Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilir

Azərbaycanda genişmiqyaslı məhkəmə-hüquq islahatları həyata keçirilir

Dünən Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransı keçirərək bildirdi ki, ötən il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu hadisələrdən ən önəmlisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsidir. 
Sədrin sözlərinə görə, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, eləcə də Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Dövlət başçısının 13 fevral 1014-cü il tarixli sərəncamı ilə Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb, bununla da məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcı qoyulub. Bundan sonra Prezident 28 dekabr 2018-ci ildə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Bu qanunda elektron məhkəmə sisteminin təkmilləşdirilməsini nəzərdə tutan mühüm dəyişikliklər edilib. “Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini səmərələşdirən sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yarandığı andan məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Bu sistemin tətbiqi və aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və obyektivliyin təmin edilməsinə, məhkəməyə müraciət imkanlarının asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təminatına xidmət edir. 
Ramiz Rzayev qeyd etdi ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” fərmanı dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir. Dövlətimizin başçısının imzaladığı fərmanda əksini tapan tapşırıqların vaxtında, dürüst və dönmədən icrasının təmin edilməsi, eyni zamanda, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün hər bir məhkəmə sədrinin, hər bir hakimin üzərinə mühüm vəzifələr düşür.
Onun sözlərinə görə, respublikanın birinci instansiya (ümumi və hərbi) məhkəmələri tərəfindən 2018-ci ildə baxılmış cinayət işləri üzrə 14 min 931 nəfər barəsində 12 min 539 cinayət işinə baxılıb. Onlardan 10 min 172 iş üzrə 12 min 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb. Həmçinin 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb.
R.Rzayev bildirib ki, 12 min 539 işdən 11 min 421 işə ümumi, 1118 işə hərbi məhkəmələr tərəfindən baxılıb. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər (9,5 faiz) azalıb. Bəraət alan şəxslərin sayı dəyişməyib. Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma qeydə alınıb, inzibati-iqtisadi kollegiyada isə 4 faiz artım müşahidə olunub. 
Sədr deyib ki, Ali Məhkəməyə daxil olmuş işlərin sayı ümumilikdə 2 faiz artıb. Bunu vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar: “Bizim məqsədimiz ədalət mühakiməsini həyata keçirərkən qanunlara dürüst əməl etmək, cəmiyyətdə məhkəmələrin nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmaqdır. Məhkəmə proseslərinin şəffaf, qərarların ədalətli olması şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır”. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

17 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə