Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quşları askaridioz xəstəliyindən qoruyun

Quşları askaridioz xəstəliyindən qoruyun

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən parazitar xəstəliklərdən biri də toyuqların askaridiozudur. Bu xəstəliyin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə biləcək askaridioz xəstəliyinin qarşısını almış olarlar.

Qeyd edək ki, askaridioz xəstəliyinə ev toyuqları, hind toyuqları, quluxarlar və bəzən qazlar və ördəklər də tutulurlar. Amma, ən çox cücələr həssasdırlar. Bir yaşdan yuxarı toyuqlar yaxşı yemləndikdə və bəsləndikdə askaridioz xəstəliyinə yoluxmurlar. Askaridlər toyuqların bağırsağında 9-12 ay yaşayır və xarici mühitə tökülməklə ilin isti aylarında 6-6,5 aya qədər yaşaya bilirlər.

Askaridiozun baş verib yayılmasına quşların saxlanma, bəslənmə texnologiyası da təsir göstərir. Qəfəslərdə saxlanan quşlar yaşından asılı olmayaraq helmintlərlə yoluxmurlar.

Askaridilə yoluxmadan 10-14 gün sonra cücələrin pipiyi solğunlaşır, selikli qişalar anemiyalaşır. Həzm prosesi pozulur, qəbizlik və ya ishal baş verir, qanadları aşağı düşür. Cücələr arıqlayırlar, zəifləyir və xəstəliyin 14-cü gününədək tələf olurlar. Yemdə A və B vitaminlərinin çatışmaması cücələrin askaridioza qarşı müqavimətini azaldır və onlar daha tez yoluxurlar.

Adi quşçuluq fermalarında askaridiozun geniş yayılması üçün daha əlverişli şərait olduğuna görə belə təsərrüfatlarda vaxtlı-vaxtında profilaktika tədbirləri aparılmalıdır. Gəzinti sahələri və quş damları təmiz saxlanmalı, quş damlarının döşənəkləri quru olmalıdır.

Döşənəklər və quşların ifrazatı biotermiki və termiki üsulla zərərsizləşdirilməlidir. Binalar və avadanlıqlar müntəzəm olaraq dezinfeksiya edilməlidir. Toyuqlarda askaridioz və heterakidoz xəstəlikləri çox vaxt yanaşı baş verir. Buna görə də askaridlərə qarşı müvafiq dərman preparatları qarışıq formada tətbiq edilir. Bu dərman qarışığı ən çox yoluxma dövründə quşlara həftədə bir dəfə yemlə yedizdirilir.

Xəstəliyin qarşısını almaq məqsədilə cavan quşlar mütləq dehelmintizasiya edilməlidir. Profilaktik-müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşlarda ümumi halsızlıq zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

16 2019 11:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin