Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaramalın piroplazmozdan qorunmasına dair tövsiyə

Qaramalın piroplazmozdan qorunmasına dair tövsiyə

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar verilən tövsiyələrə əməl etsələr, heyvanlarında piroplazmoz xəstəliyin qarşısını alarlar.

Qeyd edək ki, qaramalın piroplazmozu qan parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir.

Azərbaycanda bu xəstəliyə Böyük Qafqazın ətəklərində, Kür qırağının meşə və düzənliklərində, Naxçıvan MR-də, Lənkəran zonasının şərq hissəsində və başqa yerlərdə təsadüf edilir.

Yaz, yay və payız aylarında gənələrin artımı üçün daha əlverişli şərait yarandığından həmin vaxtlarda xəstəliklə ən şiddətli yoluxma qeyd alınır. Piroplazmoz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və temperatur 3 gündən 12 günə qədər bu vəziyyətdə qala bilir. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, qısa müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş iş heyvanları yorulur, inəklərin südü azalır. Bəzi hallarda süd sarımtıl rəng alır və dadı acı olur.

Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selik qişalar sarı rəngə boyanır, qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu yüksəlir. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5—6 gün müddətində tələf olur.

Təsərrüfatda xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplamaqla və xüsusi akarisid maddələr işlətməklə məhv edilir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin inkişafına mane olur.

Heyvanda qan-parazitar xəstəliyi baş verən zaman heyvana qoyulan diaqnoz baytar həkiminin rəyi ilə laboratoriyada təsdiqlənməlidir.

Heyvanlarda piroplazmozun profilaktika və müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə bu zaman mütləq şəkildə sahə baytarlıq məntəqələrinin baytar həkimlərinə müraciət etsinlər. 

DBX bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, qarşı profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2019 14:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə