Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rus Dram Teatrının səhnəsində “Şeytan əməlləri” tamaşasının premyerası olub

Rus Dram Teatrının səhnəsində “Şeytan əməlləri” tamaşasının premyerası olub

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Şeytan əməlləri” tamaşasının premyerası olub.

Xalq yazıçısı Elçin jurnalistlərə müsahibəsində öz təəssüratlarını bölüşüb. O deyib: “Uzun illərdir ki, mən Azərbaycan və rus dram teatrlarının kollektivləri ilə sıx əməkdaşlıq edirəm. Bu teatrlar mənim pyeslərim üzrə yüksək səviyyədə tamaşalar hazırlayır. Rus Dram Teatrında əvvəllər mənim pyeslərim əsasında 7-8 tamaşa səhnəyə qoyulub. “Şeytan əməlləri” mənim son əsərlərimdən biridir. Bu, absurd janrında yazılmış ilk pyesin quruluşudur. Bu janr incəsənətdə ayrıca müstəqil istiqamətdir. Tamaşaya quruluşu Finlandiyada yaşayan istedadlı rejissor Kamran Şahmərdan verib. Biz əməkdaşlıq üçün onu müntəzəm olaraq dəvət edirik. O, həmçinin mənim eyniadlı pyesim əsasında səhnələşdirilmiş “Cəhənnəm kirayənişinləri” tamaşasının quruluşçu rejissorudur”.

Rejissor Kamran Şahmərdan jurnalistlərə tamaşa üzərində iş prosesindən danışıb: “”Şeytan əməlləri” əsərində əbədi və bütün zamanlar üçün aktual olan xeyir və şər mövzusu qaldırılır. Absurd janrı Azərbaycan teatrı üçün yenidir. Biz çox çalışıb, çox düşünmüşük. Mən Elçinin yaradıcılığına ilk dəfə deyil ki, müraciət edirəm və əminəm ki, bu tamaşa da uğur qazanacaq”.

Sonra tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Şeytan əməlləri” tamaşası nümayiş etdirilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 12:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin