıları qəbul edəndən sonra İmam Mustafayev N.Xruşşovla görüşərək məsələni müsbət həll edib. Həmin dövrdən ahıskalılar kiçik qruplarla Azərbaycana gəliblər, əsasən, Saatlı, Sabirabad, Beyləqan və Xaçmaz rayonları ərazilərində məskunlaşıblar. O vaxtdan bəri, ahıskalılar yerli əhali ilə bir ailə kimi yaşayıblar. Azərbaycanlılar onları doğmaları kimi qəbul ediblər, bütün sahələrdə, xüsusən də kənd təsərrüfatında birlikdə çalışıblar. 
Kitabın sonunda sürgün iştirakçılarının xatirələri, Azərbaycanda yaşayan məhsəti türklərinin qəhrəmanları, tanınmış nümayəndələri, Qarabağ döyüşlərində iştirak edən və şəhid olan ahıskalılar haqqında yığcam məlumat verilib.

 

Saleh ƏLİYEV, 
Bakı Dövlət Universitetinin dosenti 

20 2019 21:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə