Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhkəmə-hüquq sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycan məhkəmə-hüquq sistemi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycanda son illərdə məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilmiş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənmiş, insanların məhkəmələrə müraciət imkanları xeyli asanlaşmış, infrastruktur müasirləşmişdir. Eyni zamanda, ölkəmizdə hakimlərin seçiminin ən şəffaf qaydaları tətbiq olunur və bu gün məhkəmə hakimiyyətində təmsil olunan hakimlərin əksəriyyətini məhz bu seçim əsasında təyin olunanlar təşkil edir.

Məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlar həm də beynəlxalq aləmdə böyük maraq doğurur, bu sahədə ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilərək tətbiq olunan yeniliklər, o cümlədən hakimlərin ən şəffaf seçim proseduru, məhkəmələrin yüksək statusuna uyğun müasir infrastrukturunun yaradılması, yeni innovativ elektron sistemlərin tətbiqi sahəsində Azərbaycanın müsbət təcrübəsi digər dövlətlərə nümunə göstərilir.
Bütün bunlar dövlət başçısının insanlara layiqli xidmətlərin göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı tapşırıqlarından irəli gəlir. Ölkə Prezidentinin insan hüquqlarının etibarlı təminatına həssas münasibətinin və humanist siyasətinin təzahürü olaraq 2017-ci ilin fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamı da məhz insanların azadlıq hüququnun qorunmasına, onlara ədalətli, humanist mövqedən yanaşılmasına xidmət edir. Bu sərəncam ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələdə davamına təkan verməklə cəza-icra siyasətinə baxışın yenilənməsini, cinayət qanunvericiliyinin təkmilləşdirilməsini, dünyada mövcud olan mütərəqqi təcrübələrin, o cümlədən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərində elektron nəzarət vasitələrinin tətbiqini şərtləndirmişdir. Sözsüz ki, sərəncamda məhkəmələr üzərinə də bir sıra mühüm vəzifələr qoyulmuşdur. Məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılması, cəzanın növü və həddini müəyyən edərkən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cinayət törətməkdə təqsirli bilinən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş hədlərdə ədalətli cəzanın təyin edilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilmişdir.
Bütövlükdə, proqram xarakteri daşıyan həmin sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası üzrə artıq bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin təşəbbüsü ilə əhatəliliyinə, konseptuallığına və tənzimlənmə sahəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə özündə humanistləşdirmə və liberallaşdırmanı ehtiva edən 300-ə yaxın dəyişiklik edilmişdir. Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməli dekriminallaşdırılmış, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi xeyli dərəcədə genişləndirilmiş, 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ cəzalar əlavə olunmuş və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlər həyata keçirilmişdir.
Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və cinayət hüquq normasının sanksiyalarına alternativ cəzaların daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulduğu halda dispozitiv əlamətlərinə görə tətbiqi qeyri-mümkün olan “Hərbi xidmət üzrə məhdudlaşdırma” cəzasının təsbit edildiyi maddədə dəyişiklik edilməklə, hərbi qulluqçunun (zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət keçən) cəmiyyətdən və xidmət yerindən təcrid olunmadan cəzasının çəkməsinə şərait yaradılmışdır. Belə ki, köhnə redaksiyada həmin cəzanın yalnız kontrakt (bağlaşma) əsasında xidmət keçən hərbi qulluqçulara təyin edilməsi nəzərdə tutulmuşdu. Lakin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində kontrakt əsasında hərbi xidmətkeçmə nəzərdə tutulmamışdı. 
“Hərbi xidmət əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş cinayətlərin tam əksəriyyətinin sanksiyasında “Hərbi xidmət üzrə məhdudlaşdırma” cəzasının təsbit edilməsini nəzərə aldıqda, bu dəyişikliyin mühüm əhəmiyyəti bir daha önə çıxır. Dəyişiklik qüvvəyə mindiyi vaxtdan – 2017-ci il dekabrın 1-dən bu günədək hərbi məhkəmələrdə baxılmış böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən mülkiyyət əleyhinə (oğurluq, dələduzluq və s.) cinayətlərə dair işlər üzrə şəxslərə azadlıqdan məhrumetməyə alternativ cəzanın – hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq olunması nəticəsində yüzlərlə xidmətə yararlı və gərəkli zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçunun hərbi xidmətdə saxlanılmasına nail ­olunmuşdur. 
Bundan başqa, həmin sərəncamın icrası ilə əlaqədar bu qəbildən olan cinayətlərə dair işlər üzrə dövlət ittihamçıları tərəfindən cəzanın yüngüllüyündən protestlərin verilməsinin zəruriliyi və əsaslılığına xüsusi diqqət yetirilmişdir. 
Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Ölkənin 1995-ci ildə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyasının müddəalarının üçdəbiri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində keçmiş Sovet İttifaqından miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. 
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi barədə imzalanmış 19 yanvar 2006-cı il tarixli fərmanla məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə keçmişdir.
Dünya təcrübəsi göstərir ki, məhkəmə-hüquq sistemində islahatlar hər zaman davam edən daimi prosesdir. Hətta inkişaf etmiş demokratik dövlətlərdə də bu sahədə mütəmadi olaraq islahatlar aparılır, məhkəmə sistemi təkmilləşir. Azərbaycanda da bu sahədə ardıcıl və məqsədyönlü iş aparılır. 
Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə bu barədə danışarkən məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac olduğunu və bu barədə müvafiq göstərişlər verildiyini bildirmişdi. Budur, aprelin 3-də ölkə başçısı məhkəmə-hüquq sahəsində növbəti mühüm yeniliklərə gətirib çıxaracaq fərman imzaladı. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin fərmanında deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. 
Fərmanda deyilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. 
Mütəxəssislər bildirirlər ki, bu fərman müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquqi sistemin fəaliyyətinin təmin edilməsi, onun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün məhkəmə-hüquq sistemində çatışmazlıqların aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır.
Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan fərmanın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan icrasına başlanılmaqla, o cümlədən bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.
Fərmandan irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklərə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 4 aprel 2019-cu il tarixli sərəncamla işçi qrupu yaradılmışdır. 
Fərmanla prokurorluq orqanlarının üzərinə bir sıra vəzifələr düşür. Belə ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və icra olunması mexanizminin təsbit edilməsi üçün cinayət təqibi orqanlarında başlanmış jinayət işlərinin istintaqı zamanı cinayət qanunverijiliyinin müddəlarına düzgün istintad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi üçün müvafiq tədbirlər gücləndirilməlidir. Bu məsələ, aprelin ayının 9-da Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun sədrliyi ilə keçirilmiş geniş əməliyyat müşavirəsində bir daha vurğulanmışdır. Həmin müşavirədə, eyni zamanda, fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı Şəhər Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə şöbənin tərkibinin yenidən formalaşdırılması üçün müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilməsi barədə qərara gəlinmişdir. 
Ümumilikdə, bu fərman vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etməklə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacaqdır. 
Cəmiyyətimizdə rəğbətlə qarşılanan bu humanist tədbirlər və tətbiq olunan yeniliklər onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi islahatlar uğurla davam etdirilir. Bütövlükdə, məhkəmə-hüquq sisteminin inkişafı naminə həyata keçirilən bütün tədbirlər ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarını ardıcıl və dolğun şəkildə, daha geniş və demokratik məzmunda təmin etmək məqsədlərinə xidmət edir. 
 Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmana əsasən, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycanın bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilmişdir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. 
Bundan başqa, məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və s. məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Prezidentə təqdim olunması tapşırılmışdır. Aydındır ki, hüquq sisteminin təkmilləşdirilməsi yüksək iqtisadi inkişafı şərtləndirir və onun ayrılmaz hissəsidir. Bu mənada son fərman sahibkarların məhkəmə-hüquq sistemi ilə münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasına imkan verəcək.
Məhkəmə sistemində şəffaflığın və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafa müsbət təsir göstərir. Bu prosesin təmin olunmasında “elektron məhkəmə” informasiya sisteminin tətbiqi də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu məsələ barədə belə demişdir: "Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır... Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür". 
Son fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmiş, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılmışdır. Burada qeyd etmək lazımdır ki, fərmanda göstərilən tədbirlərin yerinə yetirilməsi təkcə hakimlər korpusunun deyil, həm də məhkəmə hakimiyyəti heyətinin bütün işçilərinin də rifahına müsbət təsir göstərəcək.

 

Aydın ƏLƏSGƏROV, 
Respublika Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, ədliyyə polkovniki

18 2019 23:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə