Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq İlkin Kazımlı ilə tələbələrin görüşü təşkil olunub. Bu barədə İnstitutun mətbuat xidmətindən bildirilib.

Görüşü Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil edir. M.Mürsəlov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.

Sonra psixoloq İlkin Kazımlı çıxış edib. O qeyd edib ki, görüşün məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərməkdir.

Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib.

İ.Kazımlı gənclərə  psixoloji məsləhətlər verib və hansı durumlarda necə davranmalı olduqlarından danışıb, tövsiyələrini səsləndirib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə