Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıb

Məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıb

Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” adlı VI təlim kursuna başlanılıb.

“Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunmuş kursun açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, ölkədə məşğulluq imkanlarının artrılmasına, eyni zamanda, gənclərin səmərəli məşğulluğunun təminatına yönələn proqramların ildən-ilə genişləndiyini vurğulayıb. O qeyd edib ki, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədilə karyera (peşə) - məsləhət və karyera, planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. O cümlədən, rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılması hədəflər sırasındadır.

Bu il BƏT-in 100 illik yubileyinin qeyd edildiyini bildirən A.Əliyev vurğulayıb ki, bu təşkilatla Azərbaycan arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur. “2016--2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da birgə layihələrin miqyasını xeyli genişləndirib. Təlim kursu gənclərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi sahəsində DMX  əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin artırılmasına dəyərli bir töhfədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarro çıxış edərək, hazırkı təlim kursunun əhəmiyyətini vurğulayıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə