Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada heyvanlarda yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Ağstafada heyvanlarda yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

 Dövlət Baytarlıq Xidməti bildirir ki, Ağstafada  2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Ağstafa Rayon Baytarlıq İdarəsinin 14 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

 Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq rayonun ayrı-ayrı təsərrüfatlarında iribuynuzlu, təkdırnaqlı heyvanlarda, it və quşlarda  xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb. Mart ayının ilk günlərindən Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

   Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 954 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Ərazidə profilaktik dezinfeksiya tədbirləri görülüb.

   Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

    Ağstafa rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

       Z.BƏŞİRQIZI,
      
“Xalq qəzeti”

19 2019 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə