Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada idman dövləti kimi tanınır

 Azərbaycan dünyada idman dövləti kimi tanınır

Azərbaycan idman dövlətidir. Bunu ­bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, ­Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə ­layiqli yer tutublar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti


Azərbaycan müstəqil dövlət kimi bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara əsaslanan çoxşaxəli siyasi strategiya bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, bütün sahələr kimi idman da diqqətdən kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti bu gün Azərbaycanı idman ölkəsinə çevirib. Bu, idmançıları yeni qələbələrə ruhlandırır.

 

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı idman növləri üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Həmin vaxtdan başlayaraq, xeyli sayda idman komplekslərinin, meydançaların, idman-sağlamlıq mərkəzlərinin tikilməsi, bəzilərinin yüksək keyfiyyətlə təmir olunması diqqət mərkəzində saxlanılmışdır. İdmana və idmançılara göstərilən qayğı Azərbaycan idmanının şöhrətini getdikcə artırmışdır.

İdmanımız yeni mərhələdə

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Həmin vaxt cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Milli Olimpiya Komitəsinin prezidenti kimi, cənab İlham Əliyevin Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli Olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı. Yeri gəlmişkən, qeyd edim ki, hazırda idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilib. Rayonlarda 44 Olimpiya İdman Kompleksi tikilib və fəaliyyət göstərir. Yaxın vaxtlarda bu komplekslərin sayı 47-yə çatacaq.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 16 ildə dövlətimizin başçısı idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm vermiş, daim respublikamızın idman imicinin yüksəldilməsinə çalışmışdır. Hazırda Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bütün bunlar gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda beynəlxalq səviyyəli yarışların təşkil olunması, idmançılarımızın müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərmələri də bundan xəbər verir. Dövlət başçısının bu yarışları öz ailə üzvləri ilə birlikdə şəxsən izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması yeni qələbələrə zəmin yaradır.

 

Bir ildə 263 qızıl medal

Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

İdmançılarımızın hər dəfə beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər, bayrağımızı ucaltmaları, Dövlət himnimizi səsləndirmələri Azərbaycana şərəf gətirən amillərdir.

2018-ci il də Azərbaycanın idman salnaməsində yaddaqalan oldu. Söz yox ki, hər il idmançılarımızın yüksək nailiyyətlər qazanması artıq ənənə halını alıb. Ötən il də parlaq qələbələrin şahidi olduq. İdmançılarımız dünya və Avropa çempionatlarında və digər nüfuzlu beynəlxalq yarışlarda 753 medal, o cümlədən 263 qızıl medal qazandılar.

Qürurverici haldır ki, idmançılarımız ötən il ümumilikdə, 236 yarışda, respublika əhəmiyyətli isə 225 yarışda iştirak ediblər. Ölkəmizdə 58 beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir.

 

Dövlət himnimiz bütün ölkələrdə səsləndirilir

 

Dövlətimizin başçısı idman sahəsində qazanılan qələbələri yüksək qiymətləndirərək demişdir ki, bu qələbələr, sadəcə olaraq idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, yarışlarda qazanılan qələbələr, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə qeyd etməliyəm ki, bizim idmançılarımızın mütləq əksəriyyəti həyatda və məişətdə də vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər.

Dövlət başçımızın idmana və idmançılara göstərdiyi diqqət və qayğı beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Dünya və Avropa miqyaslı mötəbər idman yarışlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi də bu inam və etibarın nəticəsidir. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya stadionu, müasir tələblər səviyyəsində tikilmiş otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində mühüm rol oynayıb.

Sevinirəm ki, ölkəmizin idman nailiyyətlərində bizim liseyin də payı var. İdmançılarımızın dünyanın əksər ölkələrində bayrağımızı yüksəkliyə qaldırmağa və Dövlət himnimizi səsləndirməyə nail olmaları hər birimizdə qürur hissi yaradır. Liseyimizin yetirmələri də dəfələrlə bu şərəfə nail olublar. Onların arasında Olimpiya, Dünya, Avropa çempionlarının olması yetişən gənc nəslin, liseydə təhsil alan yeniyetmələrin idmana olan marağını daha da artırıb.

Bu gün idmanla yanaşı, bütün sahələrdə Azərbaycan müstəqil dövlət kimi xariqələr yaradır, dünya birliyində söz sahibinə çevrilir. Bütün bu uğurlar möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən uğurlu strategiyanın nəticəsidir.

Rasim MURADOV,
Olimpiya İdman Liseyinin direktoru

 

 

 

 

18 2019 23:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə