Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gəncliyi öz rəhbərinə inanır və ondan nümunə götürür

Azərbaycan gəncliyi öz rəhbərinə inanır və ondan nümunə götürür

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsi hesab edilir. Bu baxımdan, gəncliyin  müasir dövrün tələbləri səviyyəsində, vətənpərvərlik ruhunda yetişməsi daim dövlətin diqqət mərkəzində saxlanılır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən gənclər siyasəti  Azərbaycan gəncliyinin gələcəyə daha böyük inamla, ümidlə  baxmasına zəmin yaradıb.

Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bu qüvvə, demək olar ki, bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur.  Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə  kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu  getdikcə artır.  Bu sahənin daim diqqət mərkəzində saxlanılması və  Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası üçün yaradılmış əlverişli şərait onların  hərtərəfli hazırlıqlı mütəxəssis kimi yetişməsində, təhsil almasında, fiziki cəhətdən sağlam  böyüməsində, gələcəyini təmin etməsində  əhəmiyyətli rol oynayıb.  
Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.  Ulu öndər gəncləri “Azərbaycanın gələcək qurucuları” adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Ümummilli liderin sərəncamı ilə  Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan vermişdir. Müstəqil Azərbaycan gənclərinin ilk respublika forumunun keçirilməsi,  2 fevralın  Azərbaycan Gəncləri Günü elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının bariz nümunəsi idi. 
Azərbaycan gəncliyinin inkişafına xüsusi önəm verən   Prezident İlham Əliyevin qayğısı nəticəsində  ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005-ci ildə dövlətimizin başçısının təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı”  bu sahənin  inkişafında əsaslı dönüş yaratdı. 2007-ci ilin Prezident  İlham Əliyevin sərəncamı ilə “Gənclər ili” kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi onlara olan  inam və  etibarın bariz nümunəsidir.
Gənclərimizin dünya birliyinə inteqrasiyası,  mötəbər beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında  fəal iştirakı dövlət gənclər siyasətinin prioritetini təşkil edir.  Ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” haqqında  sərəncamı  gəncliyin problemlərinin həllində mühüm rol oynamışdır.
Azərbaycanın aparıcı dövlətə çevrilməsi yolunda gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması  qarşıya qoyulan zəruri vəzifələrdəndir.  Bütün bunlar gənclər siyasətinin əsasını təşkil edir. Eyni zamanda, bu istiqamətdə  dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da diqqət mərkəzində saxlanılıb. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə  “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu qəbildəndir.  
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi,  birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş, dünyanın yüz ölkəsindən beş yüzə yaxın nümayəndənin iştirak etdiyi  Gənclərin Məşğulluq Sammitinə evsahibliyi etmiş Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoymuşdur.
Bu gün  ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması işi və Azərbaycan həqiqətlərinin təbliği işinin yüksək səviyyədə qurulması  xüsusi qeyd edilməlidir. Bu istiqamətdə  Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının  özünəməxsus fəaliyyəti yüksək dəyərə malikdir. Bu təşkilat özünün çoxşaxəli fəaliyyəti ilə gənclərə və gənclər təşkilatlarına  əsl nümunədir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir.
Son bir ildə Azərbaycan gəncliyinin müasir dövrə uyğunlaşdırılması istiqamətində  görülən işlər dövlət başçısının gənclər siyasətinə xüsusi önəm verməsinin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanmış  dövlət proqramlarının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından xeyli iş görülmüşdür. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakı gücləndirilmiş, onların  müstəqil fəaliyyəti üçün zəruri infrastruktur inkişaf etdirilmişdir.
Gənclərin hərtərəfli inkişafını,  ölkənin ictimai-siyasi həyatında  fəal iştirakını daha da  stimullaşdırmaq məqsədilə Prezident yanında Gənclər Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsidir. Elmin, mədəniyyətin, təhsilin, ədəbiyyat və incəsənətin, ictimai fəaliyyətin inkişafında xüsusi fərqlənən gənclərə Prezident mükafatının verilməsi gəncliyin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır. Prezidentin bu fərmanı gənclərə diqqət və qayğının, dövlət siyasətinin məhz gənclərin üzərində qurulmasının bir göstəricisidir.
Azərbaycan gəncliyində özünəinam hissi getdikcə yüksəlir. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək,  ölkənin  ictimai-siyasi həyatında, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərində  fəal iştirak edir, Vətənimizin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”  

 

 

18 2019 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə