Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı müğənni-bəstəkar Toni Memmel öz qrupu ilə birgə ölkəmizdə olub

Amerikalı müğənni-bəstəkar Toni Memmel öz qrupu ilə birgə ölkəmizdə olub

ABŞ-ın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış amerikalı müğənni-bəstəkar, motivasiya spikeri Toni Memmel və qrupunun ölkəmizdə sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərlə görüşləri keçirilib.

Keçirilən tədbirlərin əsas məqsədi sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərin ruhlandırılmasından və yaradıcılıq meyllərinin dəstəklənməsindən ibarətdir. Konsertlər zamanı onlar T.Memmellə bərabər ifa edib, müxtəlif musiqi alətlərində bacarıqlarını göstəriblər.

T.Memmel Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub, ölkəmizdə əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası üçün belə müasir Mərkəzin yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib. T.Memmelə gənclərin əl işi kimi hazırlanmış skripka, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyevə əlillərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

Anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, T.Memmel gitarada ifa etməyinə kömək edə biləcək bir alət düzəldərək gitarada ifa etməyi təkbaşına öyrənib, Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub, bundan sonra  “Assoşieytid Pres” “CNN”, “Boston Qlob”, “Milvauki Cournal Sentinel” və “Çikaqo Tribyun” kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıblar. 

O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə  səyahət edərək konsertlər verib. T.Memmel  bu günə qədər 4  böyük və 2 kiçik həcmli albom ərsəyə  gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün  məktəb, xəstəxana  və uşaq evlərində bir çox konsertlər verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə