Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin problemləri uğurla həll edilir

Məcburi köçkünlərin problemləri uğurla həll edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında  Bakının Kürdəxanı qəsəbəsində tikilmiş 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşına qayğısının növbəti nümunəsidir. Yeni binalar 15 hektar torpaq sahəsində inşa edilib. 2018-ci ilin martında başlanmış tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. 

Yeni kompleksdə insanların normal yaşaması və fəaliyyəti üçün lazımi  infrastruktur yaradılıb: məktəb, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı, uşaq meydançaları salınıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Eyni zamanda, elektrik, su, qaz, istilik təchizatı, suvarma sistemləri, rabitə və televiziya şəbəkəsi qurulmasına xüsusi diqqət yetirilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 103-cü müasir yaşayış kompleksidir.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, köçkünlərimizin böyük əksəriyyəti əvvəllər çadırlarda yaşayıb, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edilib. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib. Bu il isə minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısı əminliklə qeyd etdi ki, həmin mənzillər ilin axırına qədər istifadəyə veriləcək.
Bütün bu tədbirlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Prezidentin özü də məcburi köçkünlərlə görüşdə bəyan etdi ki, ona yerlərdən məktublar və müraciətlər gəlir, insanlarımız ölkədə aparılan islahatları dəstəkləyir, buna yüksək qiymət verirlər. Prezident İlham Əliyev dedi: “Bu, bizə əlavə imkanlar yaradır. Biz ölkəmizi müasirləşdirməliyik, biz Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək”.
İnanırıq ki, belə də olacaq. Çünki hər bir Azərbaycan vətəndaşının prezidenti olacağı barədə vədini dönə-dönə doğrultmuş dövlət başçımızın bundan sonra da xalqımızın rifahının yaxşılaşması üçün əlindən gələni edəcəyinə əminik. 

 

Əbülfət QASIMOV,
ehtiyatda olan polkovnik-leytenant

 

 

20 2019 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 İyul 2019 | 11:34
Qusarda qanvermə aksiyası

Köhnə versiyamızdan xəbərləri izlə