Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı” elektron resursu istifadəyə verilib

“Bakı” elektron resursu istifadəyə verilib

Paytaxt Bakı bu gün müxtəlif ölkələrdən gələn turistlərin və iş adamlarının daha çox bəyəndikləri bir məkana çevrilib. Bakıda bir çox dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndəlikləri yerləşir. İstər Azərbaycan vətəndaşları, istərsə də xaricdən ölkəmizə gələn qonaqlar Bakı haqqında daha ətraflı məlumat əldə etmək istəyirlər. 
İstifadəçilərin bu informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar. 
Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir. 
2019-cu il aprelin 17-də kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli “Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları öz əksini tapır. 
Resursun ikinci fəsli “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə, həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcıllıqla işıqlandırılıb. 
“Bakı” elektron resursunun “Memarlıq” adlanan fəsli 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılıb. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasir və eyni zamanda, özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi “Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.   
Resursun növbəti fəsli “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “ Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanıb. 
“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapıb. 
Resursun növbəti fəsli “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba sırası ilə verilib. 
“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. “E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.  
Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanıb. 
“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən çox nadir şəkil “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir. 
 “Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanıb. 
http://bakucity.preslib.az ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənilir. 

18 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə