Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan yanvar-fevral aylarında 144 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Azərbaycan yanvar-fevral aylarında 144 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 86 ölkəyə məhsul ixrac olunmuş, 138 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 955,4 milyon dollar, idxalın dəyəri 2 milyard 165,8 milyon dollar təşkil etmiş, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13,0 faiz, o cümlədən idxal 49,1 faiz artmış, ixrac isə 4,0 faiz azalmışdır. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3,0 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ilin yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,3 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1 faiz), Türkiyəyə (22,6 faiz), Gürcüstana (13,1 faiz), İsveçrəyə (7,3 faiz), İrana (3,0 faiz), Yunanıstana (3,0 faiz), İtaliyaya (2,8 faiz), Çinə (2,3 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (2,0 faiz) və ABŞ-a (1,6 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

 2019-cu ilin yanvar-fevral aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2 faiz, təzə tərəvəz – 1,6 dəfə, tütün – 19,0 faiz, şəkər – 15,5 faiz, çay – 18,9 faiz, meyvə və tərəvəz konservləri – 16,8 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 19,5 faiz azalmışdır.

2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında buğda idxalı 16,1 faiz, xam şəkər və şəkər 3,3 dəfə, bitki yağları 13,9 faiz, siqaret  24,4 faiz, məişət kondisionerləri  2 dəfə, avtobuslar  3,4 dəfə artmış, təzə meyvə idxalı isə 6,4 faiz, çay  19,6 faiz, təzə tərəvəz  5,6 faiz azalmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

18 2019 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə