Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsl siyasət konkret, real iş görməkdir

Əsl siyasət konkret, real iş görməkdir

Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Son 16 ilin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev bu dövrdə xalqına, dövlətinə ləyaqətlə xidmət göstərib, ölkəmizin siyasi, sosial-iqtisadi inkişafını təmin edib, müstəqil Azərbaycanı dünya ölkələri arasında nüfuzlu dövlətlərdən biri kimi tanıdıb.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” tezisini irəli sürən cənab İlham Əliyev bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün qətiyyət və əzmkarlıq nümayiş etdirib. Sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyasını uğurla həyata keçirməklə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübuta yetirib.

Heç kəsə sirr deyil ki, cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr, 2013-cü ilin 9 oktyabr və nəhayət, 2018-ci ilin 11 aprel seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənib.

Son prezident seçkilərində xalqımızın böyük dəstəyi ilə növbəti dəfə inamlı qələbə qazanan cənab İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var”.

Sabitlik, dinamik inkişaf və mütərəqqi islahatlar strategiyasına əsaslanan plan və proqramlar son bir il ərzində də uğurla davam etdirilib, sosial-iqtisadi sahələrdə struktur dəyişiklikləri ilə institusional islahatlar paralel aparılıb, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan layihələr yüksək səviyyədə gerçəkləşdirilib.

Fikrimizin təsdiqi olaraq təkcə ötən il ərzində Azərbaycanın sosial-iqtisadi sahələrində reallaşan mühüm layihələrin bir qisminə diqqət yetirək:

– “Azərspace-2” peyki orbitə buraxılıb;

– Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi işə salınıb;

– Nəhəng transmilli Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla reallaşıb;

– Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Star” neft emalı zavodu (SOCAR Turkey Aegean Refinery) istifadəyə verilib;

– Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar uğurla yekunlaşıb, dövlətimizin maraqlarına cavab verən “Xəzər dənizinin statusuna dair Konvensiya” imzalanıb.

Cənab İlham Əliyevin yenidən Prezident seçilməsindən ötən bir il digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm uğurlarla yadda qalıb. Azərbaycan iqtisadiyyatının dayanıqlığının reallaşdırılması, onun neftdən və qazdan asılılığının daha da azaldılması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilib. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Həyata keçirilən iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Məhz bunun nəticəsidir ki:

Bu ilin ilk ayında vergi orqanları tərəfindən büdcəyə plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 20 milyon manatdan çox vəsait keçirilib.

Sahibkarlığın İnkişafı Fondunun xətti ilə il ərzində 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kredit ayrılıb.

İpoteka və Kredit Zəmanəti Fondu hesabat dövründə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin Fond 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.

Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb.

İnvestisiya təşviqi proqramı çərçivəsində reallaşdırılan layihələrin dəyəri 2,8 milyard manata çatıb.

Kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib.

Yuxarıda xatırlatdığımız kimi, sadalanan müsbət göstəricilər Prezident İlham Əliyevin çoxşaxəli islahatlar konsepsiyasının uğurla reallaşmasının məntiqi nəticəsidir. Ümumiyyətlə, islahatlar sürətli sosial-iqtisadi inkişafa, əhalinin sosial rifahının yüksəlməsinə mühüm təkan verməklə yanaşı, həm də Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıdıb.

Bölgələrdə böyük quruculuq, abadlıq işləri aparılır

2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyənləşdirilən məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.

Ümumiyyətlə, Dövlət proqramlarının icra olunduğu 14 il ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Son bir ildə Azərbaycan Prezidenti
22 şəhər və rayona 27 dəfə səfər edib:

4 may- Xaçmaz-Xızı

16 may- Naxçıvan Muxtar Respublikası

5 iyun- Goranboy və Naftalan

18 iyul, 16 noyabr, 27 dekabr-Sumqayıt

25-26 avqust-Şamaxı-İsmayıllı

18 sentyabr- Biləsuvar-Masallı

11 oktyabr-Quba-Xızı

15 oktyabr-Lənkəran-Astara-Lerik

22 oktyabr-İmişli

28-29 oktyabr-Qax- Şəki

5 noyabr-Ağdam-Ağcabədi

24 dekabr-Abşeron

16 yanvar, 18 fevral- Sumqayıt

7 fevral, 7 mart-Şamaxı

13 fevral-Beyləqan

6 mart –Ağsu

Bu səfərlər zamanı 100-ə yaxın sosial-iqtisadi obyektin açılışı gerçəkləşib. Onlardan bir qismini diqqətə çatdırırıq:

Masallı- Sənaye Məhəlləsi;

Şamaxı-“Şirvan şərabları” MMC-nin şərab zavodu;

Sumqayıt-Kimya Sənaye Parkının polipropilen, İnşaat Kimyəviləri, “SOCAR karbamid”, Yüksək sıxlıqlı polietilen, “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodları və tütün məmulatları istehsalı fabriki;

Quba-kənd təsərrüfatı mallarının istehsalı zavodu;

“Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filialları;

İmişli və Şəki-“ASAN Həyat” kompleksləri;

Quba-“ABAD” publik hüquqi şəxsin “ABAD Factory” İstehsalat Kompleksi;

Şəki-“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi;

Naftalan və Quba-şəhər mərkəzi xəstəxanaları;

Lənkəran-İstisu Sağlamlıq Mərkəzi;

Sumqayıt-Dəmir Yolu Vağzalı Kompleksi;

Qax-“Yurd Hotel” mehmanxanası;

Lənkəran və Beyləqan- olimpiya idman kompleksləri.

Sənayeləşmə siyasəti uğurlu nəticələrlə diqqət çəkir

Dövlət başçısı tərəfindən müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parkları və məhəllələrinin yaradılması siyasətinə xüsusi önəm verilməsi sayəsində həm ölkənin sənaye potensialı güclənib, həm də Dördüncü Sənaye İnqilabı istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2018-ci ildə ölkədə yaradılan və ümumilikdə 55 müasir müəssisəni özündə birləşdirən 5 sənaye parkında və 4 sənaye məhəlləsində 41 rezident qeydiyyata alınıb və onlardan 21-i fəaliyyətə başlayıb. Mingəçevir Sənaye Parkına 85 milyon ABŞ dolları məbləğində investisiya qoyulub. İllik istehsal gücü 20 min ton olan iki müəssisədə pambıq mahlıcından iplik istehsal edilməsi nəzərdə tutulub.

İl ərzində Bakı Gəmiqayırma zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında iki bərə gəmisinin və iki neft tankerinin tikintisi davam etdirilib.

Ölkə rəhbərinin tapşırığı ilə xalçaçılıq sənətinin yenidən təşəkkül tapması və Azərbaycan xalçasının əvvəlki şöhrətinin bərpa olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Respublikanın 11 rayonunda fəaliyyət göstərən xalçaçılıq müəssisələrində il ərzində 5,5 min kvadratmetrdən artıq milli ornamentlərlə zəngin olan xalça toxunub. Bu müəssisələrin yun iplik üzrə idxaldan asılılığının aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin inşasına başlanılıb.

Sənayeləşmə siyasətinin uğurlu nəticələrindən danışarkən, bu sahənin inkişafında önəmli rol oynayan enerji təhlükəsizliyi məsələsindən də qısa bəhs etmək istərdik. Əvvəla xatırladaq ki, bütün dünyada enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan yanaşdıqda, Prezident İlham Əliyevin sözügedən sahəyə xüsusi önəm verməsi təsadüfi deyil. Elə son bir ildə əsaslı yenidənqurmadan sonra bir sıra energetika obyektlərinin istismara verilməsi zərurəti də məhz bununla bağlıdır

Sözügedən dövrdə enerji sisteminin şəbəkə təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər də uğurlu olub. Belə ki, il ərzində 110 kilovoltluq 11, 35 kilovoltluq 27 yarımstansiyada tikinti və yenidənqurma işləri aparılıb, 123 kilometr kabel, 7500 kilometrə yaxın hava xətləri çəkilib və ya təmir olunub, 390 komplekt transformator məntəqəsi quraşdırılıb.

Sahənin ümumi inkişafının daha da sürətləndirilməsi məqsədilə hüquqi prosedurların sadələşdirilməsini və şəffaflığın təmin edilməsini nəzərdə tutan qanunvericilik bazası təkmilləşdirilib.

Ərzaq təhlükəsizliyi prioritet vəzifədir

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə daim mühüm önəm verib. Bu məqsədilə aqrar sahədə ardıcıl olaraq dövlət dəstəyi tədbirləri davam etdirilib, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi qurulub. Eyni zamanda, respublikanın 33 rayonunda 51 aqroparkın yaradılması üzrə intensiv iş aparılıb. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə, mineral gübrələrin, pestisidlərin güzəştli şərtlərlə satışına, kənd təsərrüfatı texnikasının eyni qaydada lizinqə verilməsinə, habelə digər tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 296 milyon manatdan çox vəsait ayrılıb.

Ölkədə ipəkçiliyin, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin və şərabçılığın inkişafına dair qəbul olunan Dövlət proqramlarının uğurlu icrası ilə bərabər, arıçılıq sahəsində subsidiya müəyyənləşdirilib, gübrələrin satış qiymətinə tətbiq edilən güzəştlər artırılıb.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların istifadəyə verilməsi, nasos stansiyalarının, magistral su kanallarının və digər obyektlərin tikintisinin maliyyələşdirilməsi üçün müxtəlif mənbələrdən ümumilikdə 451,5 milyon manat məbləğində vəsait cəlb edilib. Bu vəsait hesabına 568 kilometrdən artıq suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 52 min hektardan artıq sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 40 min hektardan artıq yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

Yuxarıda vurğulanan irimiqyaslı işlər və icra olunan digər tədbirlər nəticəsində ölkədə əvvəlki illə müqayisədə 4,6 faiz artımla 7 milyard manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, ixracın həcmi isə 35 faiz artaraq, 590 milyon dollara çatıb.

Dövlət başçısının iştirakı ilə son bir ildə açılış mərasimləri keçirilən aqrar-sənaye müəssisələrin bir qismi:

Goranboy-“Region Aqropark” müəssisəsi;

Şamaxı-aqropark və heyvandarlıq kompleksi;

Quba-Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu;

Lənkəran-Dövlət Aqrar İnkişaf Mərkəzi və Qida Təhlükəsizliyi İnstitutunun regional sınaq laboratoriyası;

Qax-Damazlıq İpəkçilik Stansiyası və Aqropark;

Ağcabədi-Qarabağ Atçılıq Kompleksi.

Sosial siyasətin mərkəzində ölkə vətəndaşı dayanır

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti bir daha göstərir ki, aparılan sosial siyasətin mərkəzində ölkə vətəndaşının maraqlarının təmin edilməsi və onun problemlərinin həlli dayanır. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə 2018-ci ildə Mingəçevir, İmişli və Şəki şəhərlərində regional “ASAN xidmət” mərkəzləri tikilərək fəaliyyətə başlayıb. Bununla da belə mərkəzlərin sayı ümumilikdə 17-yə, əhaliyə göstərilən xidmətlərin sayı isə 315-ə çatdırılıb.

Müvafiq proqram çərçivəsində regionlarda 800-dən artıq məktəb və uşaq bağçası, 130-a yaxın tibb müəssisəsi tikilib və ya yenidən qurulub, 300-dən çox yeni telefon stansiyası quraşdırılaraq və rekonstruksiya edilərək istismara verilib.

Dövlət başçısının tapşırığı ilə ucqar kəndlərdə mövcud qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi məqsədilə 8120 yerlik 137 modul tipli məktəb istifadəyə verilib. Ölkə üzrə 5 yaşlı uşaqların 75 faizi məktəbəqədər hazırlığa cəlb olunub. Humanitar sahədə əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində ali məktəb tələbələri üçün 800 yerlik yataqxana kompleksi inşa edilib.

İslahatlar iqtisadi nailiyyətləri şərtləndirib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə təbrikində deyib: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Dövlət başçısının bu fikri onu göstərir ki, ölkə Prezidentinin həyata keçirdiyi islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası ölkə rəhbəri hər addımda öz vətəndaşının yanındadır. Dövlət başçısının elan etdiyi yeni islahatların isə təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə də dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunun daha da möhkəmlənəcəyi şübhəsizdir.

Təkcə son bir il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1,8 faiz olub, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artıb. Əsas kapitala yönəldilən 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb və sevindirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib.

Ötən il inflyasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olub. Xarici borc 3 faizə yaxın azaldılaraq 19 faizə endirilib.

Cənab İlham Əliyevin sosial siyasətinin əsasında əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsi xüsusi yer tutub. Əvvəlki dövrlərdə olduğu kimi, keçən ildə də bu məsələyə mühüm önəm verilib. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur.

Özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 binanın, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq, sosial mənzillərin satışına başlanılıb.

Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, valideyn himayəsindən məhrum olan kimsəsiz məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış kompleksinin inşası tamamlanıb.

Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılan maliyyə vəsaiti hesabına salınan və bütün lazımi infrastruktur yaradılan qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 

17 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə