Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib

Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr olunub. 

Dəyirmi masanı institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixinin aktual dövrlərinə – Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Azərbaycan Xalq Cümhuriyyəti-İran diplomatik münasibətləri, Dağlıq Qarabağ və digər mövzulara həsr olunmuş kitablarının çapdan çıxdığını söyləyib. Qeyd edib ki, akademikin sözügedən əsərlərində Azərbaycan tarixinin mahiyyəti araşdırılıb, onun məna və məzmunu üzə çıxarılıb, həmçinin elmi dövriyyəyə nadir tarixi sənədlər, yeni mənbələr daxil edilib.
“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında müəllifin xanlıqların taleyini təfərrüatı ilə təsvir etdiyini deyən professor İlham Məmmədzadə bildirib ki, əsərdə, həmçinin ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazilərinə köçürülməsi erməni tarixçilərin əsərlərindən faktlar gətirilməklə oxucuya təqdim olunur. Kitabda tədqiqatçılara tövsiyələr verilir, tarixi araşdırmaların necə aparılmalı olduğu, tarixi material və mənbələrin hansı rol oynadığı, tarixi geosiyasi münasibətləri dərk etməyin nə qədər vacib olduğu izah edilir. Əsərin filosoflar üçün qiymətli mənbə olduğunu deyən professor İlham Məmmədzadə fəlsəfi ümumiləşdirmə və yanaşmalarla Azərbaycan tarixinin müxtəlif dövrlərini anlamaq və onun mahiyyətini aşkar etməyin mümkün ola biləcəyini vurğulayıb. 
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” və fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin “Xanlıqlar institutunun siyasi-ideoloji xəritəsi yazılan sənədlərdə” mövzularında məruzələri dinlənilib. 
Tədbirdə, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Fəlsəfə İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə elmləri doktorları – Füzuli Qurbanov, Əlikram Tağıyev, Arif Bünyadov və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli çıxış edərək xanlıqlar dövrünün Azərbaycan tarixində mühüm yer tutduğunu söyləyib, əsərdə sənədlərdən və tarixi məxəzlərdən istifadə olunmasını yüksək qiymətləndiriblər. Bundan əlavə, SSRİ dövründə Azərbaycan tarixinin təhrif edildiyi bildirilib, nəşrin tarixi həqiqətləri üzə çıxarması, cəmiyyətin, xüsusilə də gənclərin maarifləndirilməsi baxımından önəmi qeyd edilib.
Vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına təkan verəcək.

 

AZƏRTAC

 

 

19 2019 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə