Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Tamaşa İstanbul Şəhər Teatrlarının təşkilati və maddi dəstəyi ilə hazırlanıb.

Tədbirdə  Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, səfir Xəzər İbrahim, baş konsul Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri və digərləri iştirak ediblər.   
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.
Baş rolların ifaçıları Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyıkdır.
Səhnə əsərinin musiqisi xüsusi olaraq bu tamaşa üçün Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə tərəfindən bəstələnib.
Bu tamaşada ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib. 
Tamaşaya baxışdan sonra çıxış edən Məlahət Abbasova, Əbülfəs Qarayev və Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir yazıçını türk, eləcə də dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsərin 1918-ci ildə yazılmasına baxmayaraq, mövzu bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.
Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Bu əsərin Türkiyənin ən görkəmli səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.  

 

Günel Məlikova, 
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

18 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə