Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan amili dövlət siyasətində prioritetdir

İnsan amili dövlət siyasətində prioritetdir

Prezident İlham Əliyevin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarlar qəbul etməsi böyük rəğbətlə qarşılanıb. Aztəminatlı ailələrin, məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının və əlillərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Ölkə başçısının müvafiq fərman və sərəncamları ilə minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması əhalinin həyat tərzinin daha da yüksəldilməsində mühüm rol oynayıb.

Bu tədbirlərin davamı olaraq, xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı son illərin ən mühüm hadisələrindən biridir. 
Dövlətimizin başçısının bu günlərdə imzaladığı “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanında dəyişiklik edilməsi barədə sənəd aztəminatlı ailələrin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım oldu. Bu fərmanla 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, Çernobıl qəzası nəticəsində I və II qrup əlilliyi müəyyən edilmiş şəxslərin də pensiyaları artırılıb. 
Seçicilərimlə keçirdiyim görüşlər zamanı onlar möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasi kursu hamılıqla dəstəklədiklərini bildirirlər. Bir neçə il əvvəl də Kür çayı daşarkən evləri su altında qalmış sakinlər yanlarında dövlət başçısını görmüşdülər. O zaman da möhtərəm Prezidentimiz daşqından ziyan çəkənləri əmin etdi ki, onlara dəyən zərər dövlət vəsaiti hesabına ödəniləcək və su altında qalmış evlərin əvəzində daha yaxşısı tikiləcək. Elə də oldu.
Son vaxtlar bir-birinin ardınca imzalanan sərəncam və fərmanlar, sistemli şəkildə aparılan islahatlar, mühüm əhəmiyyətli tədbirlərin icrası həm vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına, həm də dövlətə inamın artmasına mühüm təsir göstərib. Bütün bunlardan sonra insanların gələcəyə olan inamı daha da artıb. Onlar dövlət başçısına inanır, güvənir və ətrafında sıx birləşiblər.

 

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

 

19 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə