Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın rifahına xidmət edən inqilabi addımlar

Xalqın rifahına xidmət edən inqilabi addımlar

Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkəmizdə son prezident seçkilərindən bir il ötdü. Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə müşahidə edilən yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat yaradıb. Dövlət başçısı 2019-cu il aprelin 15-də öncədən imzaladığı sərəncamların icrası ilə əlaqədar bir sıra fərmanlar verdi. Bu fərmanlar “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” fevralın 25-də imzalanmış sərəncamda nəzərdə tutulan tədbirlərin icrasını daha da sürətləndirəcək. Bununla da əlilliyi olanlara, müharibə veteranlarına, sosial müavinət alanlara, beşdən çox uşağı olan qadınlara və digər aztəminatlı kateqoriyadan olanlara verilən müavinətlərin, pensiya və təqaüdlərin artırılmasına start verildi. Artıq aprelin 1-dən etibarən bu müavinət və təqaüdləri alacaq şəxslər həmin məbləğləri ayın sonuna qədər əldə edəcəklər.

Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezidentin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.
 Seçkilərdə qələbə qazandıqdan sonra dövlət başçısının imzaladığı ilk fərmanın (2018-ci il 19 aprel) şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsini genişləndirdi, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutuldu. Ötən il noyabrın əvvəllərindən bəri 6200-dək şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmə verilib. Bu il isə digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər.
 Ümumilikdə, seçkilərdən sonrakı dövrdə – Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2018-ci il avqustun 1-də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri, həmçinin bu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyadan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti təsdiqi oldu. Mənzillərin təqdim olunması mərasimindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6654-ə çatdı. 
 2019-cu il 28 yanvar tarixli sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. Eləcə də 18 mart 2019-cu il tarixli sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6144 avtomobil verilib. 
 Şəhid ailələri ilə görüşdə onlara diqqət və qayğı göstərilməsinin öz fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bundan iki gün sonra, 30 yanvar 2019-cu ildə imzaladığı fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünü 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünü 21 fevral 2019-cu il tarixli fərmanla 220 manatdan 300 manata çatdırdı.
 “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”,-- deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində cari ilin ötən dövründə ciddi addımların atılması ilə real təsdiqini tapıb. Cənab Prezidentin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində elektron xidmətə keçid istiqamətində mühüm addım oldu. Pensiya yaşına çatmış şəxslərə bu barədə elektron qaydada məlumat göndərilməsinə imkan yarandı. Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Həmin islahat tədbiri fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı olan yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajının avtomatik hesablanmasına, beləliklə, minlərlə insanın pensiya təminatı sistemi ilə əhatə olunmasına şərait yaratdı. Bu da məhz Prezident İlham Əliyevin yaşlı əhaliyə qayğıkeş münasibətinin daha bir nəticəsidir. 7 fevral 2019-cu il tarixli sərəncamla pensiyalar əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım göstəricisinə uyğun indeksləşdirilərək artırıldı.
 Dövlət başçısının təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi fevralın 19-da Milli Məclisdə qəbul edildi. Prezident tərəfindən 27 fevral 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalandı. Bununla da minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması 233 min vətəndaşın pensiyasında xeyli artıma səbəb oldu.
 Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli sərəncamla ölkədə minimum əməkhaqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılıb.
 Dövlət başçısının imzaladığı 25 fevral tarixli sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən əlilliyi olan 300 min şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi və bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Fevralın 26-da imzalanan sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevralda imzalanan sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu.
 Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioritet kimi müəyyən edən Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edən, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Prezidentin yüksək humanizmini, daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 19 fevral tarixli fərman isə istismarına icazə verilməmiş çoxmənzilli binaların sakinlərindən ibarət 350 – 400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu.
 Beləliklə, Prezidentin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi. Həmçinin dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanıldı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi ilə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlər “bir pəncərə”dən operativlik, şəffaflıq prinsipləri əsasında təqdim ediləcək, ölkəmizin sosial xidmətlər sahəsində yeni brendi formalaşacaq. İlk “DOST” mərkəzi yaxın vaxtlarda Bakı şəhərinin Yasamal rayonunda açılacaq. Ümumilikdə, 2019--2025-ci illərdə Bakı və ölkəmizin regionlarında 31 belə mərkəz yaradılacaq. 5 sentyabr tarixli fərmanla isə ƏƏSMN tərəfindən ölkəmizdə ilk sosial reyestr olan, vətəndaşların onlarla bağlı toplanmış məlumatlara və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxışına imkan verən “e-sosial” internet portalı, məşğulluq alt sistemi və s. yaradılıb. Dekabrın 10-da imzalanan fərmanla övladlığagötürmə sahəsində ölkəmizdə yeni idarəetmə modeli qurulur. Bu model övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin təmin olunmasının üstünlüyü prinsiplərinə əsaslanır.
 Bütün qeyd edilənlər Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyevin seçkilərdən ötən bir ildə reallaşdırdığı uğurlu sosial islahatlar paketinin nailiyyətləri olmaqla, vətəndaşların rifahında ciddi müsbət dəyişikliklərə əsas ­yaratdığını göstərir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə