Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin adını daşıyan rayonda “Nəsimi ili” tədbirlərinə start verildi

Nəsiminin adını daşıyan rayonda “Nəsimi ili” tədbirlərinə start verildi

Nəsimi Rayon İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən “Məndə sığar iki cahan...” adlı ədəbi-bədii kompozisiya ilə milli ədəbiyyatımızın ölməz klassikinin adını daşıyan rayonda Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunmuş “Nəsimi ili” tədbirləri start götürdü. 

Rayon, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazisindəki ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, ictimaiyyət, nümayəndələrinin iştirak etdiyi mərasim Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin Nəsimiyə həsr etdikləri ədəbi-bədii kompozisiya ilə başlandı.
Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, dünya mədəni sərvətlər xəzinəsində layiqli yer tutan Nəsimi yaradıcılığı son 50 ildə ölkəmizdə ictimai-mədəni və elmi-ədəbi fikrin diqqət mərkəzində olmuşdur. Şairin zəngin irsinin geniş, dərindən tədqiqi və təbliğinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızda və dünya miqyasında Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxtdan başlanmışdır. 1979-cu ildə paytaxtın şairin adını daşıyan rayonunda Nəsiminin əzəmətli heykəli ucaldılmışdır. Prezident İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamları bəşəri ideallar carçısı olan şairin dünyaya yüksək səviyyədə təqdim edilməsi üçün geniş meydan açmışdır. 
Qeyd edildi ki, hər iki sərəncamla bağlı şairin adını daşıyan rayonda da geniş və məzmunlu tədbirlər planı hazırlanmışdır. Azərbaycan xalqının çoxəsrlik ənənələri olan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini rayonda gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılamaq üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Rayonda şairin yaradıcılığı əsasında şeir, musiqi, rəsm, ədəbi-bədii kompozisiya və referat müsabiqələri elan edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Yaqub Babayev dahi Nəsiminin həyat və yaradıcılığı barədə geniş məlumat verdi, onun bəşəri məzmunlu, humanist ideyalı yaradıcılığının bütün dünyada xalqımıza şöhrət gətirdiyini vurğuladı.
Sonda ADPU-nun xor kollektivinin ifasında Nəsimi irsindən qaynaqlanan populyar musiqilər səsləndi.

R.TAHİR, “Xalq qəzeti”

15 2019 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə