Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan konstruktiv mövqe tutaraq işğal edilmiş əraziləri azad etməlidir

Ermənistan konstruktiv mövqe tutaraq işğal edilmiş əraziləri azad etməlidir

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının hər bir yeni raundu çoxlarında bir ümid doğurur. Xüsusilə, torpaqlarının iyirmi faizi işğal altında olan Azərbaycan vətəndaşları çoxdan münaqişənin konstruktiv və ədalətli həllini gözləyir. 

Lakin danışıqların hər bir yeni raundundan sonra məlum olur ki, rəsmi İrəvan öz bədnam işğalçılıq niyyətindən heç bir vəchlə əl çəkmək istəmir. Görünən budur ki, Ermənistan dövləti sülh danışıqları pərdəsi altında imitasiya ilə məşğuldur. 
Bu il aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü oldu. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra jurnalistlərə bildirib ki, tədbir faydalı və substantiv keçib.
Nazir qeyd edib ki, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırıb. Biz isə erməni qoşunlarının işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırmışıq. 
İlk baxışda ümid etmək olardı ki, rəsmi İrəvan, nəhayət, qismən də olsa, konstruktiv mövqe nümayiş etdirməyə yaxındır. Lakin tezliklə məlum oldu ki, Ermənistan rəhbərliyi əvvəlki kimi, faktiki olaraq bütün saxta vasitələrlə münaqişənin həllini yubatmağa çalışır. 
Üstəlik, Ermənistan iqtidarı əhalinin diqqətini bu ölkədə sürətlə artan sosial-iqtisadi problemlərin həllindən yayındırmaq üçün daxili auditoriyaya hazırlanmış “dava ritorikası”nı işə salıb. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan ağzını açıb “qan-qan” deyir. Ermənilər özləri də dərk edirlər ki, Tonoyan bunu ordusunun “güc”ünə bələd olduğu üçün qorxudan edir. 
Əslində, Nikol Paşinyanın sülh istəməsi qeyri-səmimidir. Sülh istəyən adam qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmalıdır. Bunu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri də tələb edir. Onlar isə bu torpaqlardan əl çəkmək fikrində deyillər. 
Artıq beynəlxalq ictimaiyyət Ermənistan dövlətinin xarici siyasətinin riyakar xislətini yaxşı başa düşür. İrəvan işğal etdiyi Dağlıq Qarabağın ərazisində əhalini dolandıra bilmir. Bunun üçün min bir saxta vədlə iri əcnəbi biznes qurumlarını qondarma respublikaya yatırım etməyə çağırır. 
İtaliyanın Guido Carli LUİSS Universitetinin professoru Natalino Ronzitti bu məsələ ilə bağlı bildirib ki, işğal altında olan ərazilərdə qeyri-qanuni biznes və sair fəaliyyətin göstərilməsi beynəlxalq hüquqa ziddir. Bu ərazilərdəki təbii sərvətlərdən istifadə qadağan edilir. 
Ermənistanın baş naziri Nikol Paşinyan isə özünə gah Qərbdə, gah da Rusiyada “dayı” axtarır. Hər yerdə də yalandan saxta etibar və sədaqətini nümayiş etdirməyə cəhd edir. 
Əslində, Paşinyan siyasi bleflə məşğuldur, ona heç yerdə inanmırlar. 
Bu günlərdə Strasburqdan əliboş qayıdan Paşinyan yenidən Moskva ilə “əbədi dostluq” barədə bəyanatlar verməyə başlayıb. Utanmadan Ermənistan-Rusiya münasibətlərinin “yüksək səviyyədə” olması barədə iddialar irəli sürür. Lakin bu iddialar reallıqda öz təsdiqini tapmır. 
N.Paşinyana xüsusi yaxınlığı ilə seçilən Ermənistan parlamentinin üzvü Andranik Koçaryan 1999-cu il 27 dekabr hadisələri ilə bağlı bildirib ki, bunlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Nikol Paşinyanın özü isə vaxtilə bildirmişdi ki, 2016-cı il aprel döyüşlərinin arxasında Rusiya dayanıb. 
Ermənistanda əhalinin güzəranı gündən-günə pisləşməkdə davam edir. “Armenianreport.com” saytı yazır ki, indi gənclər ölkəni kütləvi şəkildə tərk edirlər. Sayt buna əsas səbəb kimi son illər Ermənistan ordusunda əsgər ölümlərinin kəskin artmasını, buradakı işgəncələri, korrupsiya və normal qidalanmamanı göstərir. 
Reallıq budur ki, ermənistanlı gənclər belə orduda xidmət etmək və Qarabağda qurbana çevrilmək istəmirlər. Həm bu səbəbdən, həm də ölkədə gənclərin inkişafı üçün heç bir perspektiv olmadığına görə, onlar ölkədən qaçmağa çalışırlar. 
Fikrimizcə, “Armenianreport.com” saytı gənclərin fərariliyi ilə bağlı əsas amili “unudub”. Axı, Azərbaycan Ordusunun 2016-cı il şanlı Aprel döyüşlərindən sonra ermənilər hələ də vahimə içindədirlər. Doğma torpaqlarını azad etmək arzusu ilə alışıb yanan yüksək peşəkar Azərbaycan Ordusu qarşısında işğalçı əsgərlər müqavimət göstərmək gücündə deyil. Bu, həqiqətdir. Düşmən, nə qədər ki, gec deyil, bundan nəticə çıxarmalıdır. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

 

 

19 2019 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə