Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçənin söz heykəlini yaradan sənətkar

Göyçənin söz heykəlini yaradan sənətkar

Tanınmış publisist-şair, tədqiqatçı-yazıçı Eldar İsmayıl qədim, şanlı tarixi olan ədəbiyyatımızın ecazkar şeir ənənələrindən, ilk növbədə, təkrarolunmaz Göyçə ədəbi irsindən qidalanaraq onları yaşadan, inkişaf etdirən, öz ilhamlı yaradıcılığı ilə zənginləşdirən istedadlı, fədakar söz ustalarımızdandır. 

Ömrünün müdriklik, fəaliyyətinin kamillik dövrünü məhsuldar yaradıcılığa həsr etmiş Eldar müəllim mövzuca aktual, formaca rəngarəng və məzmunca dolğun əsərlərində doğma Vətən, Türk dünyası, xalqımızın yüksək mənəvi aləmi ilə bağlı dəyərləri dərindən və əhatəli əks etdirmişdir. Sənətkar “Zülmətdə parlayan qılınc”, “Səttaroğlu”, “Göyçənin qisası qalır” kimi tarixi-sənədli romanlarında Qərbi Azərbaycan türklərinin tarixinin, insanlarının həyatının, onların varlığına qənim kəsilmiş erməni işğalçılarına qarşı mübarizəsinin bədii salnaməsini yaratmaqla ədəbiyyatımızda bu mövzuya zənginlik gətirmişdir. “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Qərbi Azərbaycan, Göyçə-- erməni işğalı” əsərlərində isə şair-publisist azərbaycanlıların öz tarixi torpaqlarında davamlı soyqırımı və deportasiyası ilə bağlı erməni cinayətlərini dəqiq tarixi sənədlərə, faktlara, ədalətli məntiqə əsaslanaraq açıb göstərmişdir.

Onun “Aşıq Ələsgər” mənzum pyesi aşıq poeziyasının zirvəsi olan Dədə Ələsgərə həsr olunmuş onlarca dastan, poema və şeirlər içərisində layiqli yer tutur.

Xəlqilik, vətənpərvərlik hissləri Eldar İsmayıl yaradıcılığının ana xəttini təşkil edir. Onun əsərlərində Türk dünyasının şərəfli keşmişi, onun bugünkü narahat taleyi dinclik arayan bir ümman kimi dalğalanır. Şair doğma Azərbaycanımızın hər iki tayına, sevimli Təbrizimizə, bir olan millətimizin ikinci dövləti saydığımız Türkiyəyə sonsuz məhəbbətini silsilə poema və şeirlərində, eləcə də bu yaxınlarda işıq üzü görmüş “Mən Təbrizdən necə doyum” kitabında dönə-dönə ilhamla ifadə etmişdir. Eldar İsmayıl bu topluda yer almış “Ey əlli milyonluq Azərbaycanım” şeirində bütöv Vətənin ululuğunu və əzəmətini tərənnüm etmişdir:

Təbrizli, Gəncəli ulu məmləkət,

Mən sənə harayım, ünüm deyəcəm...

Onda Zəngəzura, qədim Göyçəyə,

İlkin Qəmərliyə mənim deyəcəm!

İnşallah, belədi eşqim, gümanım!

Ey əlli milyonluq Azərbaycanım!

Milyonlarla Vətən övladının taleyi ilə yaşamağı, onların sevincini, dərd-sərini, nisgilini, faciəsini özününkü kimi qəbul etməyi ədəbi-bəbii faaliyyətinin basılıca yönünə çevirmiş Eldar İsmayıl bu gün yaxın-uzaqlarda məhz vətəndaş yazar kimi tanınır və sevilir. Qədim Göyçədə doğulub- böyümüş, gənclik illərində burada yazıb-yaratmış, el-obasıyla birgə qaçqınlıq taleyi yaşamış şairin ümumi yaradıcılığında da Göyçə mövzusu üstün yer tutur. Onun “Ulu Göyçə” poeması ədəbi bir hadisədir.

Göyçə mühitini, təbiətini, insanlarını, danışıq tərzini və bədii təfəkkürünü az-çox bilən, o mahalın vurğunu olan övladı kimi əminliklə deyirəm: heç kəs Göyçə mahalının təbiətini, aşıqlarını, şairlərini, tanınmış dövlət, elm, mədəniyyət xadimlərini, igidlərini Eldar İsmayıl qədər tanıya və tanıda bilməmişdir. Onun əsərlərində Göyçənin kəndləri, oylaqları, yurd yerləri, dağları, qayaları, təpələri, gədikləri, gölləri, çayları, bulaqları, çəmənləri, çiçəkləri, saz havaları və s. ümumilikdə mükəmməl bədii ensiklopediya səciyyəsi daşıyır.

Bu poema Göyçə ədəbi irsi ənənəsindən qaynaqlanan, Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman kimi onlarca bədii söz xiridarlarının məktəbindən dərs alan və bu yolu yorulmadan davam etdirən Eldar İsmayılın bədii yaradıcılığının zirvəsidir. Şairin canından əziz bildiyi Göyçəsinə, onun adi insanlarına sevgisi, məhəbbəti atəşli və sonsuzdur:

Ulu Göyçə, məlhəm olum yarana,

Canım qurban möhnət dağın yarana!

İnanma ki, Eldar bir də yarana,

Bir ömürü “Vətən” deyib əritdi,

Söz atını “millət” deyib səyritdi.

Məncə, o yalnız "Ulu Göyçə" poemasını yazmış olsaydı da coşğun ilhamlı bir şair kimi tanınardı. Eldar İsmayıl bu poema ilə başı dağlar qoynundakı Göyçəyə xəyallarımızın zirvəsində bədii bir abidə qoymuşdur.

 “Sən məni aldada bilməzsən, Dünya” adlı şeirində Eldar İsmayıl insanların, xalqların faciələri, dünyada baş verən ədalətsizliklər, güclülərin haqsızlıqları ilə bağlı duyğu-düşüncələrini qələmə alıb. Bu səpgili poetik nümunələrinin əksəriyyətində olduğu kimi, şair bu şeirində də bədii qənaətlərini ümumiləşdirərək öz eli, xalqı adından danışır:

İçimə kül səpib, od bitirmişəm,

Ömür itirmişəm, gün itirmişəm.

Mən səndən bir yeyib, beş götürmüşəm,

Sən məni aldada bilməzsən, Dünya!

Göründüyü kimi, ədibin Vətən, Torpaq kimi müqəddəs məfhumlarla, milli-mənəvi dəyərlərimizlə bağlı problemlərə vətəndaş münasibəti fəal və kəsərlidir.

Eldar İsmayıl olduqca duyğusal şairdir. O, bədii sözü göyərdib- bara yetirməyə qadir yazarlardandır. Şair qanadlı sözün gücüylə insanların qəlbində uca duyğular, dərin mənalar yaratmağı asanlıqla bacarır. Əsl şairin gücü də məhz bundadır.

Eldar İsmayıl həssas, kövrək qəlbli bir şair kimi bu gün də həmişəyaşar sevgini tərənnüm edir, onun şeirlərində, sanki, sevən bir gəncin ürək çırpıntıları səslənir.

Şairin dilinin zənginliyi, axıcılığı, təbiiliyi və səmimiyyəti qəlblərə yol açır, oxucularda məmnunluq yaradır:

Çölüm kürə, Eldar, içim ayazdı,

Tanrı dedim, taleyimi o yazdı...

Məni məndə tapmısansa o azdı,

Məndən yana bir dünya var – o mənəm!

Sevimli sənətkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıram. Ulu Yaradandan diləyim odur ki, bizi tezliklə doğma Göyçəmizdə görüşdürsün!

Ələddin ALLAHVERDİYEV,
professor

Moskva

 

15 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə