Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Piylənmənin idarə olunmasında yeni tendensiyalar

Piylənmənin idarə olunmasında yeni tendensiyalar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkil etdiyi “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans EASO (European Association for the Study of Obesity – Piylənmənin Tədqiqi üzrə Avropa Assosiasiyası) üzvlərinin, o cümlədən dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professor və aparıcı mütəxəssislərin iştirakı ilə təşkil edilib.

İSİM-in İdarə Heyətinin üzvü Aris Rüstəmov bildirib ki, ölkəmizdə qeyri-infeksion xəstəliklərə qarşı mübarizə səhiyyə sisteminin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilib. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın əsas məqsədi həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına nail olmaqdır.

O, konfransın Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunduğunu və 7 kredit balı təşkil etdiyini vurğuladı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə, müasir cəmiyyətin ciddi tibbi-sosial və iqtisadi problemi olan piylənməyə qarşı İSİM-in həyata keçirdiyi layihələr, təhsil müəssisələrində təşkil edilən maarifləndirici tədbirlər, o cümlədən yerli və beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq barədə məlumat verib.

Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının rəhbəri Sevinc Zaman piylənmədən əziyyət çəkən xəstələrin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması, piylənmənin idarə olunması sisteminin həyata keçirilməsi, izlənilməsi və nəzarət edilməsi kimi məsələlərlə bağlı EASO, OMTF (Obesity Management Task Force – Piylənmə ilə Mübarizədə İşçi qrup) və Avropa Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyi ilə əməkdaşlığın həyata keçirilməsi istiqamətində konfransın rolundan bəhs edib.     Avropa Piylənmə Araşdırmaları Assosiasiyasının vitse-prezidenti Volkan Yumuk “Yetkinlərdə piylənmənin müalicəsində yeni metodlara baxış” movzusunda təqdimatla çıxış edib və piylənmənin ictimai səhiyyənin əsas problemlərindən biri olduğunu vurğulayıb.

Konfransda piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyəyə göstərişlər və əməliyyat növləri, piylənmə ilə mübarizədə ixtisaslaşmış mərkəzlərin yaradılması və digər mövzularda ekspertlərin mühazirələri dinlənilib.

Konfransın fəal iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olundu.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 12:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə