Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI
№ 172             Bakı şəhəri, 16 aprel 2019-cu il
 
“Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Bakı Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirləri görməsini təmin etsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 16 aprel

tarixli 172 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Bakı Dövlət Universitetinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Universitet “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

1.2. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparan publik hüquqi şəxsdir.

1.3. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur.

1.4. Universitetin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Universitet “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Universitetin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.6. Universitet öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.7. Qanuna uyğun olaraq, Universitetin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Universitet məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Universitetin fəaliyyətinə lisenziya Azərbaycan Respub-likasının “Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.

1.9. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Universitetin elmi qurumları isə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.10. Universitetdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.11. Universitet öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.

1.12. Universitetin ali təhsil sahəsində beynəlxalq əlaqələri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

1.13. Universitet Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 23 ünva-nında yerləşir.

 

2. Universitetin fəaliyyətinin məqsədi və istiqamətləri

 

2.1. Universitetin fəaliyyətinin məqsədi cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, yüksəkixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təmin etməkdir.

2.2. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

2.2.2. magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

2.2.3. doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi və elmi-pedaqоji kadrların hazırlanması, iхtisas və elmi dərəcələrin yüksəldilməsi;

2.2.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

2.2.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

 

3. Universitetin vəzifələri və hüquqları

 

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Universitetin vəzifələri aşağıdakılardır:

3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;

3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;

3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

3.1.6. ali təhsilin müvafiq səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlanmasını həyata keçirmək;

3.1.7. profilinə uyğun olaraq, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi-tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;

3.1.8. dövlət təhsil standartlarına və ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri səlahiyyətləri çərçivəsində hazırlamaq;

3.1.9. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək və həyata keçirmək;

3.1.10. Universitetin müvafiq sahədə beynəlxalq fəaliyyətini və xarici əlaqələrini təmin etmək;

3.1.11. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək;

3.1.13. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin Universitetin nizamnaməsi, lisenziyası və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;

3.1.14. Universitetin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.15. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;

3.1.16. Universitetin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. Universitetə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. Universitetin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.21. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.22. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;

3.1.23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.24. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.25. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarından irəli gələn digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Universitetin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq struktur bölmələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə orta ixtisas təhsili həyata keçirmək;

3.2.2. öz imkanları daxilində, bu Nizamnaməyə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil etmək;  

3.2.3. xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramları həyata keçirmək;

3.2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;

3.2.5. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;

3.2.6. elmi əsərlər, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;

3.2.7. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.2.8. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil etmək və göstərmək;

3.2.9. fəxri professor (doktor) adı vermək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.11. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.12. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.16. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarından irəli gələn digər hüquqları həyata keçirmək.

3.3. Universitetdə təhsil dövlət sifarişi, dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin Universitetdə təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.

3.5. Universitetdə tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir.

3.6. Universitetdə təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarına, həmçinin həmin qanunlardan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

 

4. Universitetin idarə olunması

 

4.1. Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanunlarına və bu Nzamnaməyə uyğun olaraq idarə edilir.

4.2. Universitetin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:

4.2.1. Universitetin Nizamnaməsinin və strukturunun təsdiqi;

4.2.2. Universitetin Nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;

4.2.4. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.6. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Universitetə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;

4.2.7. Universitetin yenidən təşkili və ləğv edilməsi.

4.3. Universitetin Nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

4.4. Bu Nizamnamədə dəyişikliklər Universitetin Elmi Şurasında müzakirə olunur və bu Nizamnamənin 4.3-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilir.

4.5. Universitetə münasibətdə təsisçinin səlahiyyətlərini (Nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü və 4.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

4.6. Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.

4.7. Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.

4.8. Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

4.9. Universitetin cari fəaliyyətinə rektor rəhbərlik edir.

4.10. Universitetin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin Universitetin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində Universitetə dəymiş zərərin əvəzini ödəməlidir.

4.11. Rektorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.

4.12. Rektor:

4.12.1. Universitetin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

4.12.2. Universiteti dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

4.12.3. Universitetin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.4.   Universitetin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təkliflər verir və sənədlər (o cümlədən, Universitetin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.12.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.12.6. Universitetin işçilərinin (prorektor istisna olmaqla), o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə Universitetin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

4.12.7. Universitetin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.8. Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

4.12.9. Universitetin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.10. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında Universitetin cari fəaliyyətinə dair hesabatlar verir;

4.12.11. Universitetin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.12.12. Universitetin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.12.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Universitetin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə Universitetin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri Universitetin aktivlərinin 5 (beş) faizini və daha çox, həmçinin 5 (beş) faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.14. fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qrupları yaradır;

4.12.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.12.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.12.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.12.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.12.19. Universitetin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

4.13. Prorektorları, Universitetin təqdimatı əsasında Azərbay-can Respublikasının Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir.

4.14. Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi-tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları yaradıla bilər.

4.15. Universitetdə elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda Universitetin rektorunun (prorektor istisna olmaqla) əmri ilə rəsmiləşdirilir.

4.16. Təhsilalanların, təhsilverənlərin, Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları, bu Nizamnamə və Universitetin daxili intizam qaydaları ilə, eləcə də Universitetlə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda əmək müqavilələri ilə tənzimlənir. Universitetdə əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin (xüsusilə həmin Məcəllənin 45-ci və 47-ci maddələrinin) tələbləri nəzərə alınmaqla bağlanılır.

 

5. Universitetin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1.    Universitetin nizamnamə fondu 50.000.000 (əlli milyon) manatdır.

5.2.    Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli təhsildən əldə olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən digər daxilolmalardan, ianələrdən, qrantlardan daxil olan vəsaitdən formalaşdırılır.

5.3.    Universitetin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.4.    Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

5.5.    Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

5.6.    Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

5.7.    Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır.

5.8.    Universitet Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak Universitetə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

5.9.    Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir.

5.10. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

5.12. Universitetin büdcədənkənar mənbələrdən daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.13. Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

5.14. Universitet büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir.

5.15. Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Universitetin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

 

6. Universitetin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Universitetin fəaliyyətinə nəzarəti Azərbaycan Respub-likasının Təhsil Nazirliyi, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Universitetin idarəetmə orqanları həyata keçirirlər.

6.2.    Azərbaycan Respublikasının Təhsil Nazirliyi Univer-sitetdə plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

6.3.    Universitetin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.

6.4.    Universitetin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunları ilə müəyyən edilir.

6.5.    Universitet idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.6.    Universitetin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün Himayəçilər Şurası kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.

6.7.    Universitetdə daxili audit bölməsi yaradıldığı halda, Himayəçilər Şurası həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.

 

7. Universitetdə uçot və hesabat

 

7.1.    Universitet “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2.    Universitet “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Universitetin yenidən təşkili və ləğv edilməsi

 

8.1. Universitetin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə