Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” fəxri fərmanla təltif edilib

 Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” fəxri fərmanla təltif edilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə “Soyqırımı Memorial Kompleksi”nin mətbuat xidmətindən bildirilib.

Tədbir çərçivəsində nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi və “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimatı olub.

Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. O qeyd edib ki, abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Xidmət rəisi çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr var. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Vaqif Əliyev söyləyib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər həmçinin “açıq qapı” günü təşkil edilir.

Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub.

Mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Azərbaycan Respublikasınin Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin müvafiq sərəncamı ilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Tədbirdə ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı videoçarx nümayiş olunub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə