Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Bakı Konfransı qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm platformadır

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Bakı Konfransı qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm platformadır

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirak edir. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
Baş nazirin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu konfransın ölkəmizdə təşkili ilə bağlı göstəriş verdi və Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı.
Konfransın təşkilinə müxtəlif dövlət qurumları ilə yanaşı, könüllülərin də cəlb olunduğunu diqqətə çatdıran Baş nazirin müavini Bakı konfransı çərçivəsində gənclərlə görüşlərin, eləcə də digər tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. 
Narkotiklərlə Mübarizə Assosiasiyasının rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon bildirib ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada bu dövriyyəni həyata keçirən mütəşəkkil cinayətkar qruplara qarşı qəti mübarizə aparılır. Təmsil etdiyim Narkotiklərlə Mübarizə Assosiasiyası bu işə mühüm töhfə verir. Bu sahədə uğur qazanmaq üçün bütün ölkələrin birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır. Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın (IDEC) da bu baxımdan əhəmiyyəti böyükdür.
Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən U.Dillon ölkə ərazisinə narkotik vasitələrin əsasən cənub istiqamətindən daxil olması ilə bağlı suala cavabında deyib: “Bu məsələ də Bakı konfransının qarşısında duran əsas mövzulardan biridir. Konfransın məqsədi mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, bu mübarizənin yolları və üsullarını müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə etməkdir. Bütün bu məsələlər konfrans çərçivəsində təşkil olunacaq regional sessiyalarda müzakirəyə çıxarılacaq”.
Qonaq qeyd edib ki, Narkotiklərlə Mübarizə Assosiasiyası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əziyyət çəkən ölkələrə və bölgələrə yardım göstərməyə çalışır. Bu məqsədlə kiçik regional koalisiyaların yaradılması ilə birgə tədbirlərin görülməsi və fəaliyyətin əlaqələndirilməsi böyük səmərə verir. Çünki narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə yalnız birgə əməkdaşlıq şəraitində həyata keçirilə bilər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda gömrük sistemi qabaqcıl ölkələrdə tətbiq olunan avadanlıqla təchiz edilib. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, bütün sərhəd-keçid məntəqələrində gömrük sistemində xüsusi rentgen qurğuları və modern avadanlıq quraşdırılıb. Amma buna baxmayaraq, narkotik vasitələrin tranzit keçirilməsi və idxalı hər zaman gözlənilən risk kimi ölkədən və marşrutdan asılı olmayaraq diqqətlə nəzarətdən keçirilir. Azərbaycan dövləti və Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərir.
Səfər Mehdiyev qeyd edib ki, hökumətin bütün qurumları ilə yanaşı, gömrük sərhəd-keçid məntəqələri tam müasir avadanlıqla təchiz olunur. Biz bu layihələri Narkotiklərlə Mübarizə Assosiasiyasının və ABŞ-ın dəstəyi ilə həyata keçiririk. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının nəticəsində ən müasir rentgen qurğuları və avadanlığı ölkəmizə gətirilərək sərhəd-keçid məntəqələrində quraşdırılır. Eyni zamanda, potensialın gücləndirilməsi, Komitənin Kinoloji Mərkəzinə Dünya Gömrük Təşkilatının Regional Mərkəzi statusunun verilməsi və s. tədbirlər uğurlu bəhrəsini verir. Təsadüfi deyil ki, il ərzində aşkarlanan 1,7-1,8 ton narkotik vasitənin, demək olar ki, yarısı sırf bizim təlim keçmiş xüsusi təyinatlı itlərimiz tərəfindən müəyyənləşdirilib.
Xatırladaq ki, aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

 

 

15 2019 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Aprel 2019 | 12:35
Sabirabadda “Oxu günü”

Ən son xəbərləri səhifəmizdən də izləyin