Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mədəniyyətimizin inkişafında yeni mərhələ

Milli mədəniyyətimizin inkişafında yeni mərhələ

Mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti ölkəmizin inkişafının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bunu mədəniyyətimizin bütün sahələrində aydın hiss etmək mümkündür. Azərbaycanda keçirilən son Prezident seçkilərindən sonra dövlətimizin xüsusi qayğı və diqqəti sayəsində mədəni həyatımız tamamilə yeniləşib. 

Son bir ildə mədəniyyət sahəsində idarəçilik sistemi əsaslı şəkildə təkmilləşdirilmiş, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində mühüm uğurlar qazanılmış, beynəlxalq mədəni əlaqələr genişlənmişdir. Prezident İlham Əliyev ötən bir il ərzində mədəniyyətin tərəqqisinə xüsusi diqqət yetirmış, bir sıra fərman və sərəncamlar imzalamışdır. 2018-ci il aprelin 20-də Prezidentin imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bununla əlaqədar nazirliyin strukturunda müəyyən islahatlar aparılıb.
Ölkəmizdə mədəniyyətin inkişafı və dünyada təbliği ötən il daha intensiv xarakter almışdır. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi etmişdir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi”nin 10 illiyinin qeyd olunmasına hazırlıq işləri yüksək səviyyədə həyata keçirilmişdir. VI Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunmuşdur. 
Xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam etmişdir. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi Yallı (Köçəri, Tənzərə) və Naxçıvanın ənənəvi qrup rəqsləri Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 
2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq, il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər, nazirliyin dəstəyi ilə Azərbaycanda, həmçinin xarici ölkələrdə bir sıra konsert proqramları təşkil olunub. Mayın 28-də bu münasibətilə “Crystal Hall” da möhtəşəm konsert proqramı keçirilib. “Bölgələrdən-- bölgələrə” yaradıcılıq festivalı da AXC-nin 100 illiyinə həsr olunub.
Dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlayaraq həyata keçirib. Sumqayıt və Mingəçevir dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi, Qara Qarayev, Gülxar Həsənova, Mehdi Məmmədov, İmran Qasımov, Həsən Məmmədov, Həsən Turabov, Elza İbrahimova, İsa Muğanna, Mikayıl Müşfiq və Aşıq Şəmşirin ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq yubileyləri qeyd olunub. Fransanın nüfuzlu “Metso” televiziyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə əlaqədar silsilə verilişlər, konsertlər nümayiş etdirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması istiqamətində mühüm işlərdir.
SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunmuş Bakı Ekspo Mərkəzində böyük sərgisini də ötən bir ilin mühüm mədəniyyət hadisəsi kimi qeyd etmək lazımdır.
Gəncədə Şah Abbas karvansarasının, Sabunçu rayonundakı Hacı Şəhla məscidində və bir sıra digər mədəniyyət obyektlərində təmir işləri də yekunlaşıb, Şəkidə Gileyli məscidində bərpa işləri isə davam etdirilir.
Kitaba marağın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Azərbaycan kitabının dünyada tanıdılması layihəsi üzrə işlər davam etdirilib.Ölkəmiz Beynəlxalq Kitab sərgilərində fəal iştirak edib.
2019-cu ilin ötən dövrü ərzində bu istiqamətdə daha intensiv addımlar atılmağa başlanmışdır. Cənab Prezidentin bu yaxınlarda bir qrup mədəniyyət xadimi ilə görüşü inkişafa yeni stimul verdi. Dövlət başçısı həmin görüşdə ölkədə həyata keçirilməyə başlayan islahatlardan danışdı və qeyd etdi ki, bu ilin əvvəlindən keçən dövr ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Bu görüşün başlıca məqsədi incəsənət xadimləri ilə mədəniyyət sahəsində islahatlarla bağlı fikir mübadiləsi aparmaq və bundan sonra görüləcək işlərin istiqamətini müəyyənləşdirmək idi. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim.
Tarixi əhəmiyyətli bu görüşdə iştirakçılara tam sərbəstlik verilmişdi və hər bir mədəniyyət və incəsənət xadimi öz sahəsinin problemləri barədə məlumat verdi. Görüşdən dərhal sonra Prezident səslənən problemlərlə bağlı sərəncamlar, göstərişlər verdi.
Dövlət başçısının bu il martın 1-də “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı sərəncamla milli kino sənətimizin inkişafına böyük töhfə vermiş oldu. Həmin sərəncamla Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılırdı. Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər müəyyənləşdirildi. 
Dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrıldı.
Bu il martın 4-də dövlət başçısı “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda deyilir ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulurdu. 
 Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncam milli mədəniyyətimizin inkişafına dövlət qayğısının daha bir bariz nümunəsidir. Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılıb.
Regionların da mədəni həyatı əsaslı şəkildə dəyişmişdir. Yeni mədəniyyət müəssisələri inşa olunmuş, əvvəlkilər təmir edilərək yenidən istifadəyə verilmişdir. Rayon mərkəzlərində parklar, xiyabanlar salınmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ötən bir il ərzində mədəni həyatımız daha da zənginləşmiş, dövlətimizin davamlı dəstəyi ilə Azərbaycanın mədəni həyatı yeniləşmişdir. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə