Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva danışıqlarında müsbət tendensiyalar müşahidə olunub

Moskva danışıqlarında müsbət tendensiyalar müşahidə olunub

Azərbaycanın dövlət siyasətinin prioritetini təşkil edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin mövqeyi dəyişməz olaraq qalır: “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Dövlətimizin bu  mövqeyi artıq beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən də dəstəklənir. 

Ermənistanın həm keçmiş, həm də indiki rəhbərliyinin münaqişənin nizamlanmasında  əsassız bəhanələrlə danışıqlar masasından qaçmaları  işğalçı ölkənin mövqeyini bir daha ortaya qoyurdu. Digər tərəfdən, Ermənistan tərəfi  tanınmamış  “Dağlıq Qarabağ Respublikasının” danışıqlar prosesinə cəlb edilməsinin vacibliyini qeyd edirdi. Halbuki bu vaxta qədər  Dağlıq Qarabağ müstəqil respublika kimi dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən də tanınmayıb. Təbii ki, işğalçı ölkənin baş nazirinin bu iddiası “status-kvonu saxlamağa” yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirilib.  Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan dövləti işğalçı siyasətindən əl çəkmək istəmir, mötəbər  qurumların  qəbul etdiyi qətnamə və qərarlara, habelə beynəlxalq hüquq normalarına hörmətsizlik edir. Təbii ki, bu şıltaqlıq və  ya ərköyünlük uzun müddət davam edə bilməzdi. Bu yaxınlarda  Azərbaycan və Ermənistan  dövlət başçılarının  Vyanada keçirdikləri görüşün nəticəsi də bunu təsdiqlədi. 
Məlum olduğu kimi, Azərbaycan Vyanada diplomatik baxımdan Ermənistan üzərində qələbə qazandı.Vyana görüşünə qədər cidd-cəhdlə danışıqlardan yayınan Ermənistanın baş naziri Nikol Paşinyan artıq həmsədrlərin yekdil fikri ilə meydana çıxdı? O, bütün cəhdlərinə baxmayaraq,  danışıqların formatını  dəyişə bilmədi.  Əgər Nikol Paşinyan bu yaxınlara qədər Qarabağ erməniləri adından danışıqlarda iştirakına səlahiyyətinin olmadığını bəhanə gətirərək uydurma  ideya ilə məsuliyyətdən boyun qaçırırdısa, artıq Vyana görüşündə  bunu edə bilmədi. Bütün cəhdlərə baxmayaraq, N.Paşinyanın bu istəyi baş tutmadı. Yəni qondarma Dağlıq Qarabağ rejimi danışıqlarda tərəf ola bimədi.  
Aprelin 15-də Vyana görüşünün nəticəsi və davamı olaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin  rəhbərləri səviyyəsində Moskva görüşü reallaşdı. Məlum olduğu kimi, Vyana danışıqlarında  münaqişə tərəfləri danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırmışdı. Bu razılaşmaya əsasən, aprelin 15-də Rusiyanın təşəbbüsü və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bir araya gəldilər. Bu görüş humanitar xarakterli razılaşmaların əldə edilməsi kimi yadda qalsa da, danışıqlarda müsbət tendensiyaların müşahidə olunduğu bildirilir. Eyni zamanda, bu görüşün faydalı və substantiv keçdiyi də  qeyd olunur.
Xəbər verildiyi kimi, Moskvada təşkil edilən görüşdə əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçiriblər.  Politoloqların  çox faydalı  adlandırdıqları  bu görüşdə indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələlər konkret şəkildə müzakirə  olunub. Ermənistan tərəfinə, nəhayət,  bəzi problem yaradan məqamlar ətraflı və daha dərindən dərk etdirilib.  
Bu görüş bir sıra sahələrdə razılaşmaların əldə edilməsi ilə də yadda qalacaq. Razılaşmalardan biri də hər iki ölkədən olan əsir və girovların ailə üzvlərilə görüşün təşkil edilməsi ilə bağlıdır. Bu, Moskva görüşünün  əhəmiyyətli nəticəsi kimi qiymətləndirilir.  Digər razılaşma  cəbhə bölgəsində əhalinin kənd təsərrüfatı ilə məşğul olduğu müddətdə hər iki tərəfin atəşkəsə daha ciddi əməl etməsi məsələsi ilə bağlıdır. Məlum olduğu kimi,  Ermənistan silahlı qüvvələri  kənd təsərrüfatı ilə məşğul olan əhalini intensiv atəşə tutur və bu da  əkin aparılmasına ciddi problem yaradır. Bu sahədə razılaşmanın əldə edilməsi hər iki ölkə üçün əhəmiyyətlidir. Bu razılaşma  hər iki ölkənin sakinlərinə  öz torpaqlarında işləməyə imkan yaradacaq. Eləcə də əsir və girovların ailə üzvləri ilə görüşün təşkil edilməsi barədə razılıq əldə edilməsi çox müsbət haldır. Çünki hər iki ölkədən əsir və girov düşənlərin yaxınları ciddi narahatlıq hisləri keçirirlər. 
Görüşün yekunu olaraq, qəbul olunan bəyanatda qeyd olunan bir məqam da diqqəti cəlb edir. Söhbət  Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsindən gedir.  Erməni və azərbaycanlı jurnalistlərin bu səfərlərinin təşkilinə şərait yaradılması barədə tərəflər öhdəlik götürürlər. 
Moskva görüşündə əsas  dörd məsələ -- bizim tərəfimizdən irəli sürülən işğal altında olan ərazilərin azad olunması və məcburi köçkünlərin doğma ata-baba yurdlarına qaytarılması, Ermənistan tərəfindən isə status və təhlükəsizliklə bağlı məsələ qaldırılıb. Bu dörd fikir əsasında çox ciddi  müzakirələr aparılıb.
Siyasi elmlər doktoru, professor ­Elman Nəsirov Moskva görüşünün yekununu qiymətləndirərkən dedi ki, artıq bu görüşlə bağlı ilkin nəticələrə gəlmək mümkündür: “Əvvəla, bu görüşdə humanitar xarakterli bir sıra razılaşmalar əldə edilib. Bunlardan biri, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlıdır. Hesab edirəm ki, bu, xalq diplomatiyasının mühüm elementlərindəndir.  Xatırladım ki, xarici işlər nazirlərinin Paris görüşündə də, xalqları sülhə hazırlamaq  barədə  razılaşma əldə edilmişdi. Hesab edirəm ki, hər iki dövləti təmsil edən jurnalistlərin qarşılıqlı səfərləri, onların hazırladıqları reportajlar, məqalələr nəticə etibarı ilə bu məqsədə xidmət göstərə bilər.  Hər iki ölkədən olan əsir və girovların ailə üzvləri ilə görüşünün təşkil edilməsi də ciddi məsələdir. Bu da məhz Moskva görüşünün nəticələri kimi qiymətləndirilir. Eyni zamanda, cəbhə bölgəsində əhalinin kənd təsərrüfatı ilə məşğul olduğu müddətdə hər iki tərəfin atəşkəsə daha ciddi əməl etməsi məsələsi də razılaşmalar sırasındadır və mən bu razılaşmanı çox yüksək dəyərləndirirəm. Rəsmi İrəvan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın. Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək, ilk növbədə, işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir”.
Ümumilikdə, Moskva görüşü  konstruktiv dialoq üçün müəyyən əsas  məqam yaradılması baxımından əhəmiyyətli hesab olunur.  Bu görüşdən sonra  danışıqlarda müsbət tendensiyalar özünü büruzə verib. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

18 2019 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə