Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxın 58 mininci sakini pulsuz tibbi müayinədən keçdi...

Qazaxın 58 mininci sakini pulsuz tibbi müayinədən keçdi...

Ölkə Prezidentinin tapşırığına və tövsiyəsinə uyğun olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da mütəşəkkil qaydada davam edir. Bu ilin fevral ayının 12-dən start götürən aksiya çərçivəsində  günən rayonun 58 mininci sakin müayinədən keçib. Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, eləcə də kənd həkim və tibb məntəqələrində aparılan müayinələr zamanı sakinlərdən 54 min 264 nəfər sağlam hesab edilmiş, 304 nəfər stasionar, 3235 nəfər ambulator, 105 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb olunmuş, 105 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.

May ayının 12-dək davam edəcək tibbi müayinə aksiyasının bütün rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları ilə təchiz olunmuş və hər cür şərait yaradılmışdır.  Rayon Mərkəzi xəstəxanasının baş həkiminin əmrinə əsasən müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılıb. Bu  briqadalar qrafik üzrə kənd tibb məntəqələrində olur, ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri  evlərində müayinə edirlər. 

Məlumat üçün qeyd edək ki, bu günə kimi səyyar həkim briqadaları rayonun sərhəd kəndlərindən Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım,  Məzəm, Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı kəndlərində sakinləri tibbi müayinə ediblər. Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olan səyyar briqada burada yaşayan Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd sakinlərinə də tibbi xidmət göstəriblər.

Rayon sakinləri də ölkəmizdə bu xeyirxah aksiyanın təşkil olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyirlər. Növbəlilik əsasında müayinə olunduqlarını qeyd edən sakinlər onlara hər cür diqqət və qayğı göstərildiyini bildirirlər. Əhalinin pulsuz tibbi müayinəsi aksiyasının təşkil olunmasını yüksək qiymətləndirən hər bir rayon sakini dövlətin onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq edirlər. Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

Qeyd edək ki, rayon icra hakimiyyəti aksiyanın yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görüb.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

20 2019 14:35 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə