Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

And və əməl

And və əməl

Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Onun andı ilə əməli həmişə bir-birini tamamlayıb. Nəyi “edəcəyik” deyirsə, hamısı reallaşdırılır. Hansı məqsədə nail olmağı qarşıya qoyursa, həmin məqsəd günümüzün reallığına çevrilir. Bu keyfiyyətlər onun mükəmməl təhsili, yüksək savadı və fərdi keyfiyyətləri ilə yanaşı, həm də Heydər Əliyev siyasi məktəbinin “məzunu” olması ilə bağlıdır. Çünki andın, vədin, sözün əməllərlə tamamlanması Heydər Əliyevə xas olan göstəricilərdəndir. 

Prezident İlham Əliyevin ötən il aprelin 18-də keçirilən andiçmə mərasiminin ildönümü günlərində mətbuatda, radio və televiziyalarda həmin möhtəşəm tarix barədə verilən materialların hamısında xüsusi olaraq vurğulanır ki, Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev siyasi kursuna sədaqət prinsipləri dayanır. Heydər Əliyev də xalqa güvənir və inanırdı, İlham Əliyev də həmin yoldadır. Xalq Heydər Əliyevi də daim dəstəkləyirdi, İlham Əliyevə də həmişə inam və etimad göstərir. Ötən ilin aprelində keçirilmiş prezident seçkilərinin nəticələri məhz həmin inam və etimadın miqyasını ortaya qoymuşdu.
Cənab Prezident andiçmə mərasimindəki nitqində bu məsələni xüsusilə qabartmışdı: “İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Bəli, o, andiçmə mərasimində dedi ki, mən bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Həmin ləyaqətli xidmətin nəticələrini isə cənab Prezidentin bu il mart ayının 20-də Azərbaycan xalqına ünvanladığı Novruz təbrikində oxuya bildik: “Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi fərman imzalanıb. Onu deyə bilərəm ki, bu fərmanın dünyada bənzəri yoxdur və bu fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır”.
Başqa bir məqama diqqət yetirək. Cənab Prezident ötən il aprelin 18-dəki andiçmə mərasimində əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”
Prezident İlham Əliyevin andiçmə mərasimində üzərinə götürdüyü “Azərbaycan Respublikasının Konstitusiyasına əməl etmək” barədə məsuliyyətin yerinə yetirilməsini hər gün, hər an, onun gündəlik fəaliyyətində görürük. Dövlətin müstəqilliyini qoruyacağı barədə üzərinə götürdüyü öhdəliyin icrasına Bakının beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilməsi zamanı şahidlik edirik. Üstəlik, ötən ilin yay aylarında Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədini parafladı. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.
Dövlətimizin ərazi bütövlüyünün qorunacağı barədə öhdəliyə gəlincə isə həmin istiqamətdə həyata keçirilmiş tədbirlər haqqında məhz cənab Prezidentdən eşitdiyimiz fikirləri yada salmaq zərurəti yaranır: “Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq, təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri – Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.
Bu gözəl gündə, Azərbaycanı regionun lider dövlətinə çevirmiş, ölkəmizi beynəlxalq aləmin əsas aktorlarından biri səviyyəsinə qaldırmış liderin andiçmə mərasiminin ildönümü münasibətilə qələmə aldığımız yazıda bədxahlarımızın və antimilli qüvvələrin adının çəkilməsi bəlkə də yerinə düşmür. Amma yenə də qeyd etmək istəyirik ki, Azərbaycanın sürəti inkişafını, hərtərəfli islahatların dönməz xarakter aldığını görüb əndişələnən qara qüvvələrin bacara biləcəyi yeganə “göstərici” məhz həmin əndişələr olacaq. Çünki xalq öz Prezidentinin arxasında, Prezident isə öz xalqının önündədir.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

19 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə