Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 164 Bakı şəhəri, 12 aprel 2019-cu il
 
“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 5.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə digər büdcə təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, 3 (üç) ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlasınlar, kağız və (və ya) elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər. 
3. Kommunal xidmət göstərən müəssisələr 2 (iki) ay müddətində büdcə təşkilatları ilə birlikdə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər. 
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 (iki) ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 
5. Kommunal xidmət göstərən müəssisələrə tapşırılsın ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.
6. Bu Qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilsin. 
7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.
8. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2017, № 3, maddə 499; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 9 nömrəli Qərarı) ləğv edilsin.
9. “Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 147) ləğv edilsin. 
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 12 aprel

tarixli 164 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik

enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən

edilməsi və tənzimlənməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakı ilə bağlı aşağıdakıları müəyyən edir:

1.1.1. növbəti büdcə ilində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsi üçün zəruri hesab olunan kommunal xidmətlərin limitlərinin vaxtında müəyyən edilməsini;

1.1.2. istehlakçı tərəfindən kommunal xidmətlərin limit daxilində istehlakına nəzarəti və limitdən artıq istifadəyə yol verilməməsini;

1.1.3. istehlakçı tərəfindən kommunal xidmətlərin istehlakı barədə hesabatın təqdim edilməsini.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.2.1. kommunal resurslar - su, elektrik və istilik enerjisi, təbii qaz;

1.2.2. kommunal xidmətlər - soyuq və isti su təminatı, kanalizasiya (tullantı sularının axıdılması), elektrik təminatı, qaz təminatı və istilik təchizatı;

1.2.3. kommunal xidmətlərin istehlakına görə limit - il ərzində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsini nəzərdə tutan kommunal xidmətlərin miqdar ifadəsində yuxarı həddi;

1.2.4. büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;

1.2.5. baş sərəncamçı - istehlakçının bilavasitə tabe olduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatları;  

1.2.6. istehlakçı - kommunal xidməti satın alan və onlardan istifadə edən şəxs;  

1.2.7. təsərrüfathesablı müəssisə - baş sərəncamçının tabeliyində olan və öz xərclərini qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirən şəxs;

1.2.8. təchizatçı - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında kommunal xidmət göstərən şəxs.

 

2. Kommunal xidmətlərin istehlakına görə

limitlərin müəyyən edilməsi

 

2.1. Növbəti il üçün büdcə təşkilatlarında kommunal xidmətlərə görə limit müəyyən edildikdə, aşağıdakı göstəricilərdən istifadə olunur:

2.1.1. ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi;

2.1.2. cari il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri üzrə istehlak olunacaq kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;

2.1.3. cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;

2.1.4. cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

2.1.5. cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

2.1.6.  cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

2.1.7. icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

2.1.8. icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakın miqdar ifadəsində həcmi.  

2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar baş sərəncamçı və təchizatçı tərəfindən birgə hazırlanır və təsdiq edilir. Həmin məlumatlarda uyğunsuzluq olduğu təqdirdə, baş sərəncamçının, obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanının və təchizatçının nümayəndələrinin iştirakı ilə həmin uyğunsuzluq araşdırılır və miqdar ifadəsində həcm müəyyən edilir.

2.3. Cari və növbəti ildə istifadəsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, baş sərəncamçı və təchizatçı tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir.

2.4. Cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı, təchizatçı və icarəyə verən (subicarəyə verən) tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Bu zaman artıq istehlak həcmlərinə yol verilməməli və müəyyən edilmiş limit reallığı əks etdirməlidir.   

2.5. Cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı təchizatçı tərəfindən təsdiqedici sənədlər əsasında həmin obyektlərin (və ya onun sahəsinin) texniki və (və ya) müvafiq dövrdə istehlak olunmuş faktiki istehlak göstəricilərinə əsasən kommunal xidmətləri əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir.        

2.6. Cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, həmin obyekt (və ya onun sahəsi) üzrə istehlak edilən kommunal xidmətlər limitlərə daxil edilmir. Bu zaman baş sərəncamçı və təchizatçı tərəfindən təsdiqedici sənədlər əsasında həmin obyektlərin (və ya onun sahəsinin) müvafiq dövrdə istehlak olunmuş faktiki istehlak göstəricilərinə əsasən kommunal xidmətləri əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Həmin obyektlər (və ya onun sahəsi) üzrə ödənişlər büdcə təşkilatı, icarəçi (subicarəçi) və təchizatçı arasında bağlanılmış müqavilə əsasında həmin icarəçi (subicarəçi) tərəfindən həyata keçirilir və bağlanılmış müqavilənin surəti 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra Maliyyə Nazirliyi) və (və ya) yerli maliyyə orqanına təqdim edilir.

2.7. Büdcə təşkilatının tabeliyində olan təsərrüfathesablı müəssisənin istehlak etdiyi kommunal xidmətlər limitlərə daxil edilmir və ödənişlər onunla təchizatçı arasında bağlanılmış müqavilə əsasında həmin müəssisə tərəfindən həyata keçirilir. Təsərrüfat-hesablı müəssisə bağlanılmış müqavilənin surətini 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə orqanına təqdim edir.    

2.8. Növbəti il üçün istehlakçının istifədəsində olan hər bir obyekt (və ya onun sahəsi) üzrə kommunal xidmətlərə görə limit istehlakçı və təchizatçı tərəfindən bu Qaydanın 2.1-2.7-ci bəndlərində nəzərdə tutulan məlumatlardan istifadə etməklə, cari ilin may ayının 1-dək aşağıdakı qaydada müəyyən edilir və iyun ayının 1-dək kağız və (və ya) elektron daşıyıcılarda baş sərəncamçıya və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına təqdim edilir:       

 

L(b.h) = (L1 + L2+...+ Ln) + Lyeni + Lic.götürülən + List/subabonent - Lləğv - Lic.verilən - Lsubabonent/ist

 

burada:

 

L(b.h)  – növbəti il üçün istehlakçının tabeliyində (istifadəsində) olan obyektlər (və ya onun sahəsi) üzrə kommunal xidmətlərə görə limit;   

 

L1 + L2+...+ Ln - ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi; 

 

Lyeni - cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;  

 

Lic.götürülən  - cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

 

List/subabonent - icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

 

Lləğv  -  cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

 

Lic.verilən - cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;

 

Lsubabonent/ist - icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakının miqdar ifadəsində həcmi.

 

2.9. Baş sərəncamçı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq tabeliyində olan hər bir istehlakçı (və ya obyekt) üzrə müəyyən edilmiş kommunal xidmətlərə görə limitləri ümumiləşdirir və növbəti büdcə ilinin proqnozlarında nəzərə almaq üçün bu Qaydanın 2.1-2.7-ci bəndlərində nəzərdə tutulan əlavələrlə birlikdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsi ilə müəyyən edilmiş müddətdə kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim edir.   

 

3. Kommunal xidmətlərin limit nəzərə alınmaqla

ödənilməsi və nəzarət tədbirləri

 

3.1. Limit çərçivəsində xərclər qiyməti dövlət tərəfindən tənzimlənən kommunal xidmətlər üzrə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tarif, digər kommunal xidmətlər üzrə isə bağlanılmış müqavilə qiyməti tətbiq edilməklə müəyyənləşdirilir, dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.  

3.2. Kommunal xidmətlərdən istifadə qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada istehlakçı ilə təchizatçı arasında hər il dekabr ayının 31-dək bağlanılmış alqı-satqı müqaviləsi əsasında aparılır. Müqavilədə vəzifələr, hüquqlar, qarşılıqlı məsuliyyət, istehlakçıya verilən kommunal xidmətin həcmi və dəyəri, hər ilin dövlət büdcəsində kommunal xidmətlərin limitinin yuxarı həddi, qrafiki, keyfiyyəti, ödəniş qaydaları və digər məsələlər əks etdirilir. Təchizatçı ilə istehlakçı arasında müqavilə bağlanıldıqdan sonra istehlakçı tərəfindən həmin müqavilənin surəti 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə orqanına təqdim edilir.

3.3. Qanunvericiliyə uyğun olaraq müqaviləsiz kommunal xidmətlərin təqdim edilməsinə yol verilmir.

3.4. İstehlakçı tərəfindən müqavilədə qeyd olunan qrafiklə müəyyən edilmiş aylıq göstəricidən (limitdən) artıq kommunal xidmətdən istifadə halları olduqda, təchizatçı 3 (üç) iş günü əvvəl istehlakçını xəbərdar etməklə, ona növbəti ayda (aylarda) artıq istifadə edilmiş kommunal xidmətin həcmi qədər məcburi məhdudlaşdırma tətbiq etmək hüququna malikdir.

3.5. İl ərzində limitlərin artırılmasına zərurət yarandıqda istehlakçı və təchizatçı tərəfindən “Kommunal xidmətin istehlakına görə limitdə dəyişikliyin edilməsi zərurətinə dair birgə arayış (1 nömrəli əlavə)” tərtib olunmaqla baş sərəncamçıya müraciət edilir. Baş sərəncamçı qaldırılan məsələni araşdırır və təqdim edilmiş üzləşmə aktları üzrə istehlakçının kommunal xidmətlərə görə borcunun (limitdən artıq istifadə olunan kommunal xidmətlər də daxil olmaqla) ödənilməsini tabeliyində olan digər obyektlərin həmin məqsədlər üçün istifadə olunmamış vəsaiti hesabına təmin edir. Bu bəndin ikinci cümləsində qeyd olunanlar mümkün olmadıqda, Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan xərc maddələri istisna olmaqla, digər xərclər hesabına kommunal xidmətlərə görə borcun (limitdən artıq istifadə olunan kommunal xidmətlər də daxil olmaqla) ödənilməsini təmin edir.      

3.6. Bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq, istehlakçının kommunal xidmətlərin göstəricilərinın artırılması (müvafiq limit çərçivəsində və müvafiq maliyyə təminatı olduqda) nəzərdə tutulduqda, istehlakçı tərəfindən bu barədə təchizatçıya müraciət edilir və kommunal xidmətin alqı-satqı müqaviləsinə müvafiq qaydada əlavələr edilir.

 

4. Hesabatın təqdim edilməsi

 

4.1. Hər il yanvar-iyun ayları üzrə 1 iyul vəziyyətinə və iyul-dekabr ayları üzrə 1 yanvar vəziyyətinə olmaqla, “Faktiki istehlak olunan kommunal xidmətin həcmi barədə üzləşmə aktı”  (2 nömrəli əlavə) 1 (bir) ay müddətində istehlakçı ilə təchizatçı arasında qarşılıqlı şəkildə təsdiq edilərək həmin şəxslər tərəfindən aidiyyəti üzrə baş sərəncamçıya və ya müvafiq ərazi üzrə baş sərəncamçının tabeliyində olan quruma və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına kağız və ya elektron daşıyıcılarda təqdim edilir;

4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq təqdim olunmuş icmal məlumatlar əsasında baş sərəncamçı və təchizatçı tərəfindən 1 (bir) ay müddətində ümumiləşdirilmiş hesabat (birbaşa maliyyələşdirilən hər bir müəssisə, idarə və təşkilat üzrə ayrı-ayrılıqda göstərilməklə) hazırlanır və təsdiq edilir.

 

5. Yekun müddəa

                                                

5.1. Büdcə təşkilatlarının müvafiq vəzifəli şəxsləri kommunal xidmətlərə olan tələbatın müəyyən olunmuş limitlərə uyğunlaşdırılmasını təmin etməli və həmin limitdən artıq kommunal xidmətlərdən istifadəsinə yol verilməməli, kommunal xidmətlərin istehlakı haqqını (limit nəzərə alınmaqla) vaxtında ödəməlidir.

 

 

 

“Büdcə təşkilatlarında kommunal

xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”na

 

      1 nömrəli əlavə

 

 

Kommunal xidmətin istehlakına görə limitdə dəyişikliyin

edilməsi zərurətinə dair birgə arayış

 

 

Kom-munal xidmə-tin

növü

Ölçü vahidi  (m3, qkal, kVt/s)

Təsdiq edilmiş

limit

Əlavə tələb

olunan limit

Tələb olunan limit nəzərə alınmaqla

yeni limit

Dəyi-şən

limitin

istifadə müd-dəti

(gün)

 

Limitin  dəyiş-məsinə

təsir edən

amillər

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

 

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         

İstehlakçının                                                         Təchizatçının

   rəhbəri                                                                     rəhbəri

 

 

 

“Büdcə təşkilatlarında kommunal

xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi ..........................Qaydası”na

 

     2 nömrəli əlavə

 

Faktiki istehlak olunan kommunal xidmətin həcmi barədə üzləşmə aktı

Kom-munal xid-mətin növü

 

Ölçü vahi-di (m3, qkal, kVt/s)

 

01.__

20_

ilə borc

20_ ilin _____ ayı üzrə göstəricilər

01.__

20_

ilə borc

Qeyd

il üçün təsdiq edilmiş limit

hesabat dövrü ərzində faktiki istehlak

01.____  

20_

ilə artan yekunla                faktiki istehlak

01.____

20_

ilə  istifadə edilməmiş limit

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

məb-ləğlə (ma-natla)

miq-dar ifadə-sində

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

İstehlakçının                                                          Təchizatçının

    rəhbəri                                                                     rəhbəri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə