Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Narkomaniya – bəşəriyyətin bəlası” rəsm sərgisi

“Narkomaniya – bəşəriyyətin bəlası” rəsm sərgisi

Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərginin açılışı olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən videofilmə baxmışlar.

İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin əhəmiyyətindən söz açmışdır. Bildirdi ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır. Direktor qeyd etdi ki, narkomaniya ilə mübarizə məqsədilə İstiqlal Muzeyi tərəfindən maarifləndirici tədbirlər keçirilib, sərgilər təşkil olunub.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov bildirmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniya probleminə qarşı mübarizədə yeni mərhələ başlayıb. Narkomaniya və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları çərçivəsində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Nazir müavini vurğuladı ki, narkomaniya yalnız səhiyyə və sağlamlıq problemi deyil, daha çox sosial bəladır. Bu problemlə mübarizədə dünyada qəbul olunmuş əsas formul kimi maarifləndirmə və təbliğat yolu seçilib: “Narkomaniya ilə mübarizə istiqamətində Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan müəssisələrdə də mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur. Gənc nəsil arasında bu cür maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək tədbirin önəmindən danışmış, narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğulamışlar.

Sərgi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı “Ağ ölüm” səhnə əsərindən monoloq təqdim olunmuşdur.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış olmuşlar. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universiteti tələbələrinin və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək sənət əsəri nümayiş etdirilmişdir. Sərgi aprelin 18-dək ziyarətçilər üçün açıq olacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 2019 17:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə