Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İ.Nəsimiyə həsr olunmuş tədbir keçirilmişdir

İ.Nəsimiyə həsr olunmuş tədbir keçirilmişdir

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə, təşkilatın sədr müavinləri Tünzalə Teymurova, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Əpoş Vəliyev (Elyar İslamoğlu) Savalan yaşayış massivindəki 28 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı tədbirdə iştirak etmişlər.

Məktəbin direktoru Qənirə Əmircanova çıxış edərək, İ.Nəsimi poeziyasının fəlsəfəsi haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Məktəbin şagirdləri Nəsiminin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

“Nəsimi” filmində baş rolun ifaçıları Xalq artistləri Rasim Balayev, Şeyx Əbdül Mahmudov, Əməkdar artist Xalidə Quliyeva çıxış edərək “Nəsimi” filminin çəkilişi haqqında maraqlı söhbətlər etmişlər. Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov Nəsiminin qəzəllərini ifa etmişdir. 

Könül Məmmədzadə çıxış edərək, milli mənəvi dəyərləri təbliğ etdikləri, Azərbaycanın dahi şairi haqqında gözəl tədbir hazırladıqları üçün 28 nömrəli məktəbin direktoru Qənirə Əmiraslanovaya təşəkkür etmiş və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının dostu kimi onu təşəkkürnamə ilə təltif etmişdir.

BDAT-nın sədr müavini, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslamoğlu) “Nəsimi yaradıcılığı və folklor” mövzusunda çıxış edərək, şagirdlərə tariximizi və folklorumuzu dərindən öyrənməyi tövsiyyə etmiş, ölkəmizi daha da inkişaf etdirmək üçün savadlı, bilikli gənclərə ehtiyac olduğunu diqqətə çatdırmış, məktəb kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 

Sonra “Füyüzat” jurnalının əməkdaşları çıxış etmiş nəsimi qəzəllərinin fəlsəfi mahiyyətindən söz açmışlar.

Tədbirdən sonra çay süfrəsi ətrafında müzakirələr aparılmışdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 12:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə